Qafqaz İslam Ordusunun Bakı zəfəri - TARİX

Azərbaycanın şanlı dövlətçilik tarixinə qızıl hərflərlə yazılan günlərdən biri də 1918-ci ildə Qafqaz İslam Ordusu tərəfindən Bakının bolşevik-daşnak işğalından azad olunmasıdır. Bu hadisələrin canlı şahidləri az olsa da, tarixi sənədlərdə Bakı qırğınları, azərbaycanlıların soyqırımı haqda geniş məlumatlar, danılmaz faktlar var.

… 1917-ci ildə Rusiyada yaranmış gərgin ictimai-siyasi vəziyyət Cənubi Qafqazda da proseslərin dramatikləşməsinə rəvac verdi. Erməni millətçiləri Oktyabr çevrilişindən sonra keçmiş Çar Rusiyasına daxil olan bütün regionlarda öz hakimiyyətini bərqərar etməyə çalışan bolşeviklərlə ittifaq yaradaraq Azərbaycan xalqının keşməkeşli tarixində daha bir faciəli səhifə açmağa nail oldular.

Erməni terrorçularından təşkil olunmuş Bakı Kommunası bütövlükdə Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədilə 1918-ci ilin mart ayının 31-də bu mənfur planlarını bolşevik bayrağı altında reallaşdıraraq, Azərbaycanın ayrı-ayrı bölgələrində kütləvi qətllər həyata keçirdilər. Həmin günlərdə erməni millətçiləri tərəfindən törədilmiş vəhşiliklər Azərbaycan xalqının yaddaşında əbədi həkk olunub. Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağ, Zəngəzur, Naxçıvan və Lənkəranda törədilmiş kütləvi terror aktları nəticəsində minlərlə azərbaycanlı məhz milli mənsubiyyətinə görə öldürüldü, onlarla kənd yandırıldı, bir sıra milli-mədəni abidələr dağıdılaraq məhv edildi. 31 Mart soyqırımının statistikası bu bəşəri cinayətin dəhşəti haqqında kifayət qədər aydın mənzərə yaradır.

Belə ki, hadisələr zamanı Bakı, Şamaxı, Muğan, Quba və Lənkəranda 50 min azərbaycanlı xüsusi amansızlıqla qətlə yetirildi, 10 minlərlə insan öz torpaqlarından qovuldu. Təkcə Bakıda erməni terrorçuları tərəfindən öldürülənlərin sayı 30 minə çatırdı. Şamaxı qəzasında 58, Qubada 122, Qarabağın dağlıq hissəsində 150, Zəngəzurda 115, İrəvan quberniyasında 211, Qars əyalətində isə 92 kənd tamamilə yerlə yeksan edilmişdi. Şamaxı qəzasında 7 min nəfər öldürülmüşdü ki, onlardan 1653 nəfəri qadın, 965-i uşaq idi. Azərbaycanın tarixi ərazisi olan İrəvan quberniyasında 1920 ev yandırılmış, 131 min 900 nəfər isə qətlə yetirilmişdi.

Bütün bu cinayətlərə beynəlxalq ictimaiyyətin laqeyd münasibəti, erməni millətçiləri tərəfindən azərbaycanlılara qarşı növbəti soyqırım və deportasiya aktlarının törədilməsinə stimul verən əsas amillərdən biri olmuşdu.

1918-ci ilin martında Rusiya bolşeviklərinin rəhbəri Vladimir Lenin bolşevik Stepan Şaumyanı Qafqaz fövqəladə komissarı təyin edərək Bakıya göndərmişdi. Bolşeviklər Bakıda hakimiyyəti ələ keçirmək adı ilə erməni daşnaklarının silahlı qüvvələrinin gizli niyyətləri üçün şərait yaratmışdılar. Martın 31-də isə Bakı şəhərində azərbaycanlıların kütləvi qırğını başlamışdı. Stepan Şaumyanın etirafına görə, dinc azərbaycanlıların qırğınında Bakı Sovetinin altı min silahlı əsgəri, eyni zamanda "Daşnaksütyun" partiyasının 3-4 minlik silahlı dəstəsi iştirak etmişdi. Üç gün davam edən qırğın zamanı erməni silahlıları bolşeviklərin köməyi ilə azərbaycanlıların yaşadıqları məhəllərə qəflətən basqınlar dir, əhalini uşaqdan böyüyədək qətlə yetirirdilər.

Həmin dəhşətli günlərin şahidi olmuş Kulner familiyalı bir alman 1925-ci ildə Bakı hadisələri barədə bunları yazırdı: "Ermənilər müsəlman (azərbaycanlı) məhəllələrinə soxularaq hər kəsi öldürür, qılıncla parçalayır, süngü ilə dəlmə-deşik edirdilər. Qırğından bir neçə gün sonra bir çuxurdan çıxarılan 87 azərbaycanlı cəsədinin qulaqları, burunları kəsilmiş, qarınları yırtılmış, cinsiyyət orqanları doğranmışdır. Ermənilər uşaqlara acımadıqları kimi, yaşlılara da rəhm etməmişdilər".

Mart qırğını zamanı Bakı şəhərinin təkcə bir yerində qulaqları, burunları kəsilmiş, qarınları yırtılmış 57 azərbaycanlı qadınının meyidi tapılmışdı. Gənc qadınların diri-diri divara mıxlanması, ermənilərin hücumundan sığınmağa çalışan iki min nəfərin yerləşdiyi şəhər xəstəxanasının yandırıldığı da bu dəhşətli faktlar sırasındadır. Daşnakların azərbaycanlılara qarşı soyqırımı yalnız Bakı ilə məhdudlaşmamışdır. Qısa müddətdə Şamaxı, Quba, İrəvan, Zəngəzur, Qarabağ, Naxçıvan, Qarsda da azərbaycanlıların qırğını törədilmişdi.

1918-ci iln aprelin 29-da Gümrü yaxınlığında əsasən qadınlardan, uşaqlardan və yaşlılardan ibarət 3 min nəfərlik azərbaycanlı köçü pusquya salınaraq son nəfərinədək məhv edilmişdi.

Bütün bunlar dünyanın gözü qarşısında, necə deyərlər, burnunun ucunda baş verirdi. Lakin başı "parçala, hökm sür" siyasətinin icrasına qarışmış iri dövlətlər parçaladıqlarından pay ummaq üçün rəqibləri ilə məşvərət keçirirdilər. I Dünya müharibəsinə cəlb etdikləri Osmanlı İmperiyasını bölmək üçün fürsət güdən Avropa dövlətləri müxtəlif bəhanələr axtarır, bəzən onu tapa da bilirdilər. Bakının əvvəlcə ingilislər, sonra isə daşnak-bolşevik birləşmələri tərəfindən işğal edilməsi, Bakıda və Azərbaycanın digər bölgələrində minlərlə azərbaycanlının qətlə yetirilməsi təbii ki, qardaş türkləri köməyə gəlməyə vadar edə bilərdi.

1918-ci ildə Nuru Paşanın komandanlığı altında Qafqaz İslam Ordusunun Azərbaycana köməyə gəlməsi isə fikirlərimizlə tam uzlaşır. Onu da qeyd edək ki, müxtəlif cəbhələrdə müharibə aparan osmanlıların bir neçə minlik ordusununun Qafqazlara göndərməsi nəzərdə tutulmasa da, azərbaycanlıların qətliamına biganə qalması plana daxil deyildi.

… 1918-ci ilin mayında Azərbaycanın müstəqilliyinin elan olunmasına baxmayaraq ölkə ərazisinin bir hissəsi, Bakı və ətraf rayonlar erməni-bolşevik işğalı altında idi. Bunsuz isə Azərbaycanın dövlət müstəqilliyini təsəvvür etmək çətin idi. Müstəqilliyə təzə qovuşmuş, beynəlxalq aləmdə hələ tanınmayan gənc dövlətimizin isə ərazi bütövlüyünü təmin etmək imkanları hələ yetərincə deyildi. Belə bir şəraitdə özünün çox ağır durumuna rəğmən Osmanlı Türkiyəsi qardaş Azərbaycanın ərazi bütövlüyünü təmin etmək məqsədilə Nuru Paşanın komandanlığı ilə hərbi qüvvələrini Azərbaycana göndərdi. Avropa dövlətlərinin türk qoşunlarının Azərbaycana gəlməsinə etiraz etməsinə baxmayaraq qardaş köməyini əsirgəməyən, ölkəmizi tək qoymayan Osmanlı Türkiyəsi 1918-ci ilin avqust-sentyabr aylarında öz tarixi vəzifəsini şərəflə yerinə yetirdi.

Sentyabrın 15-də türklər qarşısına qoyduğu missiyanı uğurla başa çatdırmaqla, Bakını işğalçılardan təmizləməklə Azərbaycan dövlətçiliyinə qardaş töhfələrini verdi, Azərbaycan xalqını darda qoymadı. Qəhrəman türk əsgərlərinin şücaəti və qanı bahasına Bakı və digər rayonların azad olunması ilə Azərbaycan Xalq Cümhuriyyəti hökuməti öz hakimiyyətini ölkənin bütün hüdudlarında təmin etdi. Bununla da 1918-ci ilin martından başlayaraq erməni daşnaklarının və bolşeviklərin Bakıda və Azərbaycanın digər bölgələrində birgə həyata keçirdikləri qanlı qırğınlara və özbaşınalığa son qoyuldu.

Məlum olduğu kimi, ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı siyasətinin əsas məğzi xalqımızı cismən məhv etmək və "Böyük Ermənistan" xülyasını gerçəkləşdirmək idi. Amma türk qardaşlığı bu mənfur planın reallaşmasına imkan vermədi.

Möhtəşəm və tarixi qələbədən sonra Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin paytaxtı sentyabrın 17-də Gəncə şəhərindən Bakıya köçürüldü. Beləliklə, Azərbaycanda dövlət quruculuğunun əsas mərhələsinə start verildi, bir neçə ay sonra isə parlamentə demokratik qaydalar əsasında seçkilər keçirildi. 1918-ci il sentyabrın 15-də Bakının azad olunması Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı zəminində müstəsna əhəmiyyət daşıyan böyük hadisədir.

70 illik sovet hakimiyyəti illərində bu hadisənin məqsədyönlü olaraq yanlış kontekstdə izah olunmasına baxmayaraq Azərbaycan xalqı türk əsgərinin qəhrəmanlığını heç vaxt unutmadı, onu qəlbində yaşatdı. Osmanlı qoşunları Bakının azad olunması üçün həyata keçirdikləri hərbi əməliyyatlarda 1130 şəhid verdilər.

Azərbaycan növbəti dəfə müstəqillik qazandıqdan sonra hər il sentyabrın 15-də təkcə Bakıda deyil, Şamaxıda, Göyçayda və digər rayonlarda ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan türk əsgərlərinin məzarları dövlət səviyyəsində ziyarət olunur.

Hər il Şəhidlər Xiyabanında türk əsgərlərinin xatirəsinə ucaldılmış abidənin önündə anma mərasimi keçirlir. Aradan uzun illər keçməsinə baxmayaraq Türkiyə Ordusu tərəfindən göstərilən qardaşlıq köməyi heç vaxt unudulmayacaq, Azərbaycan xalqı tərəfindən daim minnətdarlıq hissi ilə xatırlanacaq.

Yazı Türkiyə Universitetləri Məzunları İctimayi Birliyinin Qafqaz İslam Ordusunun Azərbaycana gəlişi ilə bağlı keçirdiyi yazı müsabiqəsinə təqdim etmək üçündür

Bütün xəbərlər Facebook səhifəmizdə