Ermənistan rəhbərliyi vəziyyətin onların xeyrinə olmadığı anlayır...

Azərbaycan ərazilərinin 20 faizini işğal altında saxlayan Ermənistanın Dağlıq Qarabağdakı separatçı rejimi hərtərəfli şəkildə dəstəklədiyi hər kəsə məlumdur. Rəsmi Yerevan separatçı rejimi müstəqil dövlət kimi tanımasa da, əslində, bütün fəaliyyəti ilə beynəlxalq ictimaiyyətin separatçıları müstəqil dövlət kimi qəbul etməsinə nail olmaq istəyir. Lakin işğalçı ölkənin və erməni lobbisinin səylərinə baxmayaraq, dünya ictimaiyyəti qondarma rejimi nəinki müstəqil subyekt kimi qəbul etmir, əksinə, Dağlıq Qarabağ və ətraf rayonları Azərbaycan ərazisinin bir parçası hesab edir.

Beləliklə, rəsmi Bakının işğal faktı ilə razılaşmayan qətiyyətli mövqeyi ilə yanaşı, beynəlxalq ictimaiyyətin Azərbaycan ərazilərinin işğalı faktını qəbul etməsi və torpaqların azad olunmasının zəruriliyi mövqeyində dayanması ermənilərin tarixi Azərbaycan torpaqlarında ikinci erməni dövlətini yaratmaq niyyətinin baş tutmasına mane olur. Bu günlərdə isə ermənilər beynəlxalq müstəvidə növbəti dəfə məyus ediliblər. Belə ki, regiona səfəri çərçivəsində Ermənistanda görüşlər keçirən Avropa Parlamentinin sədri Yeji Buzek Yerevanda təşkil edilən mətbuat konfransında təmsilçisi olduğu qurumun separatçı rejimin müstəqilliyini tanımadığını söyləyib: "Biz Dağlıq Qarabağı müstəqil ərazi vahidi kimi tanımırıq".

İnsanların təhlükəsizliyinin və rahat yaşayışının təmin olunmasının vacibliyini qeyd edən qurumun sədri xüsusi olaraq vurğulayıb ki, Avropa Parlamenti hər zaman dövlətlərin ərazi bütövlüyünü əsas prinsip hesab edib. Bu isə Ermənistan rəhbərliyinin hər zaman xalqların öz müqəddəratını həll etməsi prinsipini ərazi bütövlüyü prinsipinə qarşı qoymağa çalışan mövqeyinə növbəti zərbədir. Xatırladaq ki, bu günlərdə Ermənistan prezidenti Serj Sarkisyan müsahibələrinin birində ərazi bütövlüyü prinsipinin sərhədlərin toxunulmazlığını istisna etmədiyini bildirmişdi. Avropa Parlamentinin sədrinin qeyd etdiyimiz açıqlaması isə ərazi bütövlüyünün dövlətin suverenliyinin qorunub saxlanmasında əsas prinsiplərdən olduğunu bir daha təsdiq edir. Bu isə Dağlıq Qarabağa Azərbaycan sərhədləri daxilində muxtariyyətin verilməsi ilə bağlı rəsmi Bakının tutduğu mövqeyə tamamilə uyğundur.

Əksər ekspertlərin fikrincə, Yeji Buzekin sözügedən fikirlərini münaqişənin həllini hər cür vasitələrlə uzatmağa çalışan Ermənistana mesaj kimi də dəyərləndirmək olar. Çünki məlum olduğu kimi, bir ildən artıqdır ki, ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə kömək məqsədilə "Madrid təklifləri" irəli sürülüb. Azərbaycan tərəfi təklifi qəbul edərək problemin Madrid prinsipləri əsasında həll edilməsinə razılıq versə də, Ermənistan əsas məsələlərin müzakirəsindən yayınmaq və əvvəllər razılaşdırılmış məsələlərin üzərinə yenidən qayıtmaqla vaxtı uzatmağa çalışır. Sirr deyil ki, 17 ildir davam etdirilən danışıqların və ATƏT-in Minsk qrupunun vasitəçilik fəaliyyətinin konkret nəticələr verməməsinin də əsas səbəbi rəsmi Yerevanın sərgilədiyi qeyri-konstruktiv mövqedir. İşğal etdiyi Azərbaycan ərazilərində ikinci erməni dövlətini yaratmağa çalışan Ermənistan rəhbərliyi və ona havadarlıq edən qüvvələr isə anlamalıdır ki, Azərbaycan torpaqlarının işğal altında qalması faktı ilə barışmayacaq. Bu baxımdan, beynəlxalq hüquq da Azərbaycanın tərəfindədir. Belə ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasında qəbul olunan 4 qətnamə, ATƏT, AŞPA, Avropa Şurası, İKT kimi nüfuzlu beynəlxalq təşkilatların qərar və qətnamələri ən qısa zamanda Azərbaycan torpaqlarından işğalçı qoşunların çıxarılmasını, məcburi köçkünlərin yurd-yuvalarına qayıtmasını və onların təhlükəsiz yaşayışının təmin olunmasını tələb edir.

Digər tərəfdən, münaqişənin həllinin uzanması regionun gələcəyi üçün çox önəmli faktor olan təhlükəsizlik məsələsini də sual altında qoyur. Təsadüfi deyil ki, Avropa Parlamentinin sədri Yerevandakı mətbuat konfransında çıxışında diqqəti bu məsələyə də yönəldərək bildirib ki, bütün Avropa ərazisində təhlükəsizliyə təminat olmalıdır. Məlum olduğu kimi, işğal altındakı Dağlıq Qarabağda işğalçı ordunun mövcudluğu və nəzarətsiz zona kimi bölgənin beynəlxalq cinayətkar qruplaşmaların sığınacaq yerinə çevrilməsi təhlükəsi bütövlükdə Cənubi Qafqaz regionunda, habelə qonşu regionlarda sülh və sabitliyə başlıca maneə olaraq qalır. Ermənistanın öz qoşunlarını Azərbaycan ərazilərindən könüllü surətdə çıxarmaq istəməməsi isə bölgədə müharibə ehtimalını yüksəldir. Regionda təhlükəsizlik və stabilliyin təmin olunmasının yeganə yolu isə Ermənistanın beynəlxalq hüququn tələblərinə hörmətlə yanaşmasından, Azərbaycan ərazilərinin işğalından əl çəkməsindən ibarətdir.

Xatırladaq ki, Ermənistan prezidenti Serj Sarkisyan Rusiya mətbuatına verdiyi müsahibədə "özünəməxsus" şəkildə Dağlıq Qarabağ münaqişəsinə dair sərsəm fikirlər səsləndirib. Ərazi bütövlüyü amilinə toxunan işğalçı dövlətin başçısı bu barədə nə dediyini yəqin ki, özü də anlamır. Ekspertlər isə hesab edir ki, bu, Sarkisyanın savadsızlığının göstəricisidir. Bu barədə jurnalistərə verdiyi açıqlamada Bakı Dövlət Universitetinin beynəlxalq hüquq kafedrasının müdiri Rüstəm Məmmədov bildirib ki, Ermənistan prezidentinin ərazi bütövlüyü prinsipi ilə bağlı fikirləri heç bir arqumentə əsaslanmır. Onun sözlərinə görə, heç Sarkisyanın elementar təhsili də yoxdur ki, Azərbaycan və Ermənistanın da imzaladığı milli azlıqların hüquqları haqqında Avropa Konvensiyasını vərəqləsin: "Bu konvensiyada deyilir ki, bir xalqın ərazisində yaşayan milli azlıq onun ərazi bütövlüyünü pozmaq hüququna malik deyil. Bundan başqa, göstərilir ki, öz müqəddəratını təyinetmə hüququ dövlətlərin ərazi bütövlüyünü pozmadan həyata keçirilməlidir. Bununla yanaşı, milli azlıq dövlətin ərazi bütövlüyü çərçivəsindəki hüquqlarından istifadə edə bilər. Başqa sözlə desək, bu prinsiplər beynəlxalq hüquqda möhkəmləndirilmiş aksiomlardır. Ermənistan prezidentinin bəyanatları isə nə beynəlxalq hüquqa, nə də elementar məntiqə sığır".

Ekspertin fikrincə, yeni dövlətlərin yaranması mövcud beynəlxalq hüququn pozulmasına gətirib çıxarır, ölkələrin özü üçün problemlər yaradır. "Başqa sözlə desək, yeni dövlətin yaranması dünya ictimaiyyəti üçün arzuolunan deyil. Hər hansı millətin öz müqəddəratını təyinetmə hüququnun həqiqi şəkildə təmin edilməsi üçün, əvvəlcə onun belə bir hüququ mövcud olmalıdır. Belə hüquq, öz növbəsində, köləlik şərtləri altında yaşayan və genosid siyasətinə məruz qalan xalqlara tətbiq oluna bilər. Bütün digər hallarda, bu öz müqəddəratını təyinetmə qanunsuz fəaliyyət olacaq və beynəlxalq hüquqla ziddiyyət təşkil edəcək. Beləliklə, yuxarıda sözügedən hallardan heç biri Qarabağ ermənilərinə tətbiq edilə bilməz, Azərbaycan heç vaxt Qarabağın ondan ayrılmasına razı olmayacaq, bundan başqa, Azərbaycan ermənilərə münasibətdə genosid siyasəti həyata keçirməyib. Əksinə, belə siyasət Ermənistan tərəfindən onun ərazisində yaşayan azərbaycanlılara tətbiq olunmuşdu"- deyə, R.Məmmədov vurğulayıb.

S.Sarkisyan Azərbaycan hərbi əməliyyatlara başlayacağı təqdirdə Dağlıq Qarabağın "müstəqilliyinin" tanınmasının mümkünlüyü ilə bağlı iddiasına gəlincə, ekspert bildirib ki, ümumiyyətlə, Azərbaycan Dağlıq Qarabağ problemini sülh yolu ilə həll etməyə çalışır. "Təbii ki, Azərbaycan danışıqlar nəticə verməsə, hərbi yola əl ataraq dünya ictimaiyyətinin tanıdığı öz ərazi bütövlüyünü bərpa edəcək. İrəvanın Qarabağın "müstəqilliyini" tanıması ilə bağlı təhdidinə gəlincə isə, əsas Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsidir. Ondan sonra qoy Ermənistan ürəyi istədiyi qədər belə addımlar atsın"- deyə, o, bildirib.

Bir sözlə,Ermənistan rəhbərliyi artıq vəziyyətin onların xeyrinə olmadığı anlayır və bu baxımdanda müxtəlif manipulyasiyalarla vəziyyətdən çıxmağa çalışırlar. Amma vəziyyətin Azərbaycanın haqlı mövqeyinə istinadən dəyişməsi Artıq Avropa da, ABŞ da, Rusiya da münaqşənin həll olunmasını israrla tələb edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə