Azərbaycanda iğtişaş yaratmaq cəhdləri nəyə hesablanıb? - ANALIZ

Son günlərdə Azərbaycanda siyasi və ictimai sabitliyi pozmağa çalışan qüvvələrin fəallaşdığı hiss olunur. Əvvəlki cəhdlərdən bir nəticə əldə edə bilməyən xarici qüvvələr indi də dini məsələləri ortaya atıblar və cəmiyyətdə qarşıdurmağa yaratmaq üçün ölkədəki əlaltılarına yeni sifariş veriblər. Söhbət kiçik yaşlı şagirdlərin orta məktəblərə çadrada gəlməsinə icazə verilməsini tələb edən bir qrup radikal dindarın fəaliyyətindən gedir. Lakin həm dövlət, həm cəmiyyət bu məsələdə təmkinli davrandı və növbəti təxribat projesi də baş tutmadı.

Azərbaycanda dini durum

Hazırda dünyada 7 milyarda yaxın insan yaşayır ki, bunun da 1 milyarddan çoxunu (təxminən 15 faizini) müsəlmanlar təşkil edir. Bir neçə böyük ölkənin əhalisinin əksəriyyəti müsəlmanlardan ibarətdir. Azərbaycan dindarlarının əksəriyyəti müsəlmanlardır. Bu xalq ta qədimlərdən Tanrıya sadiq, dini qayda və ayinlərə bağlı olub, hər zaman mənəvi dəyərlərə hörmət bəsləyib. Sovetlər dönəmində dini qaydalara əməl etməklə bağlı məhdudiyyətlərə baxmayaraq həmişə xalqın qəlbində Tanrı sevgisi olub.
Artıq 20 ilə yaxındır ki, Azərbaycan özünün müstəqilliyini bərpa edib. Tarix üçün çox kiçik olan bu müddətdə ölkəmiz keçmiş SSRİ-yə daxil olan respublikalar arasında iqtisadi və siyasi cəhətdən müqayisə olunmaz dərəcədə yüksək sürətlə inkişaf edib. Azərbaycan artıq müasir dünyanın, bütün mütərəqqi beynəlxalq qurumlarının həqiqi üzvüdür. Ölkəmizdə bütün dini icmalar azad şəkildə fəaliyyət göstərir. Söz azadlığı, mənəvi dəyərlərin qorunması təmin edilib.
Dünya şöhrətli siyasətçi Heydər Əliyev uzaqgörən və müdrik fəaliyyəti nəticəsində müstəqil ölkənin vətəndaşlarına bütün bəşəri azadlıqların arasında, həm də dini etiqad azadlığını bəxş edib. İndi Azərbaycanda çox az yaşayış məntəqəsi tapılar ki, orada hansısa bir məbəd olmasın. Ölkədə bütün dini icmalar sərbəst və azad fəaliyyət göstərir.
Əlbəttə, bütün sahələrdə olduğu kimi, dini sahədə də müəyyən problemlər mövcuddur. Azərbaycan xalqı 70 il sovet hakimiyyəti dövründə ateizim təbliğatının təsiri altında yaşayıb. Təbii ki, bu, bəzi insanların təfəkküründə və ideologiyasında öz izini və təsirini buraxıb. Lakin, insanlarımız dini qaydalar və müasir həyatın tələblərini uyğunlaşdıraraq öz həyatlarını düzgün yaşamağa çalışırlar.
Lakin dini maariflənmənin aşağı olması səbəbindən müəyyən problemlər də yaranır. Belə ki, bəzi insanlar din haqqında səhv mülahizələr yürüdür və dinin tələblərini öz təriqətlərinə uyğun şəkildə izah edirlər. Bu da təriqətlər arasında münaqişəyə səbəb olur. Bu həm dinə, həm də dövlətimizin məqsədlərinə zidd olan bir məsələdir.

Dini maarifləndirməyə ehtiyac var

Azərbaycanda mövcud olan dini təriqətlərin sərbəst fəaliyyət göstərməsindən sui-istifadə etmə halları var. Ölkədə qanunsuz fəaliyyət göstərən zərərli dini təriqətlər də mövcuddur. Azərbaycana qarşı düşmən mövqedə olan xarici ölkələrin xüsusi xidmət orqanları, bəzi terror təşkilatları öz çirkin niyyətlərini həyata keçirmək üçün dini təriqətlərdən istifadə edirlər.
Bəzi təriqətlərin üzvləri ifrat dərəcədə fanatik dindarlığa meyil göstərirlər və ictimai təhlükəsizlik üçün problemlər yaradırlar. Bu halların aradan qaldırılması üçün dini maariflənməyə və təhsilə ehtiyac var.
İslam dininin təbliği və dini ayinlərin həyata keçirilməsi ilə məşğul olan ruhanilərin- "din xadimlərinin" savadsızlığı, islam dininin düzgün təbliğ olunmaması, insanların dini inanclarının çaşdırılması və kortəbii inancların meydana gəlməsinə gətirib çıxarır. Dini icmalarda yüksək təhsilli ruhanilərin çatışmazlığı və ictimai tədbirlərdə, məclislərdə dini qaydalar haqda insanlara düzgün məlumat verilməməsi buna gətirib çıxarır ki, cəmiyyətdə dinin əsl mahiyyəti haqda məlumatsızlıq yaranır.
Təhsil müəssisələrində müxtəlif dinlərin yaranma tarixi və təşəkkül tapması bu dinlərdə insani əxlaqi dəyərlər haqqında tələb və tövsiyələrin tədrisinin aparılmaması nəticəsində gənclərin dini baxışları səhv formalaşır, bundan yararlanan bəzi qüvvələr isə dövlətə və dövlətçiliyə qarşı istifadə edirlər. Bu çatışmamazlıqları bərpa etmək üçün təbii ki, müəyyən vaxt lazımdır.
Azərbaycanda dini təhsilə də böyük önəm verilir. Ölkəmizin ali məktəblərindən biri olan Bakı İslam Universitetində və digər universitetlərin ilahiyyat fakültələrində xeyli gənc dini təhsil alır. Bundan başqa, onlarla gənc islam ölkələrinin aparıcı universitetlərində təhsillərini davam etdirirlər. Bütün bunlar qəti fikir söyləməyə əsas verir ki, Azərbaycanda savadlı ilahiyyatçılar yetişməkdədir.

Dövlət-din münasibətləri hansı səviyyədə tənzimlənir?

Prezident Heydər Əliyevin 21 iyun 2001-ci il tarixli 512 saylı fərmanı ilə Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi yaradıldı. Prezident İlham Əliyev də hər zaman dini dəyərlərə böyük hörmət göstərib və Azərbaycanın dünyada nümunəvi tolerant ölkə imicini qazanmasında əsas rol oynayıb.
Azərbaycanda dini konfessiyalar arasında sülh və əmin-amanlıq mövcuddur. Unutmamalıyıq ki, Azərbaycanda bu münasibətlərin qorunub saxlanması hər bir vətəndaşın borcudur. Çünki bütün dinlər vətəni və milləti sevməyi bizə təlqin edir.
Din təkcə mənəvi həyat tərzi deyil, həm də fiziki cəhətdən sağlam cəmiyyətin formalaşmasına xidmət edən bir faktordur. Müasir dövrün ən böyük bəlalarından biri olan narkomaniya və mənəvi düşkünlüyü aradan qaldırmaq üçün dini təbliğ edən insanlar mənəvi və əxlaqi dəyərlərdən geniş söhbət açmalı, insanları maarifləndirməlidirlər. Bu məqsədlə əsasən gənclər arasında dini təbliğat, araşdırma və tövsiyəyə ehtiyac duyulur. Getdikcə bu nöqsanlar düzəlmək üzrədir. Ümumiyyətlə, dini təlimlərə görə, insan hər zaman naqislikdən, kamala doğru hərəkətdədir.
Dövlət Komitəsi və digər aidiyyatı dövlət qurumları əlaqəli fəaliyyət göstərməklə, zərərli təriqətlərin (qeydiyyatda olan və olmayan) vaxtında aşkar edilməsi və fəaliyyətinin yoxlanılmasını, Dövlət Komitəsinin rəhbərliyi altında dini fəaliyyətlə məşğul olan ruhanilərin hazırlıq səviyyəsinin (təhsil, savad, bilik və bacarığın) yoxlanması və fəaliyyətin daimi nəzarətdə saxlanmasını təmin etməlidir. Bu zaman dini fəaliyyətlə məşğul olan ruhanilərin şəxsi əxlaq keyfiyyətlərini ciddi diqqət mərkəzində saxlamaq lazımdır. Onların əsas fəaliyyət sferası səmimiyyətə və düzgünlüyə köklənməlidir.

Azərbaycan dünyəvi qanunlarla idarə olunan dövlətdir

Azərbaycanda dövlət-din münasibətləri də həmişə yüksək səviyyədə olub. Ölkədə bütün dini konfessiyalara sərbəst şərait yaradılıb və heç bir maneçilik törədilmir. Dünyada analoqu olmayan belə tolerantlıqdan yararlanmağa çalışanlar unudurlar ki, ölkədə dövlət tərəfindən son illərdə 500-dən yuxarı məscid, onlarla kilsə, sinaqoq və digər məbəd və ziyarətgahlar tikilib. Azərbaycanda hazırda 2000-ə yaxın məscid və ziyarətgah var. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə dövlət tərəfindən çox böyük vəsait ayrılaraq Təzəpir məscidinin dünyanın ən zəngin və ən möhtəşəm məscidlərindən birinə çevrilməsi dini dəyərlərə hörmətin hansı səviyyədə olduğunu göstərir.
Son vaxtlar ölkədə dindarların həssaslığından yararlanmağa çalışan qüvvələr tərəfindən ortaya bəzi məsələlər atılıb. Bunlardan biri də şagirdlərin orta məktəbə çadra ilə gəlməsinə icazə verilməsidir. Bir qrup adam tərəfindən bununla bağlı aksiya da keçirilib. Təhsil naziri isə bəyan edib ki, Azərbaycan sivil, dünyəvi dövlət quruluşuna malikdir və sivil, demokratik qanunlarla idarə olunur. O üzdən də şagirdlər məktəbə vahid məktəbli geyimində gəlməyə borcludurlar.
Lakin xaricdən idarə olunduğu şübhə doğurmayan bəzi radikal dini qruplar özlərinin inanclarını bütün cəmiyyətin yaşam sisteminə daxil edilməsini tələb edirlər. Ümumiyyətlə, hər hansı bir dində, eləcə də islamda qadınların, xüsusilə də uşaq və yeniyetmələrin çadraya bürünməsini vacib buyuran müddəa yoxdur. "Quran"da bununla bağlı açıq və konkret olaraq "örtünün, geyinin" deyilir. Yəni, əyininizə paltar geyinin. Bu ilahi buyruq kiçik yaşlı qızların valideynləri tərəfindən zorla çadraya bürünməyə məcbur edilməsini gərəkdirməz.
Hər kəsin geyim azadlığı var, lakin hər yerin də özünün qayda-qanunları var. Əgər şagird məktəbə təhsil almağa gəlirsə, buranın daxili qayda-qanunlarına riayət etməyə borcludur, müqəddəs elm ocağında çadraya bürünməyə, ya da açıq-saçıq geyimə ehtiyac yoxdur. Əgər kimsə din xadimi olmaq istəyirsə, o zaman mədrəsələrə üz tuta bilər.

Xarici qüvvələrin növbəti təxribat cəhdi baş tutmadı

Son hadisələr və ona reaksiyalar göstərdi ki, Azərbaycan cəmiyyəti sivil yaşamı, müasir dünyaya inteqrasiya yolunu davam etdirir və xarici qüvvələrin sifarişi ilə ölkədə ara qarışdırmağa çalışanlara qarşı öz mövqeyini ortaya qoyur. Maraqlıdır ki, son günlərdə erməni mediasının manşetlərində "Azərbaycanda çadra davası" başlıqlı xəbərlər eninə-uzununa dərc olunur. Hətta bu günlərdə daha da aktuallaşan və müharibə ehtimalının qızğın müzakirə edildiyi Qarabağ problemi də erməni mətbuatında ikinci plana keçib. Necə deyərlər, pişiyin quyruğu görünür.
Fikir verirsinizsə, bu oyunlar Qarabağ probleminin həlli ilə bağlı aparılan müzakirələrin ən kritik anlarında ortaya çıxıb. O günlərdə ki, Azərbaycan beynəlxalq təşkilatlar və Ermənistan qarşısında münaqişənin həlli üçün seçim qoyub və öz torpaqlarını azad etmək üçün yaxın zamanda ən ciddi tədbirlər görəcəyini bəyan edib. Hər dəfə belə kritik məqamlarda xaricdən bəzi məlum qüvvələr ölkədə siyasi, dini, milli qarşıdurma yaratmağa çalışırlar. Amma farslar demiş, çifayda!
Azərbaycan monolit dövlət, vahid xalq, tolerant cəmiyyət modelini seçibə və bu yoldan dönməyəcəyini ortaya qoyub. Azərbaycanda xalq və dövlət arasında qırılmaz bağlar var ki, bunu heç bir daxili və xarici qüvvə qoparmaq iqtidarında deyil.
Göründüyü kimi, Azərbaycanda dini problem yoxdur, sadəcə bunu süni surətdə yaratmağa çalışan bir qrup adam var ki, onların da belə əməllərinin qarşısı qanunauyğun formada alınır. Medianın və sivil toplum qurumları da bu məsələdə maarifləndirmə işi aparmağa, cəmiyyətdə milli birliyi, vətəndaş cəmiyyətini daha da möhkəmləndirməyə borcludurlar. Çünki Azərbaycan bizim dövlətimizdir, bu dövləti də biz qorumalıyıq. Biz buna məhkumuq!

Bütün xəbərlər Facebook səhifəmizdə