Qeyri-ixtisas fənlərinin tədrisi nələrə səbəb olur? - MÜTƏXƏSSİS AÇIQLADI

"Hal-hazırda bizdə mövcud olan 50-dən çox ali təhsil müəssisəsi var. Eyni zamanda, 54-55 orta ixtisas təhsil müəssisəsi var ki, burada tələbələrin müvafiq olaraq təcrübə keçmək imkanları əksəriyyət universitetdə mümkün deyil. Yaxud onlara təcrübə imkanları cəmi 3 ay zaman kəsiyində yaradılır. Halbuki, biz başqa ölkələrə baxsaq, orada tələbələr 2-3-cü kursdan təcrübə keçirlər və müvafiq ixtisaslar üzrə bilik-bacarıqlarını formalaşdırırlar. Həmin tələbələr gələcəkdə əmək bazarına peşəkar bir mütəxəssis kimi çıxırlar. Təəssüflər olsun ki, bizdə bu imkanlar məhduddur". Bu sözləri SİA-ya açıqlamasında təhsil məsələləri üzrə ekspert Elçin Əfəndi deyib.

Onun sözlərinə görə, bəzi universitetlərin maddi təminat istiqaməti, infrastrukturu, tələbələrin laboratoriya şəraiit, kitabxanalarla təmin olunma zəifdir: "Bunlar hər bir-biri ilə əlaqəlidir. Qeyri-ixtisas fənləri burada bir o qədər önəm kəsb etmir. Çünki qeyri-ixtisas fənləri 1-2-3 sayda tədris olunur. Amma ümumilikdə öz ixtisasları və öz ixtisaslarına aid olan fənləri əldə etmələri, onlar üzrə təcrübə toplamaları vacibdir. Bizdə nəzəri biliklərə üstünlük verilsə də, nəzəri biliklə də ümumi nəticə əldə etmək mümkün deyil. Biz praktiki olaraq müəyyən bilikləıri tələbələrə mütləq aşılamalıyıq. Onun nəticəsində tələbə öz istiqamət üzrə müəyyən bilik və bacarıqlar əldə etdiyi zaman ixtisaslı kadr kimi formalaşa bilər. Əks halda, müəyyən problemlərlə üzləşəcəyik.

Barmaqla sayılacaq qədər az universitetlər var ki, bura Bakı Ali Neft Məktəbi, ADA universiteti, UNEC, ADNS və s. tələbələr müəyyən qədər təhsil alıb öz istiqaməti üzrə bilik-bacarıqlar əldə edə bilirlər. Amma bunu bütün universitetlərə şamil edə bilmərik.

Mən düşünürəm ki, tələbələrin daha peşəkar mütəxəssis olmaları üçün onlara ən azı ikinci kursdan təcrübə imkanları yaradılmalı, müvafiq qurumlarla universitetlərarası müqavilələr bağlanmalıdır ki, tələbələr orada təcrübə imkanları qazansınlar".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə