BMT-nin baş katibi: “Dağlıq Qarabağ münaqişəsi dialoq və sülh yolu ilə həll olunmalıdır”

Xəbər verdiyimiz kimi, Avropa Şurasında Avropa İnsan Hüquqları Konvensiyasının 60 illiyinə həsr edilmiş təntənəli tədbir keçirilir. SİA-nın məlumatına görə, tədbirə dəvət edilmiş BMT-nin baş katibi Pan Gi Mun Avropa Şurasının baş katibi Työrborn Yaqlandla birlikdə mətbuat konfransı keçiriblər.

"BMT-nin dörd qətnaməsi Ermənistan tərəfindən hələ də yerinə yetirilməyib, BMT bu istiqamətdə hansı addımlar atmaq niyyətindədir" sualını cavablandıran Pan Gi Mun Dağlıq Qarabağ münaqişəsinin də bir çox digər regional münaqişələr kimi dialoq və sülh yolu ilə həll olunmasının zəruri olduğunu bildirib: "Dünyada bir çox münaqişələr mövcuddur və bu münaqişələr, o cümlədən Dağlıq Qarabağ münaqişəsi də dialoq və sülh yolu ilə həll edilməlidir.

Paralel olaraq Türkiyə ilə Ermənistan arasında son zamanlar gedən dialoqun irəliləməsi bizi ruhlandırır. ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində öz vasitəçilik missiyasını yerinə yetirir və BMT də bu məsələnin sülh yolu ilə həll edilməsi istiqamətində öz töhfəsini verməyə hazırdır".

BMT baş katibinin mövqeyi qəti olaraq ortadadır və onun Ermənistanın BMT qətnamələrini yerinə yetirmədiyini elan etməsi Yerevanın beynəlxalq mövqelərinə ciddi zərbələr vurur. Pan Gi Mun dolayı yolla Ermənistanı münaqişənin sülh yolu ilə həllinə maneə törətməməyə çağırır.

Azərbaycanın işğal olunmuş əraziləri məsələsi Avropada da aktuallaşıb. "Birləşmiş Krallıq və Avropa İttifaqının (Aİ) Azərbaycan və Ermənistan Dağlıq Qarabağ münaqişəsini həll etmələri üçün köməklik göstərməkdə açıq marağ var". Bu barədə SİA-ya açıqlamasında Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri, Britaniya parlamentinin üzvü Devid Lidinqton deyib. O bildirib ki, son zamanlarda cəbhə xəttində zorakılıq insidentlərin artımı bizim narahatlığımız üçün səbəb yaradır: "Biz münaqişə tərəflərinin sülhməramlı, davamlı həllini danışıqlar yolu ilə əldə etmələrinə yardım göstərən Minsk qrupunun səylərini dəstəkləyir və bundan sonra da dəstəkləyəcəyik.

Belə düşünürəm ki, Avropa İttifaqı xüsusilə münaqişənin həllindən sonra Azərbaycan-Ermənistan kimi yardım təklif edə biləcəyini aydınlaşdırmaq və bu kimi daha artıq iş görə bilər. Mənim tapşırıqlarımdan elə biri də Aİ və Birləşmiş Krallığın artırılmış birgə səylərinin hansı sahələrdə dəyişilik yarada biləcəyini qiymətləndirməkdir.

Düşünürəm ki, Dağlıq Qarabağ problemi tezliklə öz həllini tapmalıdır. Çünki son zamanlar insidentlər ölümlə nəticələnir. Rəsmi Londonun da münaqişənin həllində mövqeyi ondan ibarətdir ki, problemin sülh yolu, ərazi bütövlüyü, güc tətbiq edilmədən və millətlərin müqəddaratını həll etmək prinsipləri nəzərə alınaraq Dağlıq Qarabağ münaqişənin həlli istiqamətində Minsk qrupunun fəaliyyətini dəstəkləyir".

Bu arada Rusiya prezidenti də maraqlı bəyanatla çıxış edib. "Rusiyanın ən müxtəlif problemləri, həmçinin "dondurulmuş münaqişələr"i həll etmək üçün potensialı var"- Dmitri Medvedev deyib. Münaqişələrin həlli istiqamətində müəyyən nəticələrin əldə olunmasını mümkün sayan Kreml sahibi bunun üçün münaqişə tərəflərinin konstruktivlik nümayiş etdirməsinin də vacibliyini söyləyib.

Rusiya dövlət başçısının bu sözləri Kremlin istənilən münaqişənin həllində böyük imkanları olduğuna işarədir. Moskvanın Ermənistan-Azərbaycan münaqişəsinin həllində də mövqeyi dəyişə bilər. Burada Azərbayanla son illərdə siyasi və iqtisadi əlaqələrin genişlənməsi faktoru da önəmli rol oynaya bilər.

Yeri gəlmişkən, Rusiyalı ekspertlər son vaxtar Qarabağ münaqişəsinin həllində Azərbaycanın təsir imkanlarının artdığını vurğulayırlar. "Qarabağ münaqişəsinin hərbi yolla həlli tamamilə mümkündür"- bunu Rusiyanın Milli Enerji Təhlükəsizliyi Fondunun yaradıcısı və baş direktoru, politoloq Konstantin Simonov day.az saytına müsahibəsində bildirib.

"Dünyada elə münaqişələr var ki, onların həlli çətin görünür. Belə görünür ki, Qarabağ münaqişəsinin siyasi həlli dalana dirənib. Mən anlaya bilmirəm ki, onu kompromislər əsasında necə çözmək olar. Vasitəçilərin köməyilə onu çözmək mümkün olmur. Açıq danışsaq, bu halda münaqişənin hərbi yolla həlli variantı tam ehtimal olunandır. Üstəlik, Azərbaycan neft və qaz ixracını artırmaqdadır, onun iqtisadi, həmçinin hərbi üstünlüyü artır.

Bir sözlə, bu gün Azərbaycanın müharibəyə daha yaxşı hazırlaşması üçün pulu var. Fikrimcə, bunu Ermənistan da yaxşı anlayır", - deyə politoloq qeyd edib. Münaqişənin hərbi yolla həllində Azərbaycaın aşkar və böyük üstünlüyü Qərb ekspertləri tərəfidnən də təsdiq olunur. Azərbaycan hökumətinin növbəti il üçün dövlət büdcəsində müdafiə xərclərini artırmaq qərarını ABŞ analitikləri müzakirə edirlər.

Qlobal xarici siyasətdə əsas meylləri izləyən ABŞ-ın nüfuzlu "Foreign Policy" jurnalı bu barədə yazır ki, Azərbaycan öz ordusunun müasirləşdirilməsi üçün böyük məbləğdə vəsait nəzərdə tutub: "Bu, Dağlıq Qarabağ münaqişəsinin gələcəyi barədə müəyyən mülahizələrə əsas verir. Belə ki, 1988-ci ildən 1994-cü ilə qədər gedən müharibədə Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və onun ətrafındakı rayonları işğal edib, həmin ərazilərdən etnik azərbaycanlılar qovulub və bu torpaqlarda ermənilər məskunlaşdırlııb. Lakin bu hadisələr Sovet İttifaqı dağılarkən baş verib. Əgər müharibə bu gün yenidən başlasa, hər şey başqa cür ola bilər".

Jurnal xatırladır ki, Azərbaycanın ümumi daxili məhsulu 46,13 milyard ABŞ dolları olduğu halda, Ermənistanda bu rəqəm cəmi 11,92 milyarddır. Rəsmi Bakı təkcə qonşuları Rusiya, İran, Gürcüstan və Türkiyə ilə deyil, ABŞ və Çin kimi nüfuzlu dövlətlərlə də yaxşı əlaqələr qurub. Ermənistan isə daha az sevilir. Ərazisində Rusiyanın hərbi bazalarını yerləşdirən Ermənistanın Gürsüstana münasibəti laqeyd, Türkiyə ilə əlaqəsi isə yoxdur. Rusiya, ABŞ və Fransanın vasitəçiliyi ilə aparılan sülh danışıqlarının nəticəsiz qaldığını diqqətə çatdıran jurnal son vaxtlar cəbhə xəttində gərginliyin artdığını bildirir. "Foriegn Policy" Cənubi Qafqazda yeni müharibənin başlayacağı ehtimalının az olduğunu bildirsə də, hesab edir ki, bu, baş versə, Azərbaycan üstün olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə