Azərbaycan Dövlət Kukla Teatrında BİR GÜN - FOTOREPORTAJ

Azərbaycan Dövlət Kukla Teatrı 1931-ci ildə Bakıda uşaqlar üçün yaradılmışdır. Teatrın repertuarı məktəb yaşlı uşaqlar üçündür. Amma 1975-ci ildən böyüklər üçün də teatr tamaşaları təşkil olunur. Teatrın məqsədi və dəyişməz xüsusiyyəti istər uşaqlar, istərsə də böyüklər üçün teatr tamaşalarında kuklalardan istifadə edilməsidir. Kuklaların ölçüləri bir neçə santimetrdən bir insanın ölçüsündən bir neçə dəfəyə qədər dəyişə bilər. SİA olaraq Azərbaycan Dövlət Kukla Teatrında olan yenilikləri sizə çatdırırıq.

“Teatrlar hər il müəyyən rüblər üzrə fəaliyyət göstərir. Bu o deməkdir ki, 4 tamaşa səhnələşdirilir. Yəni 4 tamaşanın olması plan üzrə məcburidir. Lakin təbii olaraq bundan əlavə də tamaşalar olur”. Bu sözləri SİA-ya açıqlamasında Dövlət Kukla Teatrının rəsmisi Həmidə Rüstəmova bildirib.

Onun sözlərinə görə, Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrı təkcə uşaqlar üçün tamaşa müəssisə deyil, həm də maariflənmə ocağı, sosial reabilitasiya məkanıdır: “Çünki teatrın bir məqsədi də bütün təbəqələrdən olan uşaqlar arasında rəqabətin təmin olunmasıdır. Kukla teatrı mürəkkəb teatr sahəsidir. Həm də Kukla teatrının məsuliyyəti daha çoxdur. Çünki bütün teatrlar üçün tamaşaçı burada formalaşır. Yalnız bura gəlib peşəkar tamaşaları görən, teatra marağı formalaşan, özünün gündəlik estetik tələbatında teatra yer verə bilən uşaq mütləq şəkildə gələcəkdə də teatra gedəcək. Əgər bura gələn uşaq zaman-zaman buradan uzaqlaşsa, marağı itsə təbii ki, teatrdan uzaqlaşacaq. Bu illər ərzində bir qənaətə gəlmişəm ki, teatra gələn, vaxtını burada keçirən, özündə teatr zövqünü formalaşdırmış, səhnədə nə baş verdiyini anlayan insanlardan nə qatı cinayətkar, nə də içində kin, nifrət olan biri formalaşa bilməz.

Çünki teatr istər-istəməz insanlara hər hansı bir formada müsbət təsir göstərir. Belə bir məsələ də var ki, indiki uşaqlar bizim əvvəl öyrəşmiş olduğumuz uşaqlar deyillər. Məsələn valideynlər bizə zəng vurarkən bizim keçmiş nağıllarımızı soruşduqları təqdirdə biz uşaqların daha müasir nağıllara maraq göstərdiklərini görürük. Buna görə də bəzən düşünürük ki, biz elə uşaqların zövqü ilə ayaqlaşmalıyıq. Təbii ki, bütün bunları da peşəkar surətdə təqdim edərək. Çünki uşaqların zövqü ilə ayaqlaşmaq o dəmək deyil ki, onlar nə istədilərsə odur. Hər smartfonda gördükləri oyunu səhnələşdirmək lazımdır. Təbii ki, bu fikir yanlışdır. Teatr özü-özlüyündə böyük bir ənənənin davamıdır. Eyni zamanda diqqət edilməsi lazım olan məqamlardan biri də bizim açıq kassa sistemi ilə çalışmağımızdır.

Buna görə də faiz ödəmədən, rahat bir şəkildə biletlərimizi satırıq. Bilet qiyməti isə 3 AZN təşkil edir. Burada isə məqsəd odur ki, Azərbaycanın bütün təbəqələrindən olan ailələrin uşaqları tamaşaya baxa bilsinlər. Eyni zamanda bunun bir müsbət cəhəti də odur ki, tamaşaçı sözünü birbaşa kassada bildirir. Hazırda isə teatrımızda 4 tamaşa hazırlanır. Teatrda 3 studio da fəaliyyət göstərir”.

Eyni zamanda teatrın baş rəssamı ilə də danışdıq.

“Bir tamaşa üçün aktyorlardan əlavə rəssamlar sexində 6 rəssam, 4 maşinist, 3 nəfər kostyumçu çalışır”. Bu sözləri SİA-ya açıqlamasında teatrın baş rəssamı İqbal Əliyev bildirib. Onun sözlərinə görə, pyes qəbul olunduqdan sonra artıq rəssamla rejissorun iş birliyi başlayır.

Daha sonra heykəltaraş işə başlayır. Bundan sonra isə rəngləmə işləri başlayır. Daha sonra isə dərzilər etaplı şəkildə işə başlayırlar. Bu zaman artıq aktyorlar da işə başlayırlar. Hər şey hazır olduqdan sonra aktyorlar birinci güzgülü zalda, daha sonra isə böyük zalda məşq edirlər”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə