Ermənistanın vaxtı süni şəkildə uzatması onun çöküşünü daha da sürətləndirir - ANALİZ
Ermənistanın prezidenti Serj Sarkisyanın daxilə yönələn, yalan bəyanatlar verməsi artıq yeni xəbər deyil. İşğalçı ölkə rəhbərinin hər fürsətdə Azərbaycana qarşı əsassız ittihamlar irəli sürməsi Ermənistanda getdikcə daha da dərinləşən daxili qeyri-sabitliyi yatırmaq, təcavüzkar ölkəyə təzyiqləri artıran beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyır. Sarkisyanın mahiyyətcə bir-birindən o qədər də fərqlənməyən çıxışlarında əsas yenilik isə məğlub duruma düşən ölkənin rəhbərinin Azərbaycanın hərbi-iqtisadi gücünün, beynəlxalq nüfuzunun gündən-günə artmasından yaranan narahatlıq və təşvişinin daha aydın ifadə olunmasıdır. Ənənəsinə sadiq qalan işğalçı ölkə prezidenti bu günlərdə Rusiyada dərc olunan "Moskovskie novosti" qəzetinə verdiyi müsahibəsində növbəti dəfə tarixi saxtalaşdırmağa, Dağlıq Qarabağ münaqişəsinin həlli məqsədilə irəli sürülən "Madrid prinsipləri"ni öz mövqeyinə uyğun tərzdə təqdim etməyə çalışıb. Azərbaycanın əzəli torpaqları olan Dağlıq Qarabağla yanaşı, Naxçıvana da iddialarını irəli sürməklə Sarkisyan erməni yalanlarının sərhəd tanımadığını bir daha nümayiş etdirib. İşğalçı ölkə rəhbəri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin meydana çıxmasında və konfliktin nizamlanması məqsədilə aparılan danışıqlar prosesinin uzanmasında Azərbaycanı günahlandıraraq həyata keçirdiyi təcavüzkar siyasəti ört-basdır etməyə çalışıb. Sarkisyan münaqişənin həllində irəli sürülən əsas prinsiplər kimi ərazi bütövlüyünün saxlanması və xalqların öz müqəddəratını həll etməsinin olduğunu söyləyərək bildirib ki, ərazi bütövlüyünün qorunması heç də sərhədlərin toxunulmazlığı demək deyil. Halbuki, Ermənistan istisna olmaqla, bütün dünya ölkələri Dağlıq Qarabağı Azərbaycan Respublikası ərazisinin tərkib hissəsi kimi tanıyır. Digər tərəfdən, işğalçı ölkə rəhbəri nədənsə, Dağlıq Qarabağın əhalisi dedikdə, yalnız erməni icmasını nəzərdə tutur. Lakin 90-cı illərin əvvəllərində yerli azərbaycanlı əhalinin bölgədən qovulması, məcburi köçkün halına salınması Azərbaycan icmasının mənafe və hüquqlarının tapdalanmasına heç bir vermir. Üstəlik, Azərbaycan Respublikasının Konstitusiyasında da göstərildiyi kimi, sərhədlərin dəyişdirilməsi məsələsi yalnız bütün respublika əhalisinin rəyinin ifadə olunduğu referendumun nəticəsində öz həllini tapa bilər. Ali qanunun bu müddəası ölkəmizin sərhədləri daxilində olan bütün regionlara, o cümlədən, beynəlxalq miqyasda Azərbaycanın ərazisi kimi tanınan Dağlıq Qarabağa da aiddir. Müsahibədə Sarkisyanın Azərbaycanın torpaqlarını azad etmək məqsədilə hərbi üsula əl atması ehtimalından doğan narahatlığı da özünü büruzə verib. Bu isə bir sıra amillər səbəbindən heç də təəccüblü deyil. İlk növbədə, Ermənistan rəhbərliyi və işğalçı ölkə ictimaiyyəti Azərbaycanın böyük sürətlə artan siyasi, iqtisadi, hərbi gücündən yaxşı xəbərdardır. Azərbaycanda möhkəm daxili siyasi sabitlik, sağlam mənəvi-psixoloji mühit hökm sürür. Digər tərəfdən, ölkənin sürətli iqtisadi inkişafı sayəsində bütün sferalarda irəliləyişlər əldə olunub, əhalinin sosial-maddi rifahı xeyli yüksəlib və dövlət büdcəsinə gələn gəlirlərin hesabına ölkənin müdafiə qabiliyyəti əhəmiyyətli dərəcədə gücləndirilib. Düzgün hesablanmış, məqsədyönlü daxili siyasətin rasional və qətiyyətli xarici siyasətlə uzlaşdırılması əsasında isə Azərbaycan regional və beynəlxalq miqyasda etibarlı tərəfdaş, sözün əsl mənasında müstəqil siyasət yürüdən bir ölkə kimi böyük nüfuz qazanıb.
Məsələyə münasibət bildirən Prezident Administrasiyası beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib ki, Prezidentlərin son görüşündən sonra müəyyən kiçik ümid var idi ki, İrəvan daha konstruktiv mövqe tutacaq. Son zamanlar aparılan danışıqlara nəzər salsaq, görərik ki, Ermənistan öncə müəyyən söz verir, sonra isə hansısa bəhanə tapıb, mövqeyini dəyişir. Belə bir davranış Ermənistan rəhbərliyinin siyasətinə çevrilib. Şöbə müdiri Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü barədə konkret nəsə deməyin hələlik tez olduğunu bildirib: "Ola bilər ki, qarşıdan gələn aylar ərzində belə görüş baş tutsun. Məni indi narahat edən odur ki, Ermənistan tərəfi son vaxtlar siyasi manevrlərə üstünlük verir. Söz verir, 3-4 aydan sonra isə bunu unudur. Axır vaxtlar mən bunu Ermənistan prezidenti və digər rəsmilərinin bəyanatlarında görürəm. Burada başqa bir məqam da var ki, bu da Qərb aləminin məsələyə yanaşmasıdır. Əgər Qərb həqiqətən qərəzsiz mövqe tutduğunu sübut etmək istəyirsə, onda ədalətli mövqe nümayiş etdirməlidir. Dünya bilir ki, Azərbaycanın 7 rayonu işğal olunub və orada bir azərbaycanlı belə yaşamır. Amma heç bir dövlət ortaya konkret tələb qoymur. Əgər onlar burada ədalətli mövqe nümayiş etdirsəydilər, onda iddialarını dinləmək olardı. Amma heyf ki, mən bunu deyə bilmirəm. İşğalçılara daima yardım edirlər, istər mənəvi, istər maliyyə, istər siyasi və s. Bəziləri dünyanı göstəriş əsasında idarə etmək istəyir. Zənnimcə, sadəcə ədalətli olmaq lazımdır".
N. Məmmədov Avropa Parlamentinin də Azərbaycana münasibətdə ikili standartlara yol verdiyini vurğulayıb: "Avropa Parlamentinin sədrinin regiona, o cümlədən Azərbaycana səfəri öncəsi belə bir qərəzli və ədalətsiz sənədin ortaya atılması bizim münasibətlərimizə xoş təsir göstərə bilməz. Avropa Parlamentində 700-ə yaxın deputat var. Bu sənəd onlardan kiçik bir qrupun, əsasən "Yaşıllar hərəkatı"nı təmsil edən təxminən 20 nəfərlik bir fraksiyanın təşəbbüsü ilə hazırlanıb. Bu, çox təəssüf hissi doğurur. Azərbaycana qarşı belə münasibəti yalnız ikili standart kimi qiymətləndirmək olar. Bu qətnamənin arxasında duranlar bizi qeyri-demokratiklikdə suçlayırlar. Amma baxın, Avropada elə ölkələr var ki, orada müxalifətin mitinqləri də dağıdılır, həbsxanalarında isə jurnalistlər yatır. Onlar bizi ittiham edir, amma öz ölkələrindəki duruma gələndə, susurlar. Belə yanaşma Avropa İttifaqı-Azərbaycan əməkdaşlığına müsbət təsir edə bilməz. Biz ədalətli və səmimi mövqe görmək istəyirik. Amma belə bir qərəzli mövqe ortaya qoyulanda bizdə suallar yaranır. Son zamanlar Azərbaycan hərtərəfli inkişaf edir, amma görünür bu, bəzi dairələrin heç də xoşuna gəlmir. Elə həmin qərəzli və ikili mövqe də buradan qaynaqlanır. Lakin bu, kökündən səhv yanaşmadır".
Beləliklə də, bütün söylənilənlərin fonunda Ermənistanda uzun illərdir ki, davam edən sosial-iqtisadi böhran nəticəsində siyasi gərginlik yüksək həddə çatıb. Əhalinin çoxu isə ölkədəki mövcud sosial-siyasi vəziyyətlə barışmayaraq Ermənistanı kütləvi surətdə tərk edir. Ciddi demoqrafik böhranla üz-üzə qalan Ermənistan ordusunda da vəziyyət acınacaqlıdır. Belə ki, bu ölkədəki ümumi qanunsuzluq mühiti, kriminogen durum orduda ən kritik həddə çatıb. Erməni gənclər isə hansı yolla olursa-olsun hərbi xidmətdən yayınmağa çalışır. Beləliklə, işğalçı siyasəti davam etdirən Sarkisyan rejimi başa düşür ki, Azərbaycan heç bir zaman torpaqlarının işğalı faktı ilə barışmayacaq. Münaqişənin həllinin uzanması isə müharibə ehtimalını artırır ki, bu da işğalçı Ermənistanın özü üçün olduqca ağır nəticələrə gətirib çıxara bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB