Türkiyədə Ana Yasa dəyişikliyinin pərdəarxası məqamları - ANALİZ
Referendumda səsvermə hüququna malik 50 milyona yaxın seçicidən 38 milyonu iştirak edib. Səsverməyə qatılanların 58 faizi Ana Yasa dəyişiklikləri dəstəkləyib, 42 faiz isə əleyhinə səs verib. Bununla da, Türkiyədə növbəti dəfə Konstitusiya dəyişikliyi reallaşıb.
Səsvermədə ən diqqət çəkən olay ana müxalifət lideri (CHP sədri) Kamal Kılıncdaroğlunun səs verə bilməməsi olub. Onun adı özünə xəbərdarlıq edilmədən seçici siyahısından çıxarılıb. Referendumda seçicilər Ana Yasanın 24 maddəsinə edilən dəyişikliyə münasibət bildiriblər. Bunların arasında 2 maddə - Ana Yasa Məhkəməsi ilə Hakimlər və Prokurorlar Ali Qurumunun (HSYK) tərkibinə dəyişiklik edilməsinə dair maddələr ölkədə çox ciddi mübahisələrə və cəmiyyətin ikiyə bölünməsinə gətirib çıxarıb. Müxalifət hakimiyyətdəki Ədalət və İnkişaf Partiyasını (AKP) bu dəyişiklik vasitəsilə məhkəmə hakimiyyətini ələ keçirmək cəhdində ittiham edir.
Konstitusiya Məhkəməsi və HSYK-nın quruluşunu yenidən təşkil edən, 12 sentyabr (1980) çevrilişçilərinin mühakimə olunmasına maneə törədən müvəqqəti 15-ci maddənin qaldırılmasını ehtiva edən konstitusiya dəyişikliyi paketi, hərbi çevrilişin 30-cu ildönümünə günü baş tutan referendum nəticəsində qəbul edildi. SP, BDP və MHP rəhbərliyi ilə tərs düşmüş idealistlərdən dəstək alan AKP istədiyi sonucu əldə etdi. 49 milyon 446 min 369 seçicinin 38 milyon 285 min 745-i (77,4 %) referendumda iştirak etdi. Bu səslərin 37 milyon 541 min 793-ü etibarlı sayıldı. Seçicilərin 21 milyon 767 min 624-ü (57.98 %) "bəli" dedi. 15 milyon 774 min 169 seçici (42.02 %) referendumda Anayasa dəyişikliyinə "xeyr" dedi.
Kamal Kılıçdaroğlunun apardığı siyasət, CHP-nin bələdiyyə seçkisində olduğu kimi özəlliklə güney-batı sahil bölgələrindən istədiyi nəticənin çıxarmasını və bəzi bölgələrdə gözləniləndən yüksək nisbətdə "xeyr" çıxmasını təmin etdi, ancaq milliyyətçi seqmentin sıx olduğu bölgələrdə seçicinin MHP-nin təbliğatının əksinə "bəli" deməsi, "xeyr" blokunun yüzdə 42-də qalmasına gətirib çıxardı. Dövlət Bağçalı və Kılıcdaroğlu nəticələr elan olunduqdan sonrakı açıqlamalarında AKP-nin dövlətin bütün resurslarında yararlanmaqla istədikləri sonucu aldıqlarını bəyan etdilər. Müxalifət bu referendumun əsas məqsədinin Məhkəməni öz nəzarətinə almaq, dövləti təhlükə zamanı ordunun müdaxilə imkanlarını hüquqi olaraq sıfıra endirmək olduğunu iddia edirlər.
Referendum öncəsi diqqətlər kürdləri təmsil edən BDP-nin "boykot" çağırışına fokuslanmışdı. 2009-un martındakı yerli seçkidə iştirak nisbəti yüzdə 85 olaraq reallaşmışdı. Buna qarşılıq 22 iyul 2007 parlament seçkisində iştirakın yüzdə 84,21 Oktyabr 2007 referendumunda isə iştirakın dibə vuraraq, yüzdə 67 olması, bu referenduma iştirak nisbətinin necə olacağı maraq doğururdu. BDP-nin Şərq və Cənub-şərqdə istədiyi sonucu alaraq elektoratının sandığa getməsini maneə törətməsinə rəğmən, digər bütün bölgələrdə iştirak səviyyəsi, öncəki referenduma nisbətlə yüksək nisbətdə reallaşdı.
Bunun təsiriylə, 12 sentyabr referendumunun iştirak nisbəti, 2007 referendumundan 10 % yuxarı, yüzdə 77,4 olaraq reallaşdı. İştirakın ən az olduğu vilayətlər (güney-doğuda) Hakkari, Şırnak, Diyarbakır, Mardin, Iğdır, Batmağın olaraq diqqəti çəkdi.
Hakkari Yüksekovada iştirak yalnız yüzdə 1 nisbətində oldu. Buna qarşılıq, bu vilayətlərdə seçkiyə gedən seçicilərin "bəli" deməsi, "bəli" nisbətlərinin bu bölgələrdə 90 faizin üzərinə çıxmasını təmin etdi.
Mütəxəssislərin şərhlərinə görə, "xeyr" blokunun 42 faizi keçməməsində özəlliklə MHP-nin qalası olaraq bilinən şəhərlərdə, Orta və Şərq Anadoluda ümid etdiyi seçici nisbətlərinə çıxa bilməməsi təsirli oldu.
Hakim Ədalət və İnkişaf partiyası reallaşdırdığı dəyişikliklərin ölkənin demokratikləşməsi və Avropa standartlarına yaxınlaşmasına xidmət edəcəyini desə də, müxalifət və bitərəf ziyalılar bu addımın gələcəkdə islamçı diktaturaya gətirib çıxaracağını bildirir. Türkiyədəki referndum Azərbaycanda böyük həyəcan və maraqla izlənilirdi. Azərbaycan siyasətçiləri, politoloqları nə düşünürlər?
Axar.az portalı referendumun nəticələrinin Türkiyə üçün nə vəd etdiyini Azərbaycan siyasətçilərdən soruşub. Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu hesab edir ki, dəyişiklik Türkiyənin gələcəyi üçün yaxşı heç nə vəd etmir. "Referendumda "Bəli" deyənlərlə "Xeyr" deyənlər arasındakı fərq o qədər də böyük olmadığına görə, Türkiyədə uzun müddət sabitliyi təhdid edən faktor olacaq. Əgər əhalinin 80-90 faizi "hə" desəydi, bəlkə də ciddi bir problem yaratmazdı. Amma belə durumda 40-45 faizlə konstitsuion müxalifət yaranır. Bunun özü də Türkiyə üçün yaxşı nəticələr vəd etmir.
Əlbəttə ki, Türkiyənin demokratik bir ölkə olması Azərbaycanın da maraqlarına daha çox uyğun olardı. Biz məsələyə yalnız belə yanaşa bilərik. Türkiyə sözün həqiq mənasında nə qədər demokratik olsa Azərbaycan bir o qədər çox güclü mütəffiq qazana bilər.
Türkiyə xalqının bu seçiminə hörmətlə yanaşdığını vurğulayan AMİP-in Beynəlxalq məsələlər üzrə katibi Elşən Mustafayev bildirdi ki, bu addım Türkiyənin dövlətçilik prinsiplərinin zəifləməsinə gətirib çıxaracaq. "Türkiyə xalqının seçimidir. Bu seçimə də hörmətlə yanaşıram. Ancaq referendumun nəticələri Qərb ölkələrinin mənafeyinə xidmət edir. Ona görə ki, konstitutsiyanın dəyişikliyə uğrayan maddələri Türkiyə Cümhuriyyəti yaranan gündən onun konsitutsiyasında olan maddələrdir. Söhbət orduyla bağlı olan maddələrə edilən dəyişikliklərdən gedir".
Bu günə qədər Osmanlı dövlətinin varisi olan Türkiyə Cümhuriyyəti müəyyən basqılar olsa belə hər hansı ciddi itkilər verdiyi nəticələrlə üzləşməyib. Zaman-zaman ayrı-ayrı siyasətçilər Türkiyənin dünyəvi prinsiplərini dəyişməyə cəhd etsələr də, konstitutsiyada olan müəyyən maddələr onları bu əməlllərindən çəkindirib. Güman edirəm ki, bu addım Türkiyənin dövlətçilik prinsiplərinin zəifləməsinə gətirib çıxaracaq. Bir məsələni qeyd etmək lazımdır. Türkiyəni güclü dövlət kimi qəbul etməyən dövlətlərin marağındadır ki, ölkədə siyasi çaxnaşmalar yarada bilsinlər. Konstitusiyaya olan dəyişikliklərə qədər bunu etmək onlar üçün çətin idi. Türkiyədə konsitutsiyaya dəyişiklik etməklə guya Avropaya yaxınlaşmaq istəyir. Ancaq mən yaxın 20-30 ildə Türkiyəni Avropa Birliyinin üzvü olaraq görmürəm. Xalq referenduma "hə" desə belə, mən hesab edirəm ki, nəticə etibarilə bu Türkiyədə dövlətçilik prinsiplərinin zəifləməsinə gətirib çıxaracaq.
Politoloq Qabil Hüseynli isə bu qənaətdədir: "Referendumun nəticələri Türkiyənin bu günü üçün heç də qənaətbəxş perspektivlər vəd etmir. Çünki hazırda iqtidarda olan dini təmayüllü partiya hakimiyyətin bütün qollarını, o cümlədən də məhkəmə qolunu nəzarətə almaq istəyir. Beləliklə, ölkədə avtoritar rejim qurulur. Ona görə keçirilən referendum Atatürkçü siyasi sistemə də zərbə vuracaq. Çünki Türkiyə indiyə qədər Atatürkün qurduğu dövlətçilik ənənələri ilə idarə olunurdu. Bundan sonra o sistemdə dəyişiklik olacaq. Orduya hökumətin müdaxiləsi ciddi sürətdə artacaq. Bundan başqa ordu indiyə qədər malik olduğu imtiyazlardan məhrum ediləcək. Məhkəmə hakimiyyətin müstəqil qolu kimi fəaliyyət göstərə bilməyəcək, tamamilə hökumətin nəzarəti altına keçəcək. Seçkilər ola bilsin yaxınlaşan parlament seçkilərində AKP-nin qələbəsinə təsir göstərsin. Nəticələrin belə olması Türkiyədə uzun müddət dalğalanmalar yaşadacaq".
Qeyd edək ki, referendumun nəticələri Avropa və ABŞ mediasında sanki bir bayram olaraq qeyd olunub. Əksər nüfuzlu qəzetlərin manşetində bu xəbər böyük bir uğur kimi qələmə verilib. PKK-nin tərəfdarlarının çox olduğu güney-doğu vilayətlərində, məsələn Diyarbakırda referendumun nəticələri məlum olduqdan sonra böyük atəşfəşanlıq keçirilib. Seçim sonucları açıqlanarkən BDP binasının qarşısında toplanan izdiham kürdcə türkülər söyləyib və Öcalan lehinə şüar səsləndirib. "Muxtar Kürdüstan istəyirik" pankartı qaldırılıb. Partiya başçıları kütləyə etdiyi təşəkkür müraciətində "Boykotdan çıxan bu zəfər nəticəsini demokratik avtonomluqla başa vuracağıq" deyə bildiriblər.
Firat Xəbər Agentliyi (ANF) referendum nəticərərinin alınmasından sonra etdiyi ilk qiymətləndirmədə, "Kamalizmin Cənub-şərqdən silindiyini" ifadə edib. "Ərdəm Can" adlı ANF yazarı "Kürdüstan xalqı unitarlıq deyil, avtonomluq istəyir" başlıqlı analizində, BDP-nin "Demokratik Avtonomluq" tələbi məzmununda icra etdiyi boykot kampaniyasının bu qədər yüksək bir nisbətdə qəbul görməsinin referendumun ən önəmli sonucu olaraq önümüzdəki günlərdə də siyasətdə mütləq ağırlıq göstərəcəyi ifadə edilib. "BDP-nin əldə etdiyi nəticə onu hər anlamda Kürdüstanın birinci partiyası etmişdir. Bu saatdan sonra kürd problemi mövzusunda israrla yeni bir opponent yaratma səyindən imtina edilməli BDP-nin referendum müddətində də dilə gətirdiyi tələbləri bəhanə çıxarılmadan diqqətə alınmalıdır"- analizdə belə deyilir.
"Kamalist ideologiya güney-doğudan silindi"- deyən BDP-lilər "Seçki nəticələrində ortaya çıxan ən önəmli nöqtələrdən biri də rəsmi kemalist ideologiyanın Kürdüstanda tamamilə silinməsi oldu"- bəyanında bulundular. Göründüyü qədəri ilə Türkiyədə ictimai-siyasi durum son dərəcə gərgindir.
Ölkə vətəndaşları 2 cəbhəyə bölünmüş durumda, Cumhuyiyyət dəyərləri, Atatürk dəyərləri sıxışdırılmaqdadır. Ölkədə etnik, dini, siyasi, sosial ayrı-seçkilik mühiti güclənir. AKP-nin açılımlar siaysətinin nə ilə sonuclanağı isə qarşıdakı müddətdə aydın olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB