Ekspetlər: Ermənistan və Türkiyə sərhədlərinin açılması Dağlıq Qarabağ problemi həll olunmadan mümkün olmayacaq - TƏHLİL

Yaddaşlarda Sürix protokolları kimi qalan tarixi hadisədən artıq 1 il ötür. Məlum olduğu kimi, ötən il oktyabr ayının 10-da İsveçrədə Türkiyə və Ermənistan xarici işlər nazirləri arasında imzalanan Sürix protokolları iki dövlət arasında sərhədlərin açılmasını sürətləndirmək məqsədi daşıyırdı. İşğalçı Ermənistan və onun xaricdəki havadarlarının birbaşa təşəbbüsü və canfəşanlığı nəticəsində imzalanan sənəd, əslində, mahiyyət etibarilə işğalçı ölkənin blokadadan çıxarılmasına xidmət edir. Hər kəsə məlum olduğu kimi, bu gün Türkiyə-Ermənistan sərhədlərinin bağlı olmasının səbəbkarı işğalçı Ermənistandır. Çünki rəsmi Ankara məhz Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalına və Türkiyəyə qarşı uydurma "soyqırımı" iddialarına etiraz əlaməti olaraq 1993-cü ildə bu ölkə ilə sərhədləri bağlayıb. Həmin hadisədən keçən illər ərzində işğalçı ölkə nəinki əməlindən heç bir nəticə çıxarmayıb, əksinə həm Azərbaycan torpaqlarının işğalını, həm də Türkiyəyə qarşı uydurma ərazi və "soyqırımı" iddialarını davam etdirib. Sözsüz ki, belə olan halda sərhədlərin açılması Ermənistanın təcavüzkar əməllərinə haqq qazandırmaqla yanaşı, proqnozlaşdırılması mümkün olmayan ağır nəticələrə gətirib çıxara bilərdi. Əksər ekspertlərin də qeyd etdiyi kimi, belə bir addım Türkiyə və Azərbaycanın milli və dövlət maraqlarına tamamilə ziddir. Xüsusi olaraq qeyd edilməlidir ki, qardaş ölkənin siyasi dairələri vəziyyəti düzgün dəyərləndirərək Azərbaycan ərazilərinin işğalının dayandırılmasını Ermənistan qarşısında şərt kimi qoydu və bütün beynəlxalq təzyiqlərə baxmayaraq, rəsmi Ankara öz mövqeyindən geri çəkilmədi. Hər iki ölkə ictimaiyyətində razılıqla qarşılanan bu hal əslində, ermənilərin iki qardaş xalq arasında münasibətlərə zərbə vurmaq niyyətinin puça çıxması demək idi. Ermənistanın birtərəfli qaydada sənədlərin mətninə dəyişikliklər etməsi isə protokollar ətrafında vəziyyəti daha da gərginləşdirdi. Qeyri-konstruktiv mövqeyindən əl çəkməyən rəsmi Yerevan sonda protokolları dayandırdığını elan etdi.Həmin hadisələri və protokollarla bağlı indiki durumu təhlil edən yerli və xarici ekspertlərin fikrincə, Ermənistan təcavüzkar siyasəti davam etdirdikcə, sərhədlərin açılması mümkün olmayacaq.

Politoloq Vəfa Quluzadənin sözlərinə görə, Sürix protokollarının imzalanması Qərbin atdığı yanlış addımın nəticəsidir: "Qarabağ problemini kənara atıb Türkiyə-Ermənistan sərhədlərini açmaq tamamilə qeyri-real siyasi addım idi. Ona görə ki, Ermənistanı Rusiya idarə edir. Türkiyə-Ermənistan sərhədlərinin açılması Rusiyanın mövqeyinə ziddir. Üstəlik, Azərbaycanın işğal olunmuş əraziləri faktorunun qabardılması nəticəsində rəsmi Ankara bu məsələni öz mövqeyinə daxil etdi. Yəni, Azərbaycan əraziləri işğaldan azad olunmayınca, Türkiyə bu ölkə ilə sərhədləri açmayacaq. Yaşanan xeyli gərginliklərdən sonra Sürix protokollarının tamamilə boş bir şey olduğu sübuta yetdi. Bu protokolların gələcəyi yoxdur və onlar gerçəkləşməyəcək.

Siyasi ekspert Elman Nəsirlinin bildirdiyinə görə, protokolların imzalanmasından keçən bir il onu göstərdi ki, Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinə xələl gətirmək mümkün deyil: "O zaman çoxları güman edirdi ki, protokolların imzalanmasından sonra onların parlamentlərdə təsdiqi çox vaxt aparmayacaq və sonda bu, Türkiyə-Ermənistan sərhədlərinin açılması ilə nəticələnəcək. Lakin hadisələrin sonrakı gedişatı göstərdi ki, belə düşüncələrin heç bir real əsası yoxdur. Türkiyə-Azərbaycan dostluğunu bu yolla, yəni, Ermənistan-Türkiyə münasibətlərini normallaşdırmaq yolu ilə pozmaq cəhdlərinin heç bir perspektivi yoxdur".

Qeyd edək ki, Vaşinqtonda Karnegi Fondunda (Carnegie Endowment) Türkiyə-Ermənistan arasında yaxınlaşmanın bir illiyinə həsr olunmuş konfransda bildirilib ki, ABŞ-ın Cənubi Qafqaz və Avrasiya üzrə tanınmış şərhçiləri bildirir ki, Dağlıq Qarabağ münaqişəsi həll olunmadan Ermənistan və Türkiyə arasında yaxınlaşma mümkün deyil. Rusiya və Avrasiya Proqramının baş tədqiqatçısı Tomas de Vaal (Thomas de Waal) qeyd edib ki, Ermənistan-Türkiyə münasibətlərinin normallaşması təkcə böhran dövrünü keçirmir, o həm də Dağlıq Qarabağ sülh prosesinə ziyan vurur: "2010-cu ildə danışıqlarda çıxılmaz vəziyyət yarandı. Təmas xəttində baş verən atışmalarda bir neçə əsgər həlak olub. Avqustda Ermənistan ərazisində Rusiya hərbi bazasının saxlanma müddətini uzatmağa razılaşdı və Rusiya ilə hərbi əməkdaşlığını gücləndirdi".
Kolumbiya Universitetindən (University of Columbia) Devid Filips (David Phillips) və Karnegi Fondunun tədqiqatçıları Henri Barkey və keçmiş ABŞ səfiri Ceyms Kolinz (James Collins) də müzakirələrdə iştirak ediblər.
Barışıq prosesinin gələcəyi barədə danışan Barkey bildirib ki, proses ölməyib, amma ona yenidən həyat vermək lazımdır. Əgər prosesi canlandırmaq üçün iş görülməsə, onda mövcud vəziyyət uzun müddət davam edə bilər. Barkeyin sözlərinə görə, Türkiyə hökumətinin protokolları imzalamasına bir neçə səbəb var: "Birincisi, protokollar 2009-cu ilin aprelində ABŞ prezidentinin aprelin 24-də 1915-ci il hadisələri ilə bağlı ənənəvi çıxışı ərəfəsində razılaşdırılmışdı. Protokollara razılıq verməklə Türkiyə Obamanın "soyqırım" sözünü işlətməyəcəyinə əmin olmaq istəyirdi. İkincisi, 2002-ci ildən etibarən Türkiyə hökuməti Türkiyəni dünyanın qüdrətli dövlətlərindən birinə çevirmək ambisiyası daşıyır. Türkiyə qlobal iqtisadiyyata malik 17-ci dövlətdir və Böyük İyirmiliyin (G20) üzvüdür. O, artıq əsas regional oyunçuya çevrilib və qlobal rolunu da artırmaq əzmindədir. Barışıq prosesi ölkənin xarici siyasətinin əsas kurslarını həyata keçirmək üçün lazımdır".
Müzakirə iştirakçıları belə bir ortaq fikrə gəliblər ki, beynəlxalq birlik, xüsusilə də ABŞ barışıq prosesinin irəliləməsində mühüm rola malikdir.
"Buna baxmayaraq, barışıq prosesi ətrafında bir sıra skeptik fikirlər də mövcuddur. Ermənilərin çoxu Türkiyəyə etibar etmir. Bəzi ermənilər sərhədlərin bağlı qalmasını istəyir. Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağın statusu ilə bağlı mübahisə həll olunmalıdır".
Devid Filips bildirib ki, Türkiyə parlamentinin yaxın bir neçə ayda protokolları ratifikasiya edəcəyi ehtimalı azdır. Onun fikrincə, protokolların ratifikasiyasına hazır olduğunu bildirən Ermənistan Ankaradan irəliləyiş görməsə, imzasını geri götürə bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə