“Orta ümumtəhsil məktəblərində fənlərin sayını azaltmaq lazımdır” - TƏHSİL EKSPERTİ DANIŞDI
“Son 7-8 ildə Azərbaycan təhsilinin məzmun sahəsi dəyişdirilib. Səbəb də şagirdlərin yaş xüsusiyyəti və psixologiyası nəzərə alınmadan daxil edilən materiallardır. 2007 – 2008-ci tədris ilindən Azərbaycan təhsil sistemində ibtidai siniflərdən başlayaraq kurikulum tətbiq olunmağa başlayıb”. Bu sözləri SİA-ya açıqlamasında təhsil üzrə ekspert Kamran Əsədov deyib.
Onun sözlərinə görə, kurikulumun mənası yeni yol deməkdir: “Bu proqramda dərsliyin məzmununda yenilənmə zamanın tələbidir. Çünki dərsliklərimizin məzmununda yenilənməyə ehtiyac var. Ancaq bu məzmun ibtidai sinif şagirdlərinin və onlara evlərdə dərslərini hazırlamaqda kömək edən valideynlərin qəbul edəcəyi, anlayacağı səviyyədə olmalıdır. Buna görə də dərslərdə, dərs proqramlarında ağırlıq yaranır. Ən çox çətinlik törədən amillərdən biri də kurikulum yeniliyidir ki, bu, təhsildə daha da ciddi ağırlaşmalara səbəb olub. Üstəlik kurikulum dərsliklərini tərtib edənlərin kurikulumun mahiyyətini bilməməsi həm şagirdlərə, həm də müəllimlərə çətinlik yaradır. İlbəil kurikulum tətbiq edərək təhsili geriyə doğru aparır, nəsillər arasında bilik uçurumu yaradır.
Bəzi dərsliklərdə çətin məsələ-misallardan, ibtidai siniflər üçün istifadə olunan dərsliklərdə şivədən, dialekt sözlərdən, uşaqların qavraya bilməyəcəyi şeirlərdən çox istifadə edirlər. Bu da dərsliklərimizin dilinə ağırlıq, akademiklik gətirir. Dərslik elə tərtib edilməlidir ki, uşaq bu dərsliyi bağlayıb kənara itələməsin, əksinə, sevsin. İbtidai sinif şagirdi kitabı üçün darıxmalıdır. Onları sevə-sevə açmalıdır. Ancaq təəssüf ki, bizdə bu baş vermir.
Problemin həllini üçün, istifadə olunun dərsliklərin seçimində yaxşını ancaq onda əldə etmək olar ki, alternativlər olsun. Məsələn Gürcüstanda birinci sinif üçün 5-6 dərslik var. Bizdə isə orta məktəblərdə ancaq bir dərslikdən istifadə olunur, deyirlər ki, bundan başqa heç bir dərslik ola bilməz, ona görə də təhsilimiz, dərsliklərimiz bu gündədir. Gürcüstanla yanaşı Almaniya, Türkiyə, ABŞ və başqa bir çox ölkədə çeşid-çeşid dərsliyin içindən biri seçilir, təsdiqlənir. Yəni nazirlik alternativ dərsliklər istifadəyə buraxır, ən uyğun olanı məktəb, müəllim özü seçir.
Orta ümumtəhsil məktəblərində ümumi orta təhsil səviyyəsi üzrə tədris olunan fənlərin sayı 17-ə qədərdir ki, bu da kifayət qədər çoxdur. İbtidai siniflərdə isə bu fənlərin sayı 11-dir ki, bu da dünyada qəbul edilmiş normalardan çoxdur. Hesab edirəm ki, fənlərin sayını azaltmaq lazımdır. Bundan başqa, Avropa və Amerikada olan dərslik yazma təcübəsindən istifadə etmək lazımdır. Dərsliklər nəşriyyatlar yazmalı deyil, ayrıca dərslik agentliyi yaradılmalı, bir neçə alternativ dərsliklər yazılmalı, seçimi isə məktəblərin, fənn müəllimlərinin ixtiyarına buraxmaq lazımdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə