Brent markalı neftin qiyməti son 7 ilin maksimum göstəricisinə çatıb

Ötən həftənin yekunlarına görə ABŞ-da enerji ehtiyatlarının artımı ilə bağlı rəsmi məlumatların açıqlanmasından sonra neft qiymətlərində artım kəskin sürətlənib.

SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, Londonun ICE Futures birjasında Brent markalı neftin mart fyuçersləri bir barel üçün 1,81 dollar (2,05faiz) artaraq 90,01 dollar olub. Brent-in qiyməti 2014-cü il oktyabrın 13-dən bəri ilk dəfə bir barel üçün 90 dolları ötüb.

Nyu-York birjasında (NYMEX) mart ayı üçün WTI fyuçerslərinin dəyəri bu dəfə 1,7 dollar (1,99 faiz) artaraq 87,3 dollar/barelə çatıb. WTI üzrə kotirovka da son 7 ildə maksimumdur.

ABŞ Energetika Nazirliyinin məlumatına görə, ölkədə kommersiya neft ehtiyatları ötən həftə 2,38 milyon barel artaraq 416,19 milyon barrelə çatıb.

Bu arada, əksər analitiklər neftə tələbin daha da artacağını gözləyirlər və bir sıra investisiya bankları, o cümlədən Goldman Sachs bu il Brent neftinin qiymətinin 100 dollar/barelə qədər artacağını proqnozlaşdırır.

Bütün xəbərlər Facebook səhifəmizdə