Sarkisyanın cinayətlərini gizlətmək Avropanı işə salıb - TƏHLİL

Məlum olduğu kimi, İsveçin Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin başçısı, Ermənistan üzrə həmməruzəçi Qoran Lindblad Ermənistanın bu təşkilatdakı nümayəndə heyətinin rəhbəri David Arutunyana, habelə AŞPA-nın hazırkı baş katibi Mateo Sorinasuya məktub göndərib.

Məktubda deyilir: "Mənə çox qəribə gəlir ki, özünü demokratik hesab edən ölkə Avropa Şurasının "Demokratiyanın gələcəyi naminə" forumu çərçivəsində monitorinq komissiyasının həmməruzəçiləri ilə yüksək səviyyədə görüş keçirməyə vaxt tapmır. Mənə elə gəlir ki, bu, mənim Ermənistanın forum keçirməyə hazır olmaması barədə ehtimalımı təsdiq edir. Həmməruzəçilərin Ermənistana gəlməsinə monitorinq komissiyası tərəfindən iyunun 22-də icazə verilmişdi. Lakin, əvvəla, yay tətilləri, sonra isə bu görüşün sentyabrın əvvəllərində keçirməsinin tez olmasını bəhanə gətirərək səfər təxirə salınıb. Deyəsən forumu oktyabrın 17-18-də təşkil etmək barədə razılıq əldə olunmuşdu, lakin Ermənistan parlamentinin sədri bundan imtina edib".

İsveçin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri bildirib ki, Ermənistan hakimiyyət orqanları həmməruzəçinin səfərini onun şəxsiyyəti ilə əlaqədar təxirə salmağa çalışırlar. Belə ki, əgər o, həmməruzəçi olmasa, Assambleya yeni məruzəçi təyin edəcək.

Q.Lindblad məktubunda Foruma bir gün qalmış və ya forumdan sonra müvafiq hakimiyyət orqanları ilə həmməruzəçi qismində görüşünə bir də baxılmasını xahiş edir. Xatırladaq ki, "Demokratiyanın gələcəyi naminə" forum oktyabrın 19-21-də Yerevanda keçiriləcək.

Q.Lindblad İsveçdə keçirilən parlament seçkilərində deputat seçilməyib və deməli, AŞPA-nın monitorinq komissiyasında Ermənistanla əlaqədar başqa həmməruzəçi təyin ediləcək. Ermənistan müxalifəti hesab edir ki, Q.Lindbladın Ermənistan hökuməti ilə münasibətləri Yerevanda 2008-ci ildə seçkilərdən sonra baş vermiş faciəli hadisələrlə əlaqədar prinsipial mövqeyinə görə pozulub. Göründüyü kimi, bu hadisə bir daha Avropanı Ermənistanla bağlı siyasətində dəyişiklik etməyə vadar edir.

Xatırladaq ki, 2008-ci ilin fevral ayında Ermənistanda keçirilən prezident seçkiləri dinc əhaliyə qarşı zorakılıq və seçki saxtakarlığı ilə müşayiət olunub. Hələ o dövrdə seçkini müşahidə edən beynəlxalq təşkilatların nümayəndələri indiki hakimiyyətin kütləvi seçki saxtakarlığına yol verdiyini, dinc etirazçılara qarşı xüsusi amansızlığın göstərildiyini və etiraz mitinqlərinin vəhşicəsinə dağıdılmasını qeyd edib dünya ictimaiyyətinin diqqətinə çatdırmışdılar. Amma sonradan tədricən bu məsələni unutdurmağa çalışan bir sıra Avropa dairələri, hətta əvvəlcə bildirdikləri rəyləri belə düzəltmək fikrinə düşdülər.
Seçkidən sonra baş verən 1 mart hadisələri isə yenidən Ermənistanda hərbi xuntanın törətdiklərini dünyanın diqqət mərkəzinə gətirdi. Belə ki, həmin gün seçki saxtakarlığına etiraz edən mitinqçilər hərbçilər tərəfindən vəhşicəsinə döyülmüş, 20 nəfərə yaxın insan qətlə yetirilmiş, seçkilərdə müxalifəti təmsil edən namizəd Levon Ter–Petrosyan ev dustağı kimi nəzarətə alınmışdı. Artıq vəziyyətin bu həddə gəlib çatması bir sıra hallarda tərəfkeşliyi və xristian təəssübkeşliyi ilə seçilən beynəlxalq təşkilatları da məsələyə ciddi yanaşmağa sövq etdi.
Təsadüfi deyildi ki, Avropa Şurası Parlament Assambleyasının aprel sessiyası zamanı ən əsas müzakirə obyekti məhz Ermənistanda baş verən seçki saxtakarlığı və seçkisonrakı vəziyyətlə bağlı idi. Hətta ekspertlərin fikrincə, bir sıra xarici nümayəndələrin məsələnin üstündən yumşaq şəkildə keçmək istəklərinə baxmayaraq qurum Ermənistanda baş verənlərin heç bir demokratik dəyərlərə cavab vermədiyini sübuta yetirdi. Məsələ ilə bağlı məruzəçinin fransalı olması belə erməniləri xilas edə bilməmişdi və çıxışların böyük əksəriyyəti Ermənistandakı vəziyyətin kəskin tənqidi ilə müşayiət olunmuşdu. Aprel sessiyasında isveçli xanım deputat isə gözləri qarşısında məntəqələrin birində Levon Ter–Petrosyanın lehinə verilən bülletenlərin Sarkisyanın xeyrinə yazıldığının şahidi olduğunu demişdi. Macarıstanı təmsil edən parlamentari isə qurumdan nə vaxta qədər Ermənistanda baş verən qanunsuzluqlara göz yumacaqlarını soruşmuşdu. Həmin iclasda Ermənistanda seçkilərin həm seçkiqabağı, həm də seçkisonrası dövrlərdə böyük qanun pozuntuları ilə müşayiət olunduğu, seçki günü zorakılığa yol verildiyi, səslərin düzgün sayılmadığı, Sarkisyanın faktiki olaraq zorla hakimiyyətə gətirildiyi vurğulanmışdı. Bu iclas Avropa Şurası tarixində ən kəskin tənqidi müzakirələrdən biri kimi də yadda qalmışdı. Amma yenə də ikili standartların işə düşməsi nəticəsində Ermənistan ilə bağlı qərar yay sessiyasına saxlandı.
İyunun 25–də isə Avropa Şurası Parlament Assambleyası Ermənistanla bağlı növbəti qətnaməni qəbul edib. Qətnamədə Ermənistana qarşı yeni tələblər irəli sürülüb və onların yerinə yetirilməsi üçün hakimiyyətə 2009–cu ilin yanvar ayına qədər vaxt verilib.
Qətnamədə Ermənistanın bütün siyasi qüvvələrinin İrəvanda 1–2 mart hadisələrini araşdırmaq üçün yaradılmış müvəqqəti parlament komissiyasının işində iştiraka konstruktiv yanaşılması istənilir. Bundan başqa yeni sənəddə Ermənistan parlamenti əfv barədə qanun qəbul etməyə çağırılır, Serj Sarkisyana isə İrəvanda 1 mart hadisələri ilə bağlı bütün saxlanılanları (qətllərlə birbaşa əlaqəli olanlardan başqa) əfv etməsi tövsiyə edilir. Bununla yanaşı, günahı sübut olunmayan bütün şəxslərin azad edilməsi vacibliyi qətnamədə əks etdirilir. AŞPA, həmçinin hakimiyyəti müxalifətin mitinqlərinə icazə verməyə çağırıb.
Belə demək mümkündürsə, zamanın yanvara qədər artırılması həm də artıq yeni hakimiyyətin beynəlxalq təfşkilatlar tərəfindən tanınmasının və legitimləşdirilməsi planının bir hissəsidir. Amma bununla barışmayan Ermənistan müxalifəti öz etirazlarını davam etdirməkdə qərarlı görünür.

Artıq Sarkisyanın cinayətlərini ört-basdır edən Avropa artıq peşmançılıq çəkir. Bəlkə də, indi Ermənistanın sivill yola gətirilməsi üçün əlverişli şərait yaranıb.

Bütün xəbərlər Facebook səhifəmizdə