Hazırda Ermənistanda əhalinin isə yarıdan çoxu yoxsulluq həddində yaşayır

Ermənistanın yerli KİV-lərinin verdiyi məlumatlara görə, ağır sosial-iqtisadi vəziyyət, çətinləşən yaşam şərtləri, işsizliyin kütləvi hal alması və ölkə iqtisadiyyatının büsbütün inhisarlaşması, korrupsiya, ordudakı özbaşınalıq Ermənistan vətəndaşlarını ölkəni tərk etməyə məcbur edir.

SIA-nın araşdırmalarına görə, ölkəsində iş tapa bilməyən və işsizlikdən əziyyət çəkən ermənilər xarici ölkələrə üz tuturlar. Bu səbəbdən də Ermənistandan mühacirət sürətlənir. İctimai təşkilatların həyata keçirdiyi sosial sorğuya qatılan yetkinlik yaşına çatmış respondentlərin 73 faizi imkanları olsa ölkəni tərk edəcəklərini bildirir, xaricdə ağır şəraitdə belə yaşamağı üstün tutan ermənilər vətənə qayıtmaqdan imtina edirlər. "Ermənisizləşən" Ermənistandakı vəziyyəti kompensasiya etmək istəyən Sarkisyan hakimiyyəti alternativ çıxış yolu kimi indi də Qırğızıstanda yaşayan müsəlmanlığı qəbul edən ermənilərin (amşenlər) Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ və ətraf rayonlarına köçürülməsi məsələsini gündəmə gətirib. Verilən xəbərlərə görə, hazırda Ermənistanda olan amşenlərin qırğız icmasının rəhbəri Ruslan Karabacakov ermənilərin Azərbaycanın işğal altındakı torpaqlarına köçürülməsi proqramının hazırlanması ilə bağlı müzakirələr aparır. Onun sözlərinə görə, söhbət 200 amşen erməni ailəsinin köçürülməsindən gedir.

Məlumat üçün bildirək ki, Rusiyanın Krasnodar və Gürcüstanın Abxaziya bölgəsindən xristian ermənilərin, Orta Asiyadan isə amşenlərin Ermənistanın Lori vilayətindəki boş qalmış kəndlərindən birinə köçürülməsi ilə bağlı hələ 1984-cü ildə cəhdlər edilib. Həmin cəhdin təşəbbüskarı İrəvandakı "Amşen" təşkilatının sədr müavini, tarixçi və jurnalist Sergey Vardanyan olub. Lakin Spitakdakı zəlzələ Ermənistanın bir çox bölgələri ilə yanaşı, Lorinin də dağılmasına səbəb olduğundan amşenlərin köçürülməsi məsələsi unudulub.

Lakin İrəvan hakimiyyəti amşenlərin Ermənistanın işğala altında olan Azərbaycan torpaqlarına yerləşdirilməsi variantını da müzakirə edir. Ümumiyyətlə isə ermənilərin işğal altında olan Azərbaycanın Dağlıq Qarabağ bölgəsində məskunlaşdırmaq cəhdləri bu gün prioritetlik qazanan məsələ deyil. Belə ki, Ermənistan Nazirlər Kabinetinin 6 il əvvəl təsdiqlədiyi proqrama görə, Azərbaycanın işğal altında olan ərazilərinə köçərək orada məskunlaşmağa razılıq verən erməni ailələrinin hər birinə 10 il müddətinə 16 min dollar məbləğində faizsiz kredit, torpaq sahəsi, taxıl, toxumluq kartof, ev tikmək üçün kredit, tikinti materialları və 5 il müddətində bütün vergilərdən azad edilmək kimi imtiyazlar verilməlidir. Məlumdur ki, hazırda Ermənistanda imkanı olan hər 10 ailədən 5-6-sı ölkəsini tərk edir, MDB, xüsusilə, Rusiya və Gürcüstanda məskunlaşırlar. "Türklərdən dönmə" adlandırılan qarabağlı ermənilər arasında Ermənistana gedənlərin də sayı çox azdır. Beləliklə, Azərbaycanın işğal altında olan torpaqlarında erməniləşmə siyasəti yürüdən Ermənistanın hakimiyyət dairələri cəhdlərinin uğursuzluqlarını anlayınca Dağlıq Qarabağ və ətraf ərazilərə dünyanın müxtəlif yerlərindən erməni ailələrinin köçürülməsi üçün bütün vasitələrə əl atıblar. Bununla da, Sarkisyan rejimi başqa yerlərdən şirin vədlər və bol ümidlərlə köçürüləcək amşen ailələrinin işğal altındakı ərazilərdə məskunlaşdırılmasını "uğurlu demoqrafik siyasət" yürütdüyünün göstəricisi kimi təqdim etmək istəyir.

Ümumiyyətlə, hazırda işğalçı ölkədə uşaqların 4,5 faizi, əhalinin isə yarıdan çoxu yoxsulluq həddində yaşayır. Qiymətlərin daim bahalaşması isə yoxsulların sayının artmasına səbəb olur, ilin sonunadək ölkəni daha 300 min vətəndaşın tərk edəcəyi gözlənilir. Ermənistanda cari ilin təkcə fevral ayında ərzaq, xüsusilə də, meyvə-tərəvəz məhsullarında 45 faiz bahalaşma qeydə alınıb. Miqrasiyanın səviyyəsi 2,5 faiz artıb, Rusiyadan ölkəyə şəxsi pul köçürtmə əməliyyatlarını həyata keçirənlərin sayı isə 37 faiz artıb. İşğalçı ölkənin xarici borcu dövlət büdcəsindən dəfələrlə çoxdur (4 mlrd). Belə vəziyyətdə İrəvanın bir neçə amşen ailəsini dilə tutaraq Azərbaycanın işğal altındakı ərazilərinə köçürməsi nə iqtisadi, nə də siyasi və hüquqi cəhətdən düzgün strateji addım kimi qiymətləndirilə bilər. Bu, həm də Ermənistanın qeyri-konstruktiv mövqe sərgilədiyini bir daha sübut edir və danışıqlar prosesinə mənfi təsir göstərir.

Bütün xəbərlər Facebook səhifəmizdə