Azərbaycan cəmiyyətini narahat edən əsas məsələlərdən biri də, ərzaq təhlükəsizliyinin, dolayısı ilə istehlakçı hüquqlarının qorunması məsələsidir. Həm xaricdən, həm də milli sənayedən istehlak bazarına daxil olan keyfiyyətsiz qida məhsulları əhalinin sağlamlığı üçün problem yaradır. İstehlak bazarının keyfiyyətsiz mallarla doldurulması son nətəcədə istehlakçının hüquqlarının pozulmasına gətirib çıxarır. Son vaxtlar malların milli dildə markalanmaması, vaxtı keçmiş məhsulların satışının davam etdirilməsi, yerli malların alıcılara хarici məhsul kimi təqdim olunması hallarına qarşı mübarizə gücləndirilsə də, problemin tam həll olunması üçün hələ çox iş görmək lazım gələcək.
Satışda "karusel" əməliyyatı
Son vaxtlar İİN tərəfindən və digər müvafiq dövlət qurumları tərəfindən aşkar olunan saxta və keyfiyyətsiz məhsulların yenidən ticarət obyektlərinə və restoranlara ötürülməsi haqda məlumatlar yayılır.
Araşdırmalar, hər il müayinədən keçirilən ərzaq nümunələrinin təxminən 50 faizdən çoxunun üzərində qeyd olunmuş göstəricilər müvafiq standartların, texniki şərtlərin və digər normativ sənədlərin tələblərinin pozulduğunu, onlara uyğun gəlmədiyini deməyə əsas verir. Dövlət orqanlarının araşdırmaları nəticəsində hər il on minlərlə ton saxta ərzaq məhsulunun istehsalında tanınmış mal nişanlarından qanunsuz istifadə olunduğu aşkarlanır.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, keyfiyyət göstəricilərinin aşağı olma halları daha çox ət və süd məhsulları, çörək və digər un məmulatları, qənnadı məhsulları, qənd, duz, içkilər, tomat pastası və müxtəlif konservlərin satışında müşahidə edilir.
Ekspertin dediyinə görə, nə qədər ki, istehlakçılar öz hüquqlarını bilməyəcək, istehsalçılar qanundan qorxmayacaq, dövlət qurumları daha sərt tədbirlər görməyəcək, bu kimi anormal hallar yaşanacaq: "Biz qanunsuz yollarla ölkəyə gətirilən və ölkədə istehsal olunan saxta malları aşkarlayaraq müvafiq dövlət orqanlarına məlumat veririk, istehlakçıları isə maarifləndiririk. Lakin bunlar problemin həll üçün kifayət etmir".
Mütəxəssisin fikrincə, bu gün Azərbaycanda qanunlar vaxtı ötmüş məhsullara və onları satanlara elə şərait yaradıb ki, o malların son ünvanı yenə də istehlakçı olur: "2000-ci ildən "Yeyinti məhsulları haqqında" qanun qəbul olunsa da bu qanunun hələ işlək mexanizmi yoxdur. Bu gün satıcı qanunun əksinə olaraq, vaxtı keçmiş malı əhaliyə sırımağa çalışır, ona görə ki, həmin maldan vergi ödəyir. Hətta vaxtı keçmiş məhsulu məhv edərsə belə, yenə də ondan vergi tutulacaq. Bu da qanunlardakı boşluqlardan irəli gəlir. Qanunlarda boşluq olan yerdə də cinayətkarlıq olur. Hesab edirəm ki, əmtəə bazarında baş verən hüquq pozuntuları bundan irəli gəlir"
"Transgen" məhsulların yaratdığı təhlükə
Əhalinin sağlamlğı üçün təhlükə yaradan məsələlərdən biri də, genetik modifikasiya olunmuş məhsulların ölkəyə idxalıdır. Müşahidələr və monitorinqlərin nəticələri göstərir ki, son vaxtlar Azərbaycanda genetik dəyişikliklərə məruz qalmış məhsulların satışı halları artır.
Sirr deyil ki, xaricdən gətirilən meyvə-tərəvəzin çoxu süni üsullarla, kimyəvi maddələrin köməyi ilə yetişdirilir. İş adamları isə çox vaxt bu məhsulların yerində ucuz olmasını əsas götürərək keyfiyyət amilini arxa plana keçirir. Bunun zərbəsi isə istehlakçılara dəyir.
"13 iyun 2008-ci ildə "Ekoloji kənd təsərrüfatı haqqında" qanun qəbul olunarkən AİB çox mübarizə apardı ki, bu qanunda Azərbaycana geni dəyişdirilmiş malların, o cümlədən bitkilərin idxalına qadağa qoyulsun. Lakin bizdə olan qeyri-rəsmi məlumata görə, Dünya Ticarət Təşkilatının təsiri altında bu qanuna ciddi dəyişiklik oldu və Azərbaycana geni dəyişdirilmiş bitki və meyvələrin gətirilməsinə yaşıl işıq yandırıldı"- E.Hüseynov qeyd edir.
E.Hüseynovun sözlərinə görə, dünyada bir çox meyvə və tərəvəzlər genetik modifikasiyaya uğrayıb: "Birmənalı şəkildə deyirəm ki, xaricdən Azərbaycana gətirilən meyvələrin əksər hissəsi, o cümlədən alma, kartof, pomidor, banan və soyanın 98 faizi geni dəyişdirililmiş bitkilərdir.
Azərbaycanda hazırda Kolorado böcəklərinə davamlı kartof sortu əkilir. Çox güman ki, bunlar da geni dəyişdirilmiş məhsullardır. Geni dəyişdirilmiş bitkilərin sırasına bəzi düyü növlərini və çuğundurları da daxil edirəm".
AİB sədri Azərbaycana idxal edilən qida məhsullarının biotəhlükəsizliyini yoxlamağın mümkün olmadığını deyir: "Təəssüf ki, Azərbaycanda GM malların yoxlanılması üçün nə müasir mütəxəssislər var, nə də laboratoriyalar. Bu məsələ gömrük orqanları və Kənd Təsərrüfatı Nazirliyi səviyyəsində yoxlanılır.
Geni dəyişdirilmiş meyvələrin yerli mallardan baha olmasının səbəbi isə istehlakçı maarifçiliyinin aşağı olması ilə bağlıdır. İstehlakçını malın görkəmi cəlb edir, nəinki onun daşıdığı vitaminlər. Biz istehlakçıları bu istiqamətdə maarifləndirməyə çalışırıq".
Uşaq "qidaları" bazarı
Erkən yaşlı körpələrin qidalanması ilə bağlı Azərbaycan Respublikasında qanun qəbul olunub, ölkəmiz Dünya Səhiyyə Təşkilatının ana südü ilə əmizdirməyə dair kodeksinə, körpə qidalarının marketinqi ilə bağlı kodeksə qoşulub. Bütün bu qanun və kodekslərin tələblərində göstərilir ki, körpə qidalarının reklamı zamanı sağlam uşaq şəklindən, rezin əmziklərdən, şən heyvan şəkillərindən istifadə etmək olmaz.
Doğum evlərində isə körpə qidalarının hər hansı birindən istifadə etmək qadağandır. Ən əsası isə reklam materiallarının hamısıda "ana südü əvəzedilməzdir", "körpələrinizi ana südü ilə qidalandırın" kimi şüarlar əks olunmalıdır. Lakin təəssüf ki, bu tələblərə əksər hallarda riayət olunmur. Uşaq qidaları ilə bağlı digər bir problem isə onların saxlanma şəraitidir. Təlimata görə, həmin qidalar 25 dərəcədən aşağı temperaturda saxlanmalıdır. Lakin bəzi yerlərdə isti yay günlərində həmin qidalar 35-40 dərəcə temperaturda satılır. Bu isə o deməkdir ki, körpələr tədrici zəhərlənmənin qurbanıdırlar.
AİB sədri deyir ki, ölkədə müstəqil ekspertiza olmadığından həmin qidaların tərkibi hərtərəfli yoxlanılmır: "Azərbaycan ekspertiza sahəsində dünya ölkələrindən geri qalır. Ölkəmizdə bu məhsulların tərkibi tam olaraq yoxlanılmır. Uşaq qidalarının tərkibinə genetik modifikasiya olunmuş komponentlər də qatılır ki, bu da milli genefondumuz üçün təhlükə yaradır.
Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidimiologiya Mərkəzinin Qidalanma Gigiyenası bölməsinin müdiri İmran Abdullayev isə bildirir ki, bu sahədə mütamadi monitorinqlər aparılır: "Ölkəmizdə uşaq qidaları istehsal edən müəssisələr yoxdur. Həmin qidalar xaricdən gətirilir. Xaricdən gətirilən qidalar Respublikaya idxal olunan zaman gömrük və digər səlahiyyətli orqanlar tərəfindən hərtərəfli yoxlanılır. Sonra isə satış mərkəzlərində bizim nəzarətimiz altında satış aparılır. İldə 2 dəfədən az olmayaraq tərəfimizdən həmin qidalardan müxtəlif adda nümunələr götürülərək müayinə olunur".
Milli dildə markalanmayan məhsullar
Ərzaq təhlükəsizliyinin mühüm elementlərindən biri də hər hansı bir ölkəyə idxal olunan məhsulun həmin ölkənin dövlət dilində markalanması məsələsidir. Eyyub Hüseynovun fikrincə, xaricdən Azərbaycana idxal olunan məhsulların milli dildə markalanmaması ilə də istehlakçıların hüquqları pozulur: "Məsələn, ərzaqların milli dildə markalanmaması dövlət dilinin tətbiqinə, istehlakçı hüquqlarının qorunmasına ziddir. İstehlakçı milli dildə markalanmayan məhsullar barədə məlumat əldə edə bilmir".
Qeyd edək ki, bu sahədə mövcud qanunvericilik istehlakçıların hüquqlarını müdafiə edir. Belə ki, "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanunun 13-cü maddəsinin 1-ci bəndində qeyd olunur ki, satıcı istehlakçını maraqlandıran malın qiyməti, istehlak xassələri (tərkibi, yararlılıq müddəti, kaloriliyi, sağlamlıq üçün zərərli maddələrin miqdarı), əldə edilməsi şərtləri, təminat öhdəlikləri və iddiaların irəli sürülməsi, malın işlədilməsi, saxlanılması və təhlükəsiz istifadəsi üsulları və qaydaları barəsində istehlakçıya zəruri və düzgün məlumat verməlidir. Sözügedən qanunda göstərilir ki, Azərbaycan ərazisində istehsal edilən, habelə idxal edilən malların üzərindəki etiketlər və digər yazılar müvafiq xarici dillərlə yanaşı, dövlət dilində də olmalıdır.
E.Hüseynovun sözlərinə görə, AİB 2008-ci ilin yanvarından başlayaraq 100-dən çoх quruma, o cümlədən aidiyyəti dövlət qurumlarına rəsmi məktubla müraciət edərək, malların milli dildə markalanması üçün qanunun tələblərinin yerinə yetirilməsini хahiş edib. Son vaxtlar bu sahədə müəyyən irəliləyişlər olsa da, problem tam həllini tapmayıb.
"Çoх təəssüf ki, bəzi yerli istehsalçılar özləri də mallarını хarici dildə markalayırlar. Uzun illərdir ki, alıcılar bir çox yerli məhsulu xarici məhsul kimi alırlar. Üzəri хarici dildə markalandığından, əhali elə başa düşür ki, bunlar xarici ölkələrdə istehsal olunub"-ekspert bildirib.
Problemi həll etmək üçün...
Görülən tədbirlər ərzaq təhlükəsizliyinin tam təminatına nail olmağa hələ imkan vermir. Mütəxəssislər bu istiqamətdə çox iş görülməsinin vacibliyini bildirirlər. Onların fikrincə, bazara keyfiyyətsiz məhsulun daxil olmasının qarşısını almaq məqsədilə idxalda və istehsalda keyfiyyətə nəzarət daha da gücləndirilməli, məhsul istehsalı üçün xammalın və avadanlığın keyfiyyəti yüksəldilməlidir.
Bundan başqa, ərzaq məhsullarının istehsalı üçün xammal materiallarının keyfiyyət göstəricilərini xarakterizə edən norma və standartların səviyyəsinin beynəlxalq tələblər səviyyəsinə qaldırılması istiqamətində tədbirlər planı hazırlanmalıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB