Ermənistanın hakimiyyət dairələri yeni problemlərlə üzləşib

Yerevanda çıxan "Qraparak" qəzetinin yazdığına görə, Ermənistanın Masis rayonunun Darakert kəndinin həndəvərlərində böyükmiqyaslı tikintiyə hazırlıq gedir. Normal ölkədə belə tikinti barədə söz-söhbətlər kəndliləri sevindirir, çünki böyük tikintinin olduğu yer sonradan iri obyekt deməkdir. SİA milli.az-ın məqaləsinə istinad edib yazır ki, iri obyekt isə yollar, dükanlar, gəlib-gedənlərin sayının dəfələrlə artması, iş yerləri - bir sözlə, inkişaf deməkdir.
Məsələn, Türkiyədə kəndlilər eşidəndə ki, onların kəndlərinin yanında iri tikinti başlayasıdır - bələdiyyənin qarşısında qurban kəsirlər: çünki daha yaxşı yaşayacaqlarını bilirlər. Ermənistanda isə tam tərsinədir.
Tifaqını daşnaklar 1918-ci ildə dağıtmış, indi isə daşnakların özlərini dağınıq hala salmış mafioz rejimin idarəsində olan Ermənistanda kəndlilər belə xəbər eşidəndə qara günlərini qablaşdırırlar.
Onların pərişanlığı heç vaxt səbəbsiz və yersiz olmur.
Ermənistanda kəndin yanında tikinti aparılması həmin yerin bərbad günə salınması, çayın zibilxanaya çevrilməsi, bulaqların quruması, kəndlilərin torpaqlarını dəyər-dəyməzə satmağa vadar edilməsidir.
Ona görə də Darakert sakinləri dərdlərini bellərinə şələləyib Yerevana şikayət getməyi düşünüblər əvvəlcə. Amma tikintini aparacaq şirkətin elə Yerevandakı hakimiyyətin bir adamının nəzarətindəki struktur olduğunu eşidəndə fikirlərindən vaz keçiblər.
Kəndlilərin dediklərinə görə, Darakertin qırağında asfalt zavodu tikmək istəyirlər. Bir vaxtlar qum karxanası olmuş bu yerdə asfalt zavodu ilə yanaşı, ilan bəsləmək üçün xüsüsi şerpentariumun yaradılması da planlaşdırılıb.
Ermənistandakı yolların bərbad vəziyyətdə olduğunu xatırlasaq, asfaltın gəlirli məhsul olduğunu yazmağa ehtiyac qalmır.
Amma ilan zəhəri ondan da çox pul vəd etdiyindən, Darakertliləri xoflandırmış erməni oliqarx asfaltla bahəm, ilan zəhərinin satışından da pul götürmək istəyir.
Əslində, baş verənlərdə qəribə heç nə yoxdur, çünki

Böhrandakı Ermənistan iqtisadiyyatı

İlan kimi qıvrılır və bəlkə elə bu səbəbdən də məmurlardan tutmuş, orta ölçülü iş adamlarına qədər hər kəs yaranmış ağır vəziyyətdən çıxış yolu axtarır. Təbii ehtiyatlarla çox kasad olan, bütün ümidi anonsları edilən, amma sonra tapılmayan "zəngin mis, molibden, uran və volfram yataqları" ilə bağlı sərf etdirilən pullara, bir də xarici ölkələrdəki erməni diasporunun ianə qismində yolladığı maliyyəyə olan Ermənistanın hakimiyyət dairələri problemlərin həlli üçün alternativ yollar arayırlar.
Darakertdə asfalt zavodu və serpentariumun inşası nəzərdə tutulubsa, Gorus rayonunda dəvəquşu fermasının işə salınması ilə bağlı müzakirələr aparılır. Bütün bunlar pis deyil: nə də olsa, ölkədə hər sahədə çoxsaylı müəssisələrin olması fəna deyil. Lakin ilan, asfalt və ya dəvəquşu hesabına Ermənistan iqtisadiyyatındakı köklü problemlərin həllinə bel bağlamaq bir qədər sadəlövhlük olardı.
Prezident Serj Sarkisyan iqtidarının köklü problemlərindən bir ölkəni ən müxtəlif qüvvələr, amillər və hətta şəxslərdən asılı vəziyyətə salıb.
Ermənistanın ciddi asılılıq duyduğu məqamlardan birinin də xarici ölkələrdəki erməni diasporu olduğunu nəzərə alsaq, həmin diasporun son uğursuzluqları Yerevanın mövqelərinə həm siyasi, həm də iqtisadi baxımdan çox ciddi, özü də mənfi təsir göstərəcək.
Erməni diasporunun hələlik sonuncu bədbinlik səbəbi isə Fransa Senatındakı səsvermənin nəticələri ilə bağlıdır.
Fransa parlamentinin aşağı palatasında hələ 2006-cı ildə qəbul edilmiş qanun layihəsinə görə, qondarma "erməni soyqırımı"nı inkar etməyin cinayət sayılmasını nəzərdə tutan qanun layihəsi qəbul edilmişdi. İndi isə Fransadakı erməni icma təşkilatlarının səyləri ilə Sosialist Partiya ölkə Senatına bu qanun layihəsini çıxararaq, qəbul etdirməyə çalışıb.
Di gəl, ermənilərə qulluq edən senatorlardan fərqli olaraq, normal ağıla və məntiqə malik senatorlar həmin qanun layihəsini Fransada söz, habelə düşüncə azadlığının sərt məhdudlaşdırmaq cəhdi sayaraq rədd ediblər.
Sənədin Senatda qəbul edilməməsi isə təbii ki, Fransa ilə yanaşı, bütün Avropa ölkələrindəki erməni icma təşkilatlarının acı məğlubiyyəti sayıla bilər. Ən azı ona görə ki, Avropa dövlətləri içində ən çoxsaylı, fəal və aqressiv erməni diasporasına malik ölkə məhz Fransadır.
Fransa Senatının qərarı ölkədəki erməni icma təşkilatlarını və ümumilikdə, diasporu pərişan etməklə yanaşı, həmin icma qurumlarının Ermənistana göstərdikləri yardımların azalmasına da səbəb olacaq.
Ermənistan siyasətçilərinin özləri də etiraf edirlər ki, ötən illərdən fərqli olaraq, bundan sonra diasporun Yerevana yolladıqları pul axınının intensivliyi azalasıdır.
Ermənistanın mövcud hakimiyyətinin daxildəki vəziyyətlə yanaşı, xarici siyasətdəki mövqelərini də ağır günə saldığınını görən ermənilərin Sarkisyan iqtidarına olan inamı azalır, qəzəbi isə artır.
Son aylarda özünü çox narahat və naqolay hiss edən Serj Sarkisyanın indiki situasiyanın yarada biləcəyi nəticələri anlayacağı anda isə Yerevan üçün çox gec olacaq...

Bütün xəbərlər Facebook səhifəmizdə