Sarkisyanın rəhbərlik etdiyi hərbi diktaturanın sonu yaxınlaşır - TƏHLİL
İşğalçı dövlətdə baş verən son olaylar Sarkisyan rejimini Ermənistandakı böhranlı vəziyyətin arxada qalması ilə bağlı yalançı bəyanatlarının saxta olduğunu bir daha üzə çıxardı. Əslində proseslərin gedişi vəziyyətin daha la ağırlaşdığını göstərir. İşğalçı ölkədə korrupsiya, inhisarçılıq, inflyasiya, yoxsulluq, orduda özbaşınalıq, siyasətçilər arasında qarşıdurmalar, cinayətkarlıq, miqrasiyanın artması halları ötən ildə yüksək həddə çatıb. Sadalananları nəzərə alsaq, 2011-ci ilin ilk aylarından başlayaraq, hakimiyyət əleyhinə etiraz aksiyalarının başlanması təəccüblü olmamalıdır. Məlumdur ki, sənaye və istehsal sahələrinin çalışmadığı bir dönəmdə yeni merin kiçik bizneslə məşğul olanların küçə ticarətini qadağan etməsi haqqında qərar verməsi nəticəsində qazancdan məhrum olmuş şəxslər şəhər meriyası qarşısında növbəti etiraz aksiyası keçirmək istəsələr də, təşəbbüsləri polis tərəfindən dəf edilib. Bundan əlavə, ötən həftə Yerevanda Xalq partiyasının təşəbbüsü ilə müxalifət nümayəndələrinin baş tutan mitinqində yerli informasiya mənbələrinin məlumatına görə, yeddi min nəfər iştirak edib. Sözügedən partiyanın parlamentdə təmsil olunmamasına baxmayaraq, xalq arasında, xüsusilə də, bölgələrdə tərəfdarı çox olan siyasi təşkilatın nümayəndəsinin mitinqdə çıxışı zamanı hökuməti əməkhaqqı və təqaüdləri artırmağa çağırıb. O, hətta, tələbin yerinə yetirilməyəcəyi təqdirdə erkən seçkilərin keçirilməsini tələb edəcəyi ilə hədələyib. Qeyd edək ki, söz azadlığının mövcud olduğunun iddia edildiyi Ermənistanda T.Karapetyanın açdığı telekanala ötən ilin dekabr ayında lisenziya verilməyib və cari ilin ilk ayı kanalın yayımı dayandırılacaq. Məlumat üçün bildirək ki, dəfələrlə etiraz aksiyası keçirən Erməni Milli Konqresinin nümayəndələri və eləcə də, sadə vətəndaşlar ölkədəki mart hadisələri zamanı həbs edilən siyasi məhbusların azad edilməsi, ölkədə söz azadlığının pozulmasına son qoyulması, "A1+" telekanalının yenidən yayımına icazə verilməsini tələb ediblər. Ümumiyyətlə, bugünkü Ermənistandakı anoloji vəziyyət onu deməyə əsas verir ki, minimal yaşayış həddinin çox aşağı olduğu üçün bu ölkədə vətəndaş cəmiyyətinin formalaşmasında birbaşa iştirak edən demokratik təsisatların inkişafından, söz azadlığından danışmaq əbəsdir. Təsadüfi deyil ki, "Freedom House"un hələ ötən ilin yanvar ayına olan hesabatlarında 8 ildən artıq bir zamanda Ermənistanda demokratiyanın inkişafına dair hər hansı bir irəliləyişin olmadığı bildirilib. Bununla belə, Ermənistanın hazırki vəziyyəti 70-ci illərdə hərbi xuntaların idarə edildiyi Latın Amerikası ölkələrinin azad olmayan hissələrinin vəziyyətindən də ağırdır. Ermənistanda baş verən hadisələr əslində cəmiyyətdəki deqradasiyalardan xəbər verir. İşsizlik yerli əhalini ölkəni tərk, hətta üçüncü ölkəyə gedə bilmək üçün Azərbaycana müraciət etməyə məcbur edir. Xatırlatmaq yerinə düşər ki, ötən il Ermənistanı tərk edənlərin sayı daha da artıb. Təkcə Rusiyada yaşayan ermənilərin sayı bəzi statistic mənbələrdə 300 min nəfər göstərilir. Artıq bu gün rəsmi Yerevanı ciddi düşündürən məsələlərdən biri Ermənistanın miqrasiya problemidir. Rəsmi dairələrin narahatlığına səbəb ölkədəki siyasi, iqtisadi, sosial vəziyyətin insanları xaricə getməyə məcbur etməsidir ki, bu da öz növbəsində zəncirvari təsir effektini yaradaraq demoqrafik böhranı dərinləşdirir. Xüsusilə, intellektual potensialları olan gənc nəslin, eləcə də, iş adamlarının bu ölkədə yaşamaq istəməməsi daha çox rahatlığı bir qədər də artırır. Demoqrafik böhran işğalçı Ermənistanın ordusunda çağırışçı problemi yaratdığı kimi məktəblərdə şagirdlərin sürətlə azalmasına səbəb olub. Məsələn, təhsil sahəsində mövcud vəziyyətin təhlili 2010-cu ildə Ermənistanda 9-cu sinifdən 10-cu sinfə keçən şagirdlərin sayı 10 min nəfər fərqlə azaldığı müşahidə olunub. Buna səbəb isə şagirdlərin valideynləri ilə birgə ölkəni tərk etməsidir. Bu gün Ermənistanı tərk edə bilməyən əhali ifrat yoxsulluq həddində yaşamağa məcburdur. Ermənistan cəmiyyətində özünü göstərən mənfi hallarından digəri isə cinayət faktlarının artmasıdır. Ermənistan Milli Statistika Xidməti açıqladığı məlumatlardan belə məlum olur ki, ötən ilin təkcə yanvar-noyabr aylarında Ermənistanda qeydə alınan cinayət faktlarının sayı 13,9 mindən artıqdır. Bu rəqəm 2009-cu ilin eyni dövrü ilə müqayisədə 8,6% çoxdur. Məlumata görə, qeydə alınmış cinayətlərin 5,8 mindən çoxu yüngül, 3,2 mindən artığı orta, 4,5 mindən çoxu isə ağır cinayətlərdir. Bu dövrdə 268 xüsusilə ağır cinayət qeydə alınıb.
Ermənistanın yürütdüyü işğalçı siyasət onun özünü məhvə doğru aparır. Hökm sürən inhisarçılıq və korrupsiya sayəsində xalqı müflis edən oliqarxlar və məmurlar varlanır. Cəmiyyət isə hakimiyyətin hər şeyi düzəldəcəyi barədə verdiyi vədlərin sadəcə mif olduğuna inanır.
Bütün bunların nəticəsi olaraq, sadə ermənilərin hakimiyyətə olan etibarı və inamı tamamilə itib. Bu isə Sarkisyanın rəhbərlik etdiyi hərbi diktaturanın sonunu yaxınlaşdırır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB