Kazan görüşündən sonra rəsmi Yerevan özünü daha da çətin duruma salıb - ANALİZ
Artıq bildiyimiz kimi, Azərbaycan, Rusiya və Ermənistan prezidentləri İlham Əliyev, Dmitri Medvedev və Serj Sarkisyanın Kazan görüşü yekunlaşdıqdan sonra rəsmi Moskva Dağlıq Qarabağ münaqişəsinin həlli üçün yeni təşəbbüs göstərmək əzmini ortaya qoyub. Belə ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycan və Ermənistana səfər edərək Dmitri Medvedevin məktubunu hər iki ölkənin prezidentinə təqdim edib. Mövzunu şərh edərkən, istər-istəməz sual yarana bilər ki, rəsmi Moskvanın yeni təşəbbüs cəhdi hər hansı bir nəticə verə bilərmi?
Eyni zamanda o da məlumdur ki, ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkələrin prezidentləri bu gün həqiqətən də Dağlıq Qarabağ münaqişəsini həll etmək arzusundadırlar və bu mühüm məsələ kimi dəyərləndirilir. Daha dəqiq desək, hazırkı mərhələdə sözügedən münaqişə ətrafında və onun həlli üçün aparılan danışıqlarda yaranmış əsas vəziyyət özündə bunu ehtiva edir. Məsələn, ABŞ, Rusiya və Fransa prezidentləri hesab edirlər ki, Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə həll olunmasa belə, Azərbaycan torpaqlarını işğaldan azad edəcək. Təbii ki, bu belədir. Yəni münaqişə sülh yolu ilə çözülməsə, erməni təcavüzündə olan torpaqlarımızı işğaldan azad etməliyik. Bunu dövlət başçısı İlham Əliyev də da dəfələrlə bəyan edib. Çünki məsələ bu qədər uzadıla və mövcud status-kvo on illərlə davamlı xarakter ala bilməz bilməz. Məsələ sülh yolu ilə həll olunmursa, Azərbaycan istər-istəməz hərb yoluna əl atmaq məcburiyyətində qalacaq və bu amil birmənalıdır. İstənilən halda, dünya ictimaiyyəti də bunu başa düşərək, analayaraq, Dağlıq Qarabağ münaqişəsinin həllini öz gündəliyinə daxil edib.
Digər mühüm faktoru da analiz etsək görərik ki, qarşıdakı 2012-ci ildə Rusiya, ABŞ və Fransada prezident seçkiləri keçiriləcək. Bu anlayışı da nəzərə alamaq mümkündür ki, gələn il Qarabağ münaqişəsi həmin ölkələr üçün elə də prioritet mövzu olmayacaq. Məhz bu məqamda sülh razılaşması əldə etmək üçün, beynəlxalq siyasi dairələrdə 2011-ci il son il kimi dəyərləndirilir. Və məhz bu səbəbdən, Minsk Qrupunun həmsədrləri münaqişənin həllinə dair sülh razılaşmasına tezliklə nail olmaq istəyirlər, buna can atırlar.
Lakin bütün bunlara baxmayaraq, dövlət başçılarının Kazan görüşündə tərəflər baza prinsipləri üzərində yekdil razılıq əldə edə olunmadı. Dünya ictimaiyyətinə bəllidir ki, Ermənistan 15-20 il bundan əvvəl olduğu kimi dəyişilməyərək, yenə də qeyri-konstruktiv mövqe tutmaq siyasətini davam etdirir. Uzun illər keçməsinə baxmayaraq, ermənilər mövqelərini qətiyyən dəyişməyiblər. Onlar yalnız Azərbaycanın kompromisə getməsini istəyirlər və özləri heç bir kompromisə getmirlər. Bu, Azərbaycan üçün qəbuledilməzdir, çünki Azərbaycanın torpaqları işğal olunub. Eyni zamanda, sözsüz ki, bu gün Azərbaycan Ermənistandan bütün sahələrdə, o cümlədən hərb sahəsində dəfələrlə, qat-qat güclüdür.
Bu əsnada sual yaranır: münaqişənin həllinə nə təkan verə bilər?
Bildiyimiz kimi, Ermənistan bütövlükdə Rusiyanın təsiri altındadır və ermənilər Rusiyanın sözü ilə oturub-durur, vassal ölkə olduğunu boynuna alıb. Rusiya prezidenti Dmitri Medvedevin gələn il prezident seçkisinə qatılıb-qatılmayacağı aydın olmasa da, bu il Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyişə nail olmağa çalışır. Dmirti Medvedev bunu həqiqətən də ürəkdən istəyir və çalışır. Ona görə də xarici işlər naziri Sergey Lavrova məktub verərək, Azərbaycan və Ermənistana göndərib. Bir neçə gün əvvəl Ermənistan xarici işlər naziri Edvard Nalbandyanın Moskvada, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Fransada səfərdə olması və Rusiyaya səfərə hazırlaşması münaqişənin həlli üçün ciddi cəhdlərin göstərildiyindən və məsələyə diqqətlə yanaşıldığından xəbər verir.
Sergey Lavrovun gətirdiyi məktubda nələrin yazıldığını demək çətindir, bu haqda hələlik müfəssəl məlumatlar da yoxdur. Lakin məsələ üzərində araşdırma apararkən, belə qənaətə gəlmək mümkündür ki, sözügedən məktubun xarici işlər naziri kimi yüksək vəzifəli məmurla göndərilməsi ondan xəbər verir ki, məsələ çox ciddi qoyulub. Bəlkə də Dmitri Medvedev və Sergey Lavrov yeni təkliflərinin qəbul ediləcəyinə bir növ, zəmanət almaq istəyirlər. Rusiya rəhbərliyi növbəti görüşün də Kazan danışıqları kimi uğursuz nəticə verməməsi üçün təminat almaq istəyir. Mümkündür ki, Sergey Lavrovun Azərbaycan və Ermənistana səfəri bununla bağlıdır.
Son zamanlar həm Azərbaycan, həm də beynəlxalq ictimai rəyində Rusiyanın vasitəçilikdən uzaqlaşdırılmasına dair müxtəlif fikirlər səslənirdi. Bu fikrin tərəfdarları belə hesab edirdilər ki, münaqişənin həllində vasitəçi ya ABŞ prezidenti Barak Obama, ya da Fransa prezidenti Nikola Sarkozi olmalıdır. Amma sözsüz ki, Rusiya münaqişənin həllindən kənarda qala bilməz. Məhz ona görə də Dmitri Medvedev münaqişəni həll etmək istəyir. Rusiyanın cəhdləri vasitəçilik missiyasını öz əlində saxlamaq və münaqişənin həllində aparıcı rol oynamaq istəyi ilə bağlıdır.
Bir sıra siyasi analitiklər və ekspertlət belə hesab edirlər ki, Kazan görüşündən sonra Obamanın vasitəçiliyi məsələsinin ortaya çıxması Kremli narahat etdiyi üçün bu səfər ortaya çıxıb. Obamanın vasitəçiliyi məsələsi Rusiyada narazılıq effektini verib. Məhz bundan sonra Azərbaycan və Ermənistanın XİN başçıları Rusiyaya çağırıldı. Ondan sonra isə Lavrovun özü də məktubla Ermənistana, sonra da Azərbaycana gəldi. Eləcə də, Ermənistan Kremlə tabe olduğu üçün, Medvedyevin məktubunda əksini tapan mesajlardan olduqca narahatdır və gərginlik içində çabalayır. Onlar narahatdır ki, dünyanın ən güclü ölkəsi olan ABŞ Ermənistanı nəyə isə vadar edə bilər. Amma Azərbaycan razılığını versə, Ermənistanı çox pis vəziyyətdə qoyacaq. Çünki Ermənistan "yox" deməli olacaq.
RÖVŞƏN RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB