Payız fəsli ilə bağlı kənd təsərrüfatında hansı işlər həyata keçirilir? - QURUM RƏSMİSİ BİLDİRDİ

"Payız mövsümü kənd təsərrüfatının ən aktiv dövlərindən biridir. Məhsul yığımının ən aktiv dövrü məhz payız aylarına təsadüf edir. Bu mövsüm aqrar sahədə aktiv fəaliyyət bir neçə istiqaməti əhatə edir. Bu istiqamətlərdən pambıq yığımı, taxıl səpini və payızlıq əkinlərin Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində bəyanı prosesini xüsusi qeyd etmək olar". Bu fikirləri SİA-ya açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov bildirib.

O qeyd edib ki, artıq sahələrdə pambıq yığımına start verilib, bir neçə günə pambığın mexanikləşdirilmiş üsulla kütləvi yığımına başlanacaq: "Məhsul yığımı ərəfəsində Kənd Təsərrüfatı Nazirliyi tərəfindən bütün pambıqçılıq rayonlarını əhatə edən 4 regional müşavirə keçirilib, bu müşavirələrdə pambıq emalı və tədarükü şirkətlərinin rəhbərləri və 1000- dən artıq fermer iştirak ediblər. Müşvarilərdə məhsul yığımına son hazırlıq işləri müzakirə olunub. Ümumi mənzərə belədir ki, ötən illərdə olduğu kimi, bu il də sahələrdən məhsul yığımında problem olmayacaq. Yığımın 97 faizdən çoxu kombaynlar vasitəsilə həyata keçiriləcək. Hazırda respublikada 447 pambıqyığıan kombayn və 3085 ədəd traktor yedəyi var ki, bu da məhsulun yığımı və məntəqələrə daşınması üçün kifayət edir.
Pambıq yığımının hava şəraitindən asılı olaraq optimal müddətdə başa çatdırılması proqnozlaşdırılır. Sahələrdə aparılan monitorinqlər bu il bol məhsul olacağını söyləməyə əsas verir. Fermerlər becərmə işlərinə bu il xüsusi diqqət yetiriblər. Pambıqçılığın inkişafı məqsədilə görülən tədbirlər, tam məhsul subsidiyasına keçid, xam pambığın alış qiymətinin bir ildə iki dəfə artması fermerlər üçün əlavə stimul rolu oynayıb".

V.Hüseynov həmçinin bildirib ki, artıq dağlıq ərazilərdə payızlıq taxıl səpininə başlanıb: "Səpin prosesinin dekabrın ortalarına qədər davam etməsi gözlənilir. Hər il olduğu kimi bu il də təxminən 1 milyon hektar ərazidə taxıl əkini proqnozlaşdırılır. Səpin ərəfəsində fermerlərin keyfiyyətli, məhsuldar, sertifikatlı toxuma əlçatanlığını təmin etmək üçün respublikanın 10 bölgəsində toxum sərgi-satış yarmarkaları keçirilib. Bu günlərdə nazirliyin müvafiq skrukturları tərəfindən bölgələrdə, xüsusilə rayon mərkəzlərindən uzaqda yerləşən kəndlərdə səyyar toxum satışı həyata keçirikləcək. Eyni qaydada bölgələrdə səyyar gübrə satışlarının həyata keçirilməsi də nəzərdə tutulub.
Səpin prosesinin sürətlənməsi ilə paralel olaraq EKTİS-də əkinlərin bəyan edilməsi də davam edir. Prosesə sentyabrın 1-dən start verilib və əkinlərin bəyanı dekabrın 30-dək davam edəcək. Fermerlər əkin və torpaq məlumatlarını Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə daxil etməklə subsidiya almaq üçün müraciət etmiş olurlar. Bəyan edilmiş məlumatların monitorinqi başa çatdıqdan sonra 2023-cü ilin fevral-mart aylarında fermerlərə payızlıq əkinlərə görə subsidiyaların ödənişinə başlanacaq".

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə