Sovet yoxsa müasir təhsil - HANSI ÜSTÜNDÜR? - TƏHSİL EKSPERTİ BİLDİRDİ

"Ümumiyyətlə, sovet təhsili ilə müasir təhsili qarışdırmaq və ya müqayisə etmək olmaz. Məsələ ondan ibarət deyil ki, bir dövrün təhsili zəif digərininki güclüdür. İki dövr arasındakı təhsil ayrı-ayrı təhsil nəslinə aiddir. Uzun müddət dünyada yaddaş təhsili mövcud oldu. Yəni, təhsil alanlar yalnız informasiya ilə yüklənir, informasiya tutumunun dərəcəsinə görə qiymətləndirilirdilər. Test üsulu uzun müddət məhz bu cür fəaliyyət göstərdi. Daha sonra suallarda analitika, təfəkkür, analiz kimi meyarlar meydana çıxdı". Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Elmin Nuri deyib.

Onun sözlərinə görə, yaddaş təhsili əsasən insanı faktla zənginləşdirir, sonra isə həmin faktlardan istifadəni xarakterizə edirdi: "Sovet dövründə məhz bu yaddaş təhsili hökm sürürdü. Bu, əsasını Fransa təhsilindən götürür. Klassik Fransa təhsili ustad-şagird prinsipi ilə fəaliyyət göstərirdi. Ustadın işi düşündürmək deyil, lazım gəlsə əzbərlətməklə qarşısındakına ötürmək idi. Sovet dövrünün dərsliklərinə fikir versək görərik ki, onun əsas funksiyası şagirdi izafi informasiya ilə yükləməkdən ibarət olub. Şagird yalnız özünə lazımlı informasiyanı götürərək ondan yararlanmaqdan hər zaman uzaq olub. Sovet təhsilinin mənfi cəhəti bundan ibarət idi. Biz elm və təhsili qarışdırmamalıyıq. Elm tədqiqat işidir. Təhsil isə tamam ayrı bir sferadır. Sovet dövrünün alimləri kimya, fizika, riyaziyyat istiqamətində inkişaf etmişdilər. Amma onlar əsasən tədqiqat meyarları yönündə hərəkət edirdilər".

Təhsil eksperti sovet təhsilini heç vaxt nümunəvi hesab etmədiyini bildirib: "Araşdırmalarımız nəticəsində sovet təhsilinin mahiyyətini az da olsa, bilirik. Müasir təhsil isə daha çox təfəkkürə, verilən informasiyalardan çıxış edərək analiz yürütmək bacarığına söykənir. Reallıq ondan ibarətdir ki, təhsilə baxış məhz bu sferadan doğrudur. Təhsil Avropa ilə müqayisədə Şərq və MDB ölkələrində ona görə geri qaldı ki, bizim təhsil düşündürməyə yox, informasiyaları kor-koranə mənimsətməyə yönəlmişdi. Bu gün sizi düşünməyə imkan yaratmayan informasiya tullantı hesab olunur. Yeni dövrün təhsil çağırışları bunun üzərində qurulur. Sovet təhsili iflas olmağa məhkum idi. Artıq üçüncü nəsil təhsil gəlir. Bu, tədqiqat təhsilidir. Bir çox ölkələrdə məktəblər artıq analitik təhsildən də bir pillə yuxarı qalxaraq şagirdlərə tədqiqat meyarlarını öyrədirlər. Belə bir təhsil ilə sovet təhsilini heç cür eyniləşdirmək olmaz".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə