Dağlıq Qarabağda hərbi münaqişə başlayarsa, bu, Azərbaycanın Ermənistana hücum etməsi demək olmayacaq

Xəbər verdiyimiz kimi, ötən həftə Ermənistanda "Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Cənubi Qafqaz: regionda sülh və təhlükəsizlik perspektivləri" mövzusunda beynəlxalq konfrans keçirilib. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Nikolay Bordyuja çıxışında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə dair tərəflərin mövqeyi ilə bağlı qərəzli fikirlər səsləndirib.

Əksər ekspertlərin də vurğuladığı kimi, baş katibin belə bir bəyanat xarakterli fikirlə çıxış etməsi münaqişənin həlli ilə bağlı mövcud duruma münasibətdə reallığa nə qədər ziddirsə, bir o qədər də ziddiyyətli və qərəzlidir. Sadəcə bir neçə faktı nəzərə çatdırmaq kifayət edir ki, N. Bordyujanın sözlərinin qərəzli və ziddiyyətli olduğu aşkar edilsin. Münaqişənin mövcudluğunun və regionda potensial təhdid mənbələrinin hökm sürməsinin başlıca səbəbi Ermənistanın işğalçı siyasəti və bunun fonunda qeyri-konstruktiv mövqeyidir. Əgər baş katibin iddia etdiyi kimi, KTMT münaqişənin sülh yolu ilə həllini və bölgədə potensial təhdid mənbələrinin neytrallaşdırılmasını istəyirsə, məhz bu zaman qurum gərginlik mənbəyi olan İrəvanın işğalçı siyasətinin aradan qaldırılması istiqamətində öz funksionallığı çərçivəsində müəyyən tədbirlər görməlidir. Bu tədbirlərin başında isə strateji bir vəzifə olmaq etibarilə Ermənistana xəbərdarlıq və təsirlərin edilməsi gəlir. Qısası, KTMT kollektiv hərbi-siyasi təhlükəsizlik təşkilatı olduğundan neytral surətdə bu məsələyə xüsusi yanaşma sərgiləməlidir. Məhz belə bir neytrallıq missiyası isə tələb edir ki, qurum münaqişənin meydana gəlməsi və davam etməsini şərtləndirən faktorlara-Ermənistanın işğalçı siyasəti və qeyri-konstruktiv mövqeyinə qarşı təxirəsalınmaz tədbirlər görsün.

KTMT bundan öncə münaqişənin həlli ilə əlaqədar olaraq Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən müxtəlif xarakterli bəyanatlar səsləndirirdi. Eyni zamanda, bundan öncə qurumun bəyanatlarında ölkəmizə qarşı "cəbhədə durumu gərginləşdirmək" kimi ittiham xarakterli ifadələr də yer almamışdı. Belə ki, 17 iyul 2009-cu il tarixində təşkilatın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə dair yaydığı açıqlamada bildirilirdi ki, Azərbaycan KTMT-yə üzv ölkələr sırasında yer almadığından, təşkilat Bakının razılığı olmadan öz hərbi hissələrini onun ərazisinə daxil edə bilməz: "KTMT Azərbaycanın istəyi və razılığı olmadan onun ərazisində sülhyaratma missiyası funksiyasını öz üzərinə götürməyəcək və bu qurum Dağlıq Qarabağ məsələsi ilə məşğul olmur".

Göründüyü kimi, qurumun bəyanatında Dağlıq Qarabağ və onun ətraf rayonları konkret olaraq Azərbaycanın tərkib hissəsi kimi göstərilir. Bu da ona dəlalət edir ki, hərbi-siyasi təmüyülündən asılı olmayaraq bundan öncə Azərbaycanın ərazi bütövlüyünü tanıyan və dəstəkələyən qurumun bu gün ölkəmizə qarşı ittiham xarakterli ifadələr səsləndirməsi ( N.Bordyujanın timsalında) onun özünün orientasiyası və nüfuzuna ciddi zərbələr vurmaqdadır...

Bunlarla yanaşı, KTMT-də təmsil olunan dövlətlərin belə bir bəyanata razılıq vermələri siyasi praqmatizm nöqteyi-nəzərindən anlaşılan hal deyil. Çünki işğalçı Ermənistan istisna olmaqla bu qurumda təmsil olunan ölkələrin, hamısı Azərbaycanın ərazi bütövlüyünü ən yüksək səviyyədə dəstəkləyir. Həmin ölkələrin rəsmiləri dəfələrlə bəyan ediblər ki, Azərbaycanın mövqeyi beynəlxalq hüquq normalarında öz əksini tapmış təməl prinsiplərə tam uyğundur. O da faktdır ki, cəbhədə durumu gərginləşdirən heç də iddia edildiyi kimi, militarist ritorika deyil, əksinə, Ermənistanın qeyri-konstruktiv mövqeyi və siyasi manevrləridir. KTMT təmsilçiləri də bunu yaxşı anlayırlar. Məhz belə bir durumun fonunda onların bu cür ittiham xarakterli bəyanata yönəlik səssiz qalmaları strateji nöqteyi-nəzərdən səhv seçimdir. Digər tərəfdən, həmin ölkələrlə Azərbaycan arasında ən müxtəlif sahələrdə qarşılıqlı faydalı tərəfdaşlığa əsaslanan əməkdaşlıq münasibətləri mövcuddur və bu münasibətlərin zənginləşərək davamlı xarakter almasında Azərbaycanın rolu xüsusidir. Odur ki, bəhs edilən ölkələrin bu cür mövqeyi mövcud münasibətlərin mahiyyətinə və ruhuna tamamilə ziddir və yanlış strateji seçimin başlıca göstəricisidir.

Məsələ ilə bağlı ekspertlərin fikirləri də maraq doğurur.

Belə ki, Qazaxıstan Prezidenti yanında Strateji Tədqiqatlar İnstitutunun baş elmi işçisi Murat Laumulin Ermənistanın müdafiə naziri Seyran Ohanyanın "Qarabağ bölgəsində hərbi əməliyyatlar başlayarsa, Ermənistanın KTMT-dəki tərəfdaşlarının köməyinə arxalanmaq haqqı var" fikirlərini belə şərh edib. O bildirib ki, bu məsələ Azərbaycanın daxili işidir: "Dağlıq Qarabağda hərbi münaqişə başlayarsa, bu, Azərbaycanın Ermənistana hücum etməsi demək deyil. Bu münaqişə Azərbaycanın daxili işidir, çünki Dağlıq Qarabağ Azərbaycanın inzibati ərazisinin bir hissəsidir".
Analoji fikri Analitika və Konsaltinq üzrə Siyasi Qərarlar İnstitutunun direktoru Rüstəm Burnaşev də bölüşür. O da Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın daxili məsələsi olduğunu deyib: "Məsələ Ermənistanın bu problemə nə dərəcədə cəlb olunması və Azərbaycanın problemi beynəlxalq formata çıxarmasından asılıdır. Azərbaycan və Ermənistan tərəfindən Dağlıq Qarabağ münaqişəsinin interpretasiyası onların birbaşa toqquşması demək deyil".

Bütün xəbərlər Facebook səhifəmizdə