“Azərbaycan Xalq Nağılları” sərgisi keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Elmlər Akademiyasının Kitabxanasının birgə layihəsi çərçivəsində Azərbaycan Dövlət Uşaq Filarmoniyasının "Bacarıqlı Əllər" adlı Rəsm Studiyasının şagirdlərinin rəsm əsərlərindən ibarət sərgi keçirilib. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən xəbərə görə, sərgini AMEA Fəlsəfə və Hüquq İnstitutunun şöbə müdiri, hüquq elmləri doktoru İsaxan Vəliyev açıq elan edib. O, Beynəlxalq Uşaq Ədəbiyyatı gününün 1967-ci ildən etibarən, Beynəlxalq Təşkilatların təşəbbüsü ilə qeyd edildiyini və Azərbaycanda da bu günün keçirilməsinin artıq ənənəvi hal aldığını vurğulayıb.

Azərbaycan Dövlət Uşaq Filarmoniyasının direktor müavini Samirə Əmiraslanova çıxışında Filarmoniyanın Rəsm Studiyasında fəaliyyət göstərən gənc rəssamların fəaliyyətindən söhbət açıb. O, həmçinin, rəsm studiyasında 4 yaşından 16 yaşına kimi uşaqların fəaliyyət göstərdiyini və bu layihənin onların ikinci sərgisi olduğunu qeyd edib. Samirə Əmiraslanova çıxışının sonunda təşkilatçılara öz minnətdarlığını bildirib.

Sərgidə Rəsm Studiyasının müəlliməsi Gilan Əzizxanlının 30 şagirdinin 120-dən artıq əsəri təqdim olunub. Rəsmlərdə uşaqlar nağılların, hekayələrin, şeirlərin qəhrəmanlarını öz təxəyülləri ilə canlandırıblar. Hətta eyni bir personaja hər bir uşaq öz fərdi baxışı ilə yanaşıb, onu öz təsəvvüründə canlandırdığı kimi ağ vərəq üzərinə köçürüb.

Sərgidə Lətifzadə Leylanın "Qırmızı Papaq", "Kirpinin düz sözü", "Üç quzu", Səttarzadə Aydanın "Mauqli nağılı", " Qırmızı Papaq", "Qarğa və Bülbül" , "Cırtdanın nağılı", İbrahimov Hüseynin "Три богатыря", "Tıq-tıq xanım" , "Simurq quşu", "Tülkü və Hacıleylək" , Cəfərli Aydanın "Siçan və Dəvə", "Leylək və Bülbül", "Arı" və digər rəsm əsərləri təqdim olunub.

Sərginin sonunda uşaqlara "Təşəkkürnamə" və hədiyyələr təqdim olunub.

Qeyd edək ki, tədbirin rəsmi hissəsində dəyirmi masa keçirilib. Bu hissədə uşaq yazıçı və şairləri, nağıl müəllifləri Azərbaycan uşaq ədəbiyyatının qarşısında duran problemlərə, balacaların ədəbiyyata məhəbbətinin artırılmasına dair fikir mübadiləsi aparıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə