"Azərbaycan taxıla olan ehtiyacını tam ödəyə bilmir və xaricdən idxal edir" - EKSPERT FİKRİ
"Azərbaycan taxıla olan ehtiyacını tam ödəyə bilmir və xaricdən idxal edir. Azərbaycanda taxıla olan təlabatın təqribən 55-60%-ni özü istehsal edir, qalan ehtiyaclarını xaricdən təmin edir". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert Xalid Kərimli deyib.
Onun sözlərinə görə, Azərbaycan buğdaya olan təlabatının 5-6%-ni özü təmin edir, digər hissələri isə idxal edir: "Ərzaqlıq buğdaya təlabatın isə cəmi 25%-ni ödəyə bilər. Yəni istehsal edib, yığdığımız buğdaların əhəmiyyətli hissəsi texniki buğdalardır. Həmin buğdalar ərzaqlıq üçün yararlı deyil. Bu baxımdan Azərbaycan taxıl idxalından asılıdır.
Azərbaycan əsasən üç istiqamətdə taxıl idxal edir. Bu ölkələr Ukrayna, Qazaxıstan, Rusiyadır. Amma hal-hazırda əsas taxıl Rusiyadan idxal olunur. Ukrayna ölkəsi bu sahədə sıradan çıxdı və daha əlverişli Rusiyadan taxıl gətirmək olur".
İqtisadçı ekspert qeyd edir ki, taxılın 97-98%-ni demək olar ki, Rusiyadan idxal edirik: "Özümüzün taxılımızı tam təmin edə bilməmə səbəbimiz iqlimin və torpağın əlverişli şəraitdə olmamasıdır. Bizim torpağımız və iqlim xüsusiyyətlərimiz əsasən də Rusiya və Ukrayna ilə müqayisədə keyfiyyətli buğda istehsalına imkan vermir. Həmişə bu sahədə asılı formada olacayıq.
Ölkənin isə planları ondan ibarətdir ki, ən azından gələcəkdə ərzaqlıq taxılın idxalını azaltsın. Yəni ərzaqlıq taxılın 75%-i özü təmin edə bilsin. Bunu necə etmək olar? Azərbaycan bu sahədə əsasən Şərqi Zəngəzur və Qarabağ ərazisinə ümidlidir. Çünki orada ki, torpaqlardan istifadə edərək öz taxıl təlabatını təmin edə bilsin".
Bütün xəbərlər Facebook səhifəmizdə