Kredit tətili mexanizmi Azərbaycanda tətbiq oluna bilərmi? - İQTİSADÇI AÇIQLADI
Son illər dünyada iqtisadi çətinliklərin artması bir çox insanın kredit ödənişlərində problemlərlə üzləşməsinə səbəb olub. Bir sıra ölkələrdə tətbiq olunan “kredit tətili” mexanizmi borcalanlara müəyyən müddət ərzində ödənişləri dayandırmaq və maliyyə vəziyyətlərini sabitləşdirmək imkanı yaradır. Bu sistem xüsusilə işsiz qalan, gəliri azalan və ya fövqəladə hallarla qarşılaşan şəxslər üçün mühüm dəstək hesab olunur. Bəs kredit tətili ölkəmizdə nə dərəcədə real və effektiv həll yolu ola bilər? Kredit tətili mexanizmi Azərbaycanda tətbiq oluna bilərmi? Bu imkan hansı kateqoriyadan olan borcalanlara şamil edilə bilər?
Məsələ ilə bağlı iqtisadçı Asif İbrahimov SİA-ya açıqlamasında bildirib ki, dünya iqtisadiyyatında müşahidə olunan qeyri-müəyyənliklər, inflyasiya təzyiqləri, əmək bazarında baş verən dəyişikliklər və ayrı-ayrı sektorlarda gəlirlərin azalması kredit öhdəliklərinin icrasında müəyyən çətinliklər yaradır:
"Bu baxımdan, bir sıra ölkələrdə tətbiq olunan kredit tətili mexanizmi borcalanların maliyyə yükünün müvəqqəti yüngülləşdirilməsi üçün istifadə edilən alətlərdən biridir. Dünya təcrübəsində kredit tətili anlayışı əsasən iqtisadi böhranlar, pandemiyalar, təbii fəlakətlər və digər fövqəladə hallar zamanı tətbiq olunur və müvəqqəti dəstək mexanizmi kimi istifadə edilir. Məqsəd maliyyə çətinliyi ilə üzləşən borcalanların kredit öhdəliklərini yerinə yetirə bilməməsi nəticəsində yarana biləcək sosial və iqtisadi riskləri azaltmaqdır.
Bu təcrübə dünyanın müxtəlif ölkələrində tətbiq olunub. Xüsusilə COVID-19 pandemiyası dövründə Böyük Britaniya, Almaniya, Fransa, İspaniya və Kanada kimi ölkələrdə vətəndaşlara və biznes subyektlərinə 3 aydan 12 aya qədər kredit ödənişlərini təxirə salmaq imkanı yaradılmışdı. ABŞ-da da xüsusilə ipoteka kreditləri üzrə belə proqramlar hazırlanmış, borcalanlara müəyyən müddət ərzində ödənişləri dayandırmaq və ya azaltmaq imkanı verilmişdi. Sonradan həmin öhdəliklər kredit müddətinin sonuna əlavə edilmişdi.
Avropa İttifaqında kredit tətili proqramları əsasən tənzimləyici qurumların koordinasiyası altında həyata keçirilir və güzəştlər yalnız maliyyə çətinliyi rəsmi şəkildə təsdiqlənən şəxslərə şamil olunur. Türkiyədə də oxşar yanaşmalar mövcuddur. İqtisadi çətinliklər və təbii fəlakətlər zamanı kreditlərin restrukturizasiyası, ödəniş müddətlərinin uzadılması və əsas borcun müəyyən müddətə təxirə salınması təcrübəsindən istifadə olunub. Xüsusilə son illərdə Türkiyədə baş vermiş dağıdıcı zəlzələdən sonra zərər çəkmiş sahibkarlıq subyektləri və borcalanlara bu cür güzəştlər tətbiq edilmişdi.
Azərbaycanda da kredit tətili mexanizminin tətbiqi nəzəri baxımdan mümkündür. Lakin bu, daimi xarakter daşıyan bir alət deyil. Daha çox xüsusi iqtisadi şəraitdə və ya fövqəladə hallarda tətbiq edilən mexanizm kimi nəzərdən keçirilməlidir. Belə bir proqramın tətbiqi zamanı iş yerini itirmiş, gəlirləri kəskin azalmış, əmək qabiliyyətini müvəqqəti itirmiş və ya təbii fəlakətlərdən, digər fors-major hallardan zərər çəkmiş şəxslərə üstünlük verilməsi məqsədəuyğun olardı. Yəni beynəlxalq təcrübənin Azərbaycana tətbiqi zamanı yerli reallıqlar mütləq nəzərə alınmalıdır.
Azərbaycanda problemli kreditlərin yaranmasının əsas səbəbi əksər hallarda vətəndaşların işsiz qalması və ya fövqəladə hadisələr deyil. Daha çox müşahidə olunan problem əhalinin gəlirləri ilə xərcləri arasında yaranan balanssızlıqdır. İstehlak yönümlü borclanmanın yüksək olması və ailə büdcəsinin düzgün planlaşdırılmaması problemli kreditlərin artmasına səbəb olur.
Azərbaycanda kütləvi ixtisarlar və ya insanların geniş miqyasda iş yerlərini itirməsi halları müşahidə olunmur. Halbuki dünya praktikasında kredit tətili əsasən məhz belə hallarda tətbiq edilir. Azərbaycanda isə daha çox əhalinin xərclərinin artması səbəbindən kredit ödənişlərində çətinliklər yaranır. Bir çox hallarda vətəndaşlar mövcud gəlirlərini üstələyən kredit öhdəlikləri götürür və sonradan ödəniş problemləri ilə üzləşirlər.
Bu səbəbdən kredit tətili bütün borcalanlar üçün universal həll yolu hesab edilə bilməz. Əks halda, onun genişmiqyaslı və nəzarətsiz tətbiqi bank sektorunun likvidliyinə, gəlirliliyinə və risk göstəricilərinə mənfi təsir göstərə bilər. Bununla belə, düzgün dizayn edilmiş və ünvanlı şəkildə tətbiq olunan kredit tətili proqramı maliyyə çətinliyi yaşayan müştərilərin tam defolt vəziyyətinə düşməsinin qarşısını ala, problemli kreditlərin artım tempini azalda və sosial sabitliyin qorunmasına töhfə verə bilər.
Nümunə olaraq qeyd etmək olar ki, hazırda problemli kreditlər ümumi kredit portfelinin təxminən 3 faizini təşkil edir. Bu göstərici bizim kimi ölkələr üçün kritik risk səviyyəsi hesab olunmasa da, müəyyən çətinliklər yarada bilər.
Kredit tətili daimi sosial dəstək vasitəsi deyil, xüsusi hallarda istifadə olunan anti-böhran mexanizmi kimi qəbul edilməlidir. Azərbaycanda da belə bir alətin tətbiqi müəyyən şəraitdə faydalı ola bilər. Lakin uzunmüddətli perspektivdə problemli kreditlərin azalmasının əsas yolu maliyyə savadlılığının artırılması, məsuliyyətli borclanma mədəniyyətinin formalaşdırılması, əhalinin gəlirlərinin yüksəldilməsi və kredit qiymətləndirmə sisteminin daha da təkmilləşdirilməsindən keçir.
Bununla yanaşı, ən effektiv həll yollarından biri ölkədə tətbiq olunan iqtisadi modelin təkmilləşdirilməsidir. Çünki problem yalnız kredit verən tərəfdə və ya kredit götürən tərəfdə deyil. Burada əsas məsələ iqtisadi modelin yaratdığı struktur problemlərlə bağlıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB