Azərbaycanlı sənətçilər Belarus teatrının səhnəsində FOTOLAR

Belarusun Akademik Dövlət Opera və Balet Teatrında J.Bizenin "Karmen" operası böyük uğurla ifa olunub. SİA-nın məlumatına görə, möhtəşəm səhnə əsərinin ifasında Azərbaycan və Belarusun tanınmış ifaçıları iştirak ediblər. Operaya Azərbaycanın Əməkdar Artisti, Prezident mükafatçısı, Akademik Dövlət Opera və Balet Teatrının dirijoru, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyev rəhbərlik edib.

Karmen rolunu isə Belarus səhnəsində Azərbaycanın Xalq Artisti, tanınmış opera müğənnisi Fidan Hacıyeva canlandırıb.

Digər rolları Belarusun Xalq artistləri Anastasiya Moskvina, Vladimir Qromov, beynəlxalq müsabiqələr laureatları Aleksey Mikutel, Dmitriy Trofimuk, Yelena Sinyavskaya, Tatyana Petrova, Yanoş Nelepa, Aleksandr Jukov və Aleksandr Krasnodubskiy ifa ediblər.

Belarus Akademik Opera Teatrında repertuarın ən baxımlı tamaşalarından olan "Karmen" operasının quruluşçu rejissoru Qanila Danilevskaya, quruluşçu rəssamı Anna Kontek, quruluşçu dirijoru Andrey Qalanov və xormeysteri Nina Lomanoviçdir.

Anşlaqla keçən operanın ifası böyük maraqla qarşılanıb və ölkənin müxtəlif bölgələrindən gəlmiş musiqi həvəskarlarının diqqətinə səbəb olub.

Sonda Azərbaycan və Belarus ifaçıları səhnəyə dəfələrlə dəvət olunub və sürəkli alqışlarla qarşılanıblar.

Tamaşa bitdikdən sonra Belarus Akademik Opera və Balet Teatrının baş direktoru Vladimir Qridyuşko dirijor Əyyub Quliyev və metso-soprano Fidan Hacıyevaya öz təşəkkürünü bildirib və iki ölkənin müştərək sənət birliyinin xüsusi əhəmiyyətini qeyd edib.

Azərbaycan və Belarus Akademik Opera teatrları arasında imzalanmış memoranduma əsasən iki teatrın solistləri və dirijorları qısa müddət ərzində həm Minskdə, həm də Bakıda uğurlu və yaddaqalan çıxışları ilə ölkələr arasında mədəni əlaqələrin inkişafına yüksək təkan veriblər.

Qeyd edək ki, dirijor Əyyub Quliyev 2016-cı ildə tanınmış bəstəkar, Azərbaycanın Xalq Artisti, professor Polad Bülbüloğlunun "Eşq və ölüm" baletinə Belarus Böyük Teatrında dirijor kimi quruluş verib. 2015-ci ilin noyabrında P.Çaykovskinin "İolanta", 2014-cü ilin aprel ayında isə C.Verdinin "Traviata" operasını Belarus səhnəsində böyük uğurla idarə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə