“İpək yolu” III Beynəlxalq Musiqi Festivalının proqramı açıqlanıb - FOTO

30 iyun- 4 iyul-da Şəkidə "İpək yolu" III Beynəlxalq Musiqi Festivalı keçiriləcək. SİA-nın məlumatına görə, festivalla bağlı bu gün Azərbaycan Bəstəkarlar İttifaqında (ABİ) mətbuat konfransı baş tutub.

Mətbaut konfransında çıxış edən ABİ-nin sədri, xalq artisti Firəngiz Əlizadə bildirib ki, artıq 3-cü dəfədir ki, Azərbaycanda bu festival keçirilir: "Festivalımız öz yolunu yenidən Şəkidən salır. Bunun da öz səbəbləri var. Çünki bu il Azərbaycanın ən məşhur memarlıq abidələrindən biri olan Şəki Xan Sarayının yubiley ilidir. Belə ki, möhtəşəm abidənin 250 illiyinin festival günlərində qeyd edilməsi önəmli hadisədir. Bu dəfə ənənəmizə sadiq qalaraq, konsertlərimizi memarlıq abidələri fonunda, Xan Sarayı, Yuxarı və Aşağı Karvansaray, Cənnət bağı kimi tarixi məkanlarda keçirəcəyik".

F. Əlizadə onu da qeyd edib ki, festivalda bir sıra ölkələrin milli musiqisi müxtəlif folklor alətlərinin, milli geyimlərin, qədim ornamentlərin nümayişi ilə, rəngarəng melodiyaların sədaları tarixi memarlıq abidələrinin ecazkar ab- havası ilə qovuşacaq: \"Festivalın açılışı üçün xüsusi layihə ilə hazırlanan və rəmzi mənada hadisələrin "baş qəhrəmanı"na çevriləcək Şəki Xan Sarayının qoynunda maraqlı musiqili kompozisiya- dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin bütün dünyada məşhurlaşan əsəri əsasında "Arşın malçı İpək yolunda" tamaşası nümayiş etdiriləcək. Azərbaycan Opera və Balet Teatrının truppası, Azərbaycan Dövlət Filrmoniyasının Fikrət Əmirov adına Dövlət Mahnı və Rəqs ansmblı, eləcə də Xalq çalğı alətləri orkestrinin iştirakı ilə baş tutacaq bu qeyri- adi tamaşa ilə festival yadda qalacaq\".

Tədbirdə çıxış edən Şəki şəhər mədəniyyət və turizm şöbəsinin müdiri Aydın İbrahimxəlilov isə bildirib ki, Şəkidə yenidən "İpək yolu" III Beynəlxalq Musiqi Festivalının keçirilməsi böyük əhəmiyyətə malikdir.

Məlumat üçün bildirək ki, festivala dünyanın bir çox ölkələrindən- Gürcüstandan "Erisioni", İrandan "Acəmlər", Cənubi Koreyadan "Buyoqon Cunqnam", Türkiyədən "Əl- Kindi" ansamblının konsertləri olacaq. Bununla yanaşı, azərbaycanlı musiqiçilər- Cabbar Qaryağdı adına Muğam üçlüyünün, Azərbaycan Televiziyası və Radiosunun Niyazi adına Simfonik orkestrinin və Cahangir Cahangirov adına xor kollektivinin konsertləri də festival çərçivəsində dinləniləcək. Festival çərçivəsində, həmçinin, Azərbaycan bəstəkarlarının iki yeni əsərinin premyerası da gözlənilir.

Qeyd edək ki, "İpək yolu" III Beynəlxalq Musiqi Festivalı Azərbaycan Bəstəkarlar İttifaqı, Mədəniyyət və Turizm Nazirliyi, o cümlədən Şəki şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...