Azərbaycanda artmaqda olan narkomaniyaya qarşı mübarizə aparılmalıdır - ARAŞDIRMA

Bu gün yetkinlik yaşına çatan gənclərin müxtəlif təsirlər nəticəsində fərqli yollara meyl etməsi halları çoxalıb. SİA- gənclərin düşdüyü belə yollardan biri olan narkomaniya qurbanına çevrilməsinin səbəblərini və buna şərait yaradan amilləri araşdırıb.

Narkotikanın nə qədər zərərli bir maddə olduğu uşaq hələ yetkinlik dövrünə çatmadan aşılanır. Ailələr övladlarının bu bəlanın qurbanı olmaması üçün əllərindən gələni edirlər. Bəs nədir səbəb nədir ki, Azərbaycanda bu qədər səylərə baxmayaraq gənclər narkotik maddə asılılığına düçar olurlar?

İlk olaraq bu barədə gənclər arasında sorğu keçirməyi qərara aldıq. Həqiqətən də çox qəribə fikirlərlə qarşılaşdıq. Bəziləri bu məsələdə gəncləri günahlandırsalar da, bəziləri kəskin şəkildə məsuliyyəti yalnız ailələrin üzərinə atdılar.

23 yaşlı Rüstəm Zeynalov hər şeyin gənclərin özündən asılı olduğunu bildirdi: "Narkotikanın nə qədər zərərli olduğunu hamımız çox gözəl bilirik. Bu barədə kifayət qədər informasiya verən kinolar, ətraf mühitdə şahidi olduğumuz hadisələr var. Hər bir gənc bunlara diqqət etməli, öz həyatında belə bir şeyə yer verməməlidir. İnsan bilərək özünü ölümə aparırsa özündən başqa heç kim bu işdə günahkar deyil".

Digər bir gənc isə bu işdə psixoloji faktorların əsas rol oynadığını söyləyib. 21 yaşlı Teymur İsazadənin sözlərinə görə, gənclərin narkotikaya meyl etməsi çox vaxt onların psixoloji gərginliyi nəticəsində baş verir: "Həyatında hər şey qaydasında gedən elə insanlar var ki, bir anda hər şeylərini itirirlər. Bəzən belə itkilərə, məğlubiyyətə boyun əyə bilməyən insanlar ciddi problemlər yaşayır və hər şeyi unutmaq üçün çarəni narkotikada görürlər. Bir dəfə istifadə etdikdən sonra hər şeyi bir anlıq unutduğunu görən bu insanlarda tədricən aludəçilik yaranır".

Qəribədir, həqiqətən də narkotika dərdləri və problemləri unutdururmu? Stresdən azad olmanın başqa yolları yoxdurmu?

Bu suallara 3 il narkotika aludəçisi olmuş, Türkiyədə 2 il müayinə olunandan sonra bu çirkabdan qurtulan 44 yaşlı Tərlan Qarayev cavab verib. Onun sözlərinə görə, narkotika həqiqətən də başlanğıcda insanın həyatına istədiyi anda tərgidəcəyini düşündüyü bir əyləncə kimi girir. Daha sonra isə alışırsan, artıq zaman keçdikcə narkotika insanın "olmazsa olmazları" sırasına daxil olur. Bunun da sonu əksər hallarda faciə ilə nəticələnir. Narkotikanın stresdən uzaqlaşdırdığını söyləyən Qarayev bildirib ki, bu əslində insanın özünü aldadış formasıdır: "Narkotikaya çox zaman depresiya səbəb olur. Bu müxtəlif səbəblərdən ola bilər. Bəzən ailəvi problemlər, bəzən oğlanın qızdan ayrılması, bəzən ağır keçən əsgərlik buna səbəb ola bilər".

Müsahibimizdən onu bu yola hansı səbəblərin vadar etdiyini soruşduqda aldığımız cavab onun saydığı səbəblərin sırasında deyildi: "Mən 21 yaşına kimi heç siqaretin dadını da bilmirdim. Güclü güləşçi idim, Avropa çempionatına hazırlaşırdım. Ağır avtomobil qəzası nəticəsində ayağım zədələndi, həkimlər bir daha əsla idmanla məşğul ola bilməyəcəyimi bildirdilər. Bu xəbər mənə çox pis təsir etdi. Həyatımda sahib olduğum hər şeyi itirmiş kimi idim. Böyük depresiyaya düşdüm. Stresim azalsın diyə siqaret çəkməyə, içki içməyə başladım. Ətrafımdakı dostlarımı da dəyişmişdim. Artıq idmançılarla oturub- durmurdum. Onların yarışlardan danışmağı, qalibiyyətləri müzakirə etmələri mənə ağır gəlirdi. Yeni dostlarım çəkdiyim əziyyəti görüb mənə stresimin azalması üçün müxtəlif çarələr təklif edirdilər. Siqaretlə başlayan bu çarələr narkotik vasitələrdə öz sonunu tapdı. Narkotikaya başlayanda istədiyim zaman tərgidə biləcəyimi, buna iradəmin yetəcəyini düşünürdüm. Amma bu o qədər də asan olmadı. Vaxt keçdikcə narkotikaya alışqanlıq yarandı. Artıq ən adi problemim olduqda belə çıxış yolunu narkotikada görürdüm".

Maraqlıdır, hadisələrin bu qədər içində olan bir insan bu bəladan necə qurtulmuşdu? Tərlanın sözlərinə görə ən birinci insanın özündə istək olmalıdır: "Narkotika asılılığı olan insanların bu çirkabdan qurtulması üçün ilk olaraq özlərində istək, qurtulmaq həvəsi olmalıdır. Əgər insanın özündə sağalmaq istəyi yoxdursa dəfələrlə müayinə edilsə belə bu heç bir nəticə verməyəcək. Mənim ailəm sağalmağım üçün hər şey edirdi, amma cəhdləri uğursuz nəticələnirdi. Bir qız sevirdim. Anama elçilikdən danışanda, mənə: -"Mən səninçün kiminsə qapısına getməyə utanıram oğul, sənin özünə faydan yoxdu. Kiminsə qızını niyə bədbəxt edirsən?",dedi. Bu sözdən də sonra sağalmağa qərar verdim və Türkiyədə 2 il çox ağır müayinələrdən keçərək müalicə olundum. İndi isə ailəliyəm iki sağlam övladım var. Gənclərə mətin olmağı, belə vasitələrdən və həyat tərzi bu cür olan insanlardan uzaq durmağı məsləhət görürəm".

Narkomaniya həqiqətən iradə ilə bağlıdırmı? Hansı psixoloji vəziyyətlər buna şərait yaradır? Narkomaniyaya qarşı hansı mübarizə üsulları daha doğrudur? Bəs bu barədə mütəxəssislər nə düşünür?

İlk olaraq suallarımızı Regional Psixologiya Mərkəzinin baş psixoloqu Dəyanət Rzayev SİA-ya verdiyi müsahibədə cavablandırıb: "Əfsuslar olsun ki bu gün Azərbaycanda narkomanların sayı kəskin surətdə artmaqdadır. Bunun qarşısının alınması üçün tədbirlərin görüldüyünü bilirik, amma bu heç də hər şeyin həll olunması anlamına gəlmir. Müxtəlif psixoloji vəziyyətlər, depresiya kimi bəzi aspektlər gəncləri bu yola vadar edir. Amma bəzən də bu sadəcə əyləncə həvəsi kimi özünü göstərir. Narkotikadan istifadə edən hər hansı bir insan bunu öz iradəsi ilə də tərgidə bilər, bu mümkün haldır. Amma belə hallar əsasən narkomanların din yolunu tutması zamanı baş verir. Çünki din belə məsələlərdə güclü təsirə malikdir. Elə insanlar da var ki bir müddət narkotikadan istifadə etməməyi bacarsa da, ən adi psixoloji gərginlik onu yenidən bu yola qaytarır və bu zaman təkrarolunma dediyimiz hal daha dəhşətli olur. Uzun müddət narkotikadan aralı qalan insanın yenidən bu çirkaba girməsi daha ağır nəticələr verə bilir. Ona görə də bəzən kiminsə üstündə narkotika tutulan zaman polislər onu həbs edir. Düzdür, həbsdə olduğu müddətdə bu insan narkotikadan uzaq tutula bilər, amma həbsdən çıxdıqdan sonra yenidən narkomanlığa davam edənlərin sayı daha çoxdur. Buradan da aydın görürük ki, həbslər heç də narkotikadan azad olmanın tam çarəsi deyil. Ümumiyyətlə, hər şeyi polislərə yükləmək olmaz. Azərbaycanda narkomaniya ilə bağlı maarifləndirmə işləri artırılmalıdır. Profilaktik tədbirlər isə demək olar ki, çox azdır. Narkomanlar cəmiyyətdən qismən uzaq tutulmalıdır, çünki onlar həm fiziki, həm də psixoloji cəhətdən xəstə insanlardır. Bu gün Azərbaycanda getdikcə artan narkomanlara qarşı kəskin şəkildə amansızcasına tədbirlər görülməlidir".

Mövzu ilə əlaqədar olaraq fikirlərini bildirən digər bir sosial psixoloq Naib Niftəliyevin sözlərinə görə, iradəsizlik narkotikanı doğuran səbəb deyil: "Narkomaniya problemi, narkotik vasitələrə aludəçilik müasir cəmiyyətin üzləşdiyi ən böyük bəlalardan biridir. Bəzən hər hansı insanın narkomana çevrilməsini onun iradəsinin zəifliyi ilə izah etməyə çalışırlar. Bu müəyyən mənada doğru yanaşma olsa da, heç də narkomaniyanı doğuran yeganə səbəb deyil. Narkotik vasitələrdən istifadə edənlərin cins və yaş tərkibinin müxtəlifliyi, bu mənfi təmayülün - ağ ölümün getdikcə daha çox insanı əhatə etməsi problemi doğuran səbəblərin daha mürəkkəb və çoxsaylı olduğunu göstərir. Narkotik anlayışı mənşəyini yunan dilində "narke" sözündən götürüb, tərcümədə yuxu mənasını verir. Belə maddələr əvvəllər tibbdə insanlara şəfa vermək məqsədi ilə tətbiq edilirdi. Sonradan bu maddələr insanlar tərəfindən əyləncə, eləcə də çətinliklərin, problemlərin müvəqqəti olsa da, unudulması üçün istifadə edilməyə başladı. Bu, elə bir maddədir ki, insan düşüncəsinə təsir edir və müəyyən mənada beyni tənzimləyir. Bu tənzimləmənin ifrat həddi müxtəlif fiziki-psixoloji effektlər və fəsadlar doğura bilər. Başqa sözlə, narkotik vasitələr hissləri, əhval-ruhiyyəni, düşüncəni kəskin dəyişməyə qadirdir. Belə maddələr ardıcıl olaraq, bir neçə dəfə istifadə olunduqda insanda böyük aludəçilik - fiziki və psixoloji asılılıq yaradır, insanın səhhətinə, sağlamlığına, düşüncəsinə və həyat tərzinə olduqca mənfi təsir göstərir. Burada narkotik vasitələrin istehsalının genişlənməsi də öz mənfi təsirini göstərir".

Psixoloqun fikirlərinə görə, gərginlikdən və depresiyadan qurtulmaq həvəsi narkomanların sayını artırır: "Müxtəlif psixoloji affektlərin - depressiyanın, nevrozun, psixoemosional stresslərin, fobiyanın və bu kimi digər meyillərin bilavasitə narkomaniyaya yol açdığını söyləmək qeyri-mümkündür. Bununla yanaşı, belə halətlərdən narkotik vasitələr qəbul etməklə xilas olmaq istəyi narkomanların sayının artmasını şərtləndirən səbəblərdən biridir. Bu xəstəliyə tutulmuş şəxslər, adətən, özlərini cəmiyyətdən təcrid edir, ətrafda baş verənlərə qarşı laqeyd, biganə olurlar. Eyni zamanda, ətrafdakı insanların da onlara münasibəti mənfiyə doğru dəyişir. Bu səbəbdən, belə insanlara ciddi psixoloji yardım etmək, mənəvi-psixoloji təsir göstərməklə onları narkomaniyanın girdabından qurtarmaq olduqca çətindir. Xüsusən, narkomaniyaya yoluxmuş şəxs özü bunu arzulamayanda, istəməyəndə ona hər hansı yardım göstərmək, praktik olaraq qeyri-mümkün olur. Kimlərin daha çox narkotik istifadəçisinə çevrilməsinə gəldikdə isə, belələrinə istənilən təbəqənin nümayəndələri arasında rast gəlindiyindən birmənalı nəticə çıxarmaq mümkün deyil. Narkomaniyaya düçar olan şəxs özü düşdüyü arzuolunmaz vəziyyətdən çıxmağa səy göstərməlidir ki, ona ciddi psixoloji yardım etmək olsun. Əks halda istənilən psixoloji təsir üsulu – nə inandırma, nə çəkindirmə, nə də bu kimi digər vasitələr real nəticə verməyəcək".

Belə qənaətə gəldik ki, narkotika aludəçiliyindən xilas olmaq üçün ilk növbədə istək, sonra isə dəstək çox əsasdır. Bacardığımız qədər gənclərin bu yollara düşməsinin, bu vasitələrdən istifadə etməsinin qarşısını almalıyıq. Əgər hansısa insan bu yolun qurbanı olubsa onu cəmiyyətdən kənarlaşdıraraq daha da özünə qapamaq deyil, cəmiyyətə yenidən qazandırmağa cəhd göstərməliyik. Onu bir narkoman gözündə görüb damğalı şəkildə tanımaqdan və ya onu ətrafımızdan uzaqlaşdırmaqdansa iradəli olduğuna, əgər biraz istəsə bu yoldan qurtula biləcəyinə inandırsaq daha çox yaxşılıq etmiş olarıq.

Ümumiyyətlə, səhvi olan insanların sərt bir dillə ittiham edilməsi onları bu səhvdən yayındırmır, hətta bir çox hallarda onlarda "yaxşı ki bunu etmişəm" düşüncələrini yaradır. Ona görə də bəzi şeylərə baxış tərzimizi dəyişməkdə fayda var.

Unutmayaq ki, bu dünyada çəkilən heç bir acı qanımızı zəhərləməyə dəymir!!!

Bütün xəbərlər Facebook səhifəmizdə