Qeyri-ənənəvi enerji mənbələrindən istifadə günün tələbidir - TƏHLİL
Hazırda ənənəvi enerji mənbələrinin tədricən tükənməsi və onlardan istifadə zamanı ətraf mühitin çirklənməsi alternativ enerji mənbələrindən istifadə məsələsinin aktuallığını artırır. Müasir dövrdə bir sıra inkişaf etmiş ölkələrdə bərpa olunan enerji mənbələrindən geniş istifadə edilir. Bərpa olunan alternativ enerji mənbələri dedikdə, əsasən günəş və külək enerjisi, kiçik SES-lər, termal sular, qabarma və çəkilmə, biokütlə enerjisi başa düşülür. Qeyd edək ki, Azərbaycanda alternativ enerji mənbələrinin bir çoxu üzrə ekoloji mühitə zərər vermədən enerji hasilatı mümkündür. Bu məqsədlə, Prezident İlham Əliyevin 2004-cü il 21 oktyabr tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı" təsdiq olunub. Bu Proqramda qarşıya elektrik enerjisinin istehsalında alternativ enerji mənbələrinin potensialının müəyyənləşdirilməsi, Azərbaycanda alternativ enerji mənbələrinin hesabına enerji gücünün artırılması və bununla da ölkənin enerji təhlükəsizliyinin yüksəldilməsi kimi vəzifələr qoyulub. Alternativ enerji mənbələrindən istifadə prosesinin daha səmərəli və sürətlə aparılması üçün dövlət başçısının Fərmanı ilə 2009-cu ildə Sənaye və Energetika Nazirliyinin nəzdində Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi yaradılıb. Azərbaycanda alternativ enerjidən istifadə yönündə son illərdə bir sıra addımlar atılsa da, Prezident İlham Əliyev prosesin daha sürətlə həyata keçirilməsinin vacibliyini dəfələrlə vurğulayıb. Xatırladaq ki, Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2011-ci ildə qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısı bu məsələ ilə bağlı mövqeyini qəti şəkildə ortaya qoyub: "Bərpa olunan digər enerji mənbələrindən istifadə üçün daha da ciddi tədbirlər görülməlidir. Bu vəzifəni mən keçən ilin əvvəlində qoymuşam, üstündən bir il keçibdir. Hələ ki, bizim, demək olar, nə günəş, nə külək enerji qurğularımız var. Varsa da, çox cüzi xarakter daşıyır".
Elə həmin iclasda dövlət başçısı 2011-ci ildə günəş batareyalarının quraşdırılmasına mütləq başlanmalı olduğunu söyləyib: "Mən bilirəm ki, Azərbaycanda günəş batareyaları istehsal edən müəssisələr də tikiləcək, özəl sektor da buna maraq göstərir. O müəssisələr tikilənə qədər biz xaricdən günəş batareyaları almalıyıq".
Qeyd etdiyimiz kimi, Azərbaycanda alternativ enerji mənbələrinin istifadəsindən böyük fayda götürülməsi üçün geniş potensial mövcuddur. Respublikamızın təbii iqlim şəraiti tükənməz alternativ enerji mənbəyi olan günəş enerjisindən istifadə etməklə elektrik və istilik enerjisinin istehsalını artırmağa imkan verir. Hesablamalara görə, ölkədə günəşli saatların miqdarı il ərzində 2400-3200 saatdır. Müqayisə üçün bildirək ki, ABŞ-da və Orta Asiya ölkələrində bu göstərici 2500-3000, Rusiyada isə 500-2000 saatdır. İl ərzində yer səthinə düşən günəş şüalarının miqdarına görə də Azərbaycanda günəş enerjisinin istifadəsi effektli hesab olunur. Yəni, Günəş enerjisindən istifadə Azərbaycanın bir çox regionlarının elektrik enerjisi ilə təminatında təsirli rol oynaya bilər. Bundan başqa, Azərbaycanın coğrafi-iqlim şəraiti bir çox rayonlarda külək enerjisi qurğularının tətbiqinin böyük perspektivləri olduğunu deməyə əsas verir. Araşdırmalar göstərir ki, Azərbaycan illik 800 MVt-a yaxın külək enerjisi ehtiyatına malikdir. Hesablamalara görə bu ehtiyat ildə 2,4 milyard kVt/saat elektrik enerjisi deməkdir. Bu isə öz növbəsində, ildə bir milyon ton şərti yanacağa qənaət, habelə ətraf mühitin külli miqdarda tullantılarla çirkləndirilməsinin qarşısının xeyli dərəcədə alınması deməkdir. Öz maya dəyərinə görə digər alternativ enerji mənbələri ilə müqayisədə daha ucuz başa gələn külək enerjisi qurğularının yerləşdirilməsi üçün ən münasib bölgələr Abşeron yarımadası, Xəzər dənizi sahili zolağında və hövzənin şimal-qərb hissəsində yerləşən adalar hesab olunur. Abşeron yarımadasında uzunmüddətli küləyin orta sürəti 6 metr/saniyədən artıqdır ki, bu da külək enerjisindən geniş şəkildə yararlanmağa imkan verir. Nisbətən az küləkli olmasına baxmayaraq, Gəncə-Daşkəsən zonasında və Naxçıvan Muxtar Respublikasının Şərur-Culfa ərazisində də külək elektrik qurğularından istifadə etmək mümkündür. Elektrik enerjisinin istehsalında istilik elektrik qurğuları ilə müqayisədə su elektrik stansiyaları ekoloji cəhətdən əlverişliliyi ilə fərqlənir. Qeyd edək ki, respublikada ümumi enerji sistemində SES-lərin istehsal gücünün ümumi çəkisi 17,8 faiz təşkil edir. Hidroenergetika ehtiyatlarının, başqa sözlə su enerjisinin mənimsənilməsinə əsaslanan kiçik SES-lərin sayının artırılması iqtisadi əhəmiyyət kəsb edir. SES-lərin tikintisi sel sularının tənzimlənməsi, yeni suvarma sistemlərinin yaradılması kimi dövlət əhəmiyyətli məsələlərin həllində də mühüm rol oynaya bilər. Bundan əlavə, digər enerji mənbələri qismində biokütlə və termal enerjidən də istifadə edilməsi mümkündür. Əsas etibarilə yanma qabiliyyəti olan sənaye, ağac emalı, kənd təsərrüfatı məhsulları, üzvi birləşmələrin, məişət və kommunal sahələrin tullantılarından ibarət olan biokütlənın yandırılmasından alınan enerjinin binaların, məktəblərin qızdırılmasında istifadəsi təcrübəsindən bir sıra ölkələr yararlanır. Azərbaycanın termal sularla zəngin olan Böyük və Kiçik Qafqaz dağları, Abşeron yarımadası, Kür çökəkliyi ərazilərində geotermal enerji mənbələrinin istifadəyə cəlb edilməsilə məişət və digər sahələrdə istilik enerjisinə olan ehtiyacın bir hissəsinin təmin edilməsi mümkündür. Ümumiyyətlə, dövlətin bu sahəyə diqqətini nəzərə alsaq, yaxın gələcəkdə Azərbaycanın alternativ enerji mənbələrinin istifadəsində mühüm praktik nəticələr əldə edəcəyini söyləmək olar.
Bütün xəbərlər Facebook səhifəmizdə