Gələcəyin iqtisadiyyatı bioiqtisadiyyatmı olacaq?

Dünya əhalisi sürətlə artır. Bunun qarşılığında isə dünya əhalisinin istifadə etdiyi ənənəvi qida və enerji ehtiyatları da sürətlə tükənir. "Nə qorxusu var aclığın, xəstəliyin, əgər çarə olacaqsa" deyirlər. Çarə kimi isə bioiqtisadiyyatın yaradılması göstərilir. Sual olunur: İnsan, bitki və heyvan genlərini qarışdırmağı özündə əks etdirən həll yolları müzakirəsiz qəbul edilə bilən yollardımı? Biz bu cür bioetik suallara və bu suallar ətrafındakı müzakirələrə daha çox səhiyyə konfranslarında rast gəlirik. Biotexnologiyanın 2030-cu illərdə sənayedə, əkinçilikdə və səhiyyədə çox əhəmiyyətli yer tutacağı ilə bağlı fikirlər səslənir. Proqnozlara görə, sənayeləşmiş ölkələrdə Ümumi Daxili Məhsulun 3 faizə yaxınını, inkişaf etməkdə olan ölkələrdə isə daha çoxunu biotexnoloji məhsullar təşkil edəcək.

Bugünkü gün dünyanın ərzaq ehtiyatlarının artırılması üçün bir çox praktiki məsələlərin həll edilməsində biotexnologiyadan istifadə olunur. Biotexnologiya inkişaf etmiş ölkələrin iqtisadiyyatlarının bir çox sahələrini bərpa edilən xammalla təmin edir. Biotexnologiya həmçinin farmakoloji fabrikləri ilkin xammalla təmin edir. Səhiyyəni, biotexnoloji üsullarla əldə edilmiş tibb preparatlarsız artıq təsəvvür etmək mümkün deyil. Dünya biotexnoloji istehsalatında böyük bir yeri mikroyosun və sianobakteriaların istehsalı tutur. Bu bərpa olunan təbii xammal mənbələrinin səmərəli və tullantısız istehsalıdır. Belə biofabrikalar təbii oksigenin ayrılmasını və CO2 atmosfer karbon qazının yox edilməsini təmin edirlər. Beləliklə, iqtisadiyyatın digər sahələrinin ətraf mühitə olan zərərli təsirini azaldır.

ABŞ, Yaponiya, İsrail, Avstraliya, Meksika, Tayvan, Çin və Avropa ölkələri və digərlərində artıq biotxnoloji fabrikalar yaradılıb və inkişaf etdirilir. Bu müəssisələr qida məhsulları, vitamin və tibb preparatları, yem və biostimullaşdırıcı əlavələr, bioloji gübrələr, qida boyaq maddələri və bir çox digər məhsulları istehsal edir. Fotosintezləşdirici mikroyosunların dünya istehsalı ildə minlərlə tonla hesablanır. Xüsusən, biotexnoloji sahədə, nəzərə çarpacaq dərəcədə Dunaliella mikroyosunlarının biomassasınin istehsalı seçilir.

Ekspertlər isə bildirirlər ki, dünya hökumətləri sənaye və ticarətin qarşısındakı maneələri aradan qaldırmalıdır. Hökumət dəstəyi ilə investisiyalarnın azlığı problemi həll edilməli, embrion və kök hüceyrə araşdırmalarında qadağanlar ləğv edilməli, etik müzakirələrin və ictimaiyyətin narazılığını əks etdirən çıxışların qarşısı alınmalı və bazarın strukturu biotexnologiyanın inkişafını təmin edəcək şəkildə təşkil edilməlidir. İqtisadi təşkilatlar biotexnoloji mövzusunda 2030-cu ili hədəfləyən yol xəritələri çəkib hesabatlar hazırlayırlar. Bu təşkilatlar şirkətlərə və hökumətlərə bu istiqamətdə "israrlı və hədəfi olan bir siyasət" aparmağı təklif edir.

Biotexnologiya yalnız elm və texnologiya alimlərinin maraqlandıran "elmi" mövzu deyil. Tanınmış alim Emil Martın biotexnologiyanı yalnız laboratoriya çərçivəsində analiz edə bilməyəcəyimizi bildirib. Bu məsələlərə daha böyük bir ictimai və mədəni çərçivədə nəzər salmaq lazımdır. Çünki, ictimai ilə elmi olanlar qarşılıqlı olaraq bir-birinə bağlanır. Biotexnologiya ilə qlobal kapitalizmin əlaqəsini anlaya bilmək üçün də bəzi faktorları diqqətdə saxlamaq lazımdır. Son otuz ilə diqqət yetirdikdə görürük ki, kapitalistlər gəliri hələ sübut olunmamış bu kiçik sahəyə investisiya qoymaqda xəsislik etmirlər. Təbii ki, dövlətin stimulverici addımları və vergidən azad olmalar riskin edilməsində mühüm rol oynayır.

ABŞ federal hökuməti də 1970-ci illərdə xərçəng xəstəliyinə qarşı müharibə elan edərək Milli Səhiyyə Təşkilatı vasitəsilə biotibbi araşdırmalara böyük bir maliyyə vəsaiti ayırıb. 1980-ci ildə akademiya ilə sənaye arasında texnologiya transferini mümkün edən Bay-Doyle razılaşmasının imzalanması da elmi araşdırma ilə ticari investisiya arasındakı əlaqəni təmin edib. Eyni zamanda bu sahədəki intellektual sərmayənin qorunmasına icazə verən hüquqi mühit təmin edilib. Genetik dizaynlara patent hüququ verən qanunların qəbulunu da xüsusi qeyd etmək lazımdır. Dərman sənayesi də, biotexnologiya da müasir kapitalizmdən ayrılması mümkün olmayan təşəbbüslərdir.

Genetik araşdırmalar, dərman sənayesi və biotexnologiya üçlüyünün tətbiq sahəsi son otuz ildir sürətlə dəyişir. Texnologiya ilə elmin bu yeni ortaqlığı həm hüququ, həm də iqtisadi səmərəlilik baxımından biotexnologiya özünə yol açıb. Spekülyatif strategiyalar və bazarın qloballaşması başda olmaqla kapitalizmin gəlir mənbəyi olaraq viruslar, peyvəndlər və müxtəlif müalicə üsulları bazara çıxardılır. Bu görə də insan həyatının təməlləri, yaşaması və ölməsi ilə əlaqədar olduğunu düşündüyümüz məlumatlar əmtəələşdirilir. Yəni, bədən, sağlamlıq, xəstəlik, doğum, ölüm kimi məsələlər tamamilə qlobal iqtisadi quruluşun mərkəzləri tərəfindən, böyük qlobal şirkətlər tərəfindən idarə olunur.

19-cu əsrdə sosial Darvinçilik güclünün həyatda qalma prinsipini toplumlararası əlaqələrə uyğunlaşdıraraq irqçilik və müstəmləkəçiliyə dəstək vermişdi. Hal-hazırda da biotexnologiya qloballaşan kapitalizmin və liberalizmin ulduzu altında parlayır. Deməli, sağlamlıq da olacaq, insan ömrü də olacaq, ancaq bəşəri dəyərlər daha da ucuzlaşacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə