Azərbaycanın BMT Təhlükəsizlik Şurasının 15 qeyri-daimi üzvündən birinə çevrilmək layihəsi: görünən və görünməyən tərəflər

Son dövrlər Azərbaycanın geosiyasi və iqtisadi nüfuzunun davamlı yüksəlişi ölkəmizi dünya miqyasında da cəlbedici edib. Təbii ki, bu cür mühüm vasitə ilə rəsmi Bakı nüfuzlu beynəlxalq təşkilatlarda söz demək imkanını daha da artırır. Bu, həm də tarixi missiya kimi də qəbul olunan faktora çevrilib. Məhz belə əhəmiyyətli amildən irəli gələrək Azərbaycan 2012-2013-cü illərdə Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının 15 qeyri-daimi üzvündən birinə çevrilmək layihəsini irəli sürüb. Xarici işlər naziri Elmar Məmmədyarovun bu yaxınlarda ABŞ-a səfərinin və Birləşmiş Ştatlarda keçirdiyi görüşlərinin əsas qayələrindən birini də məhz bu mövzu təşkil edib. Qeyd etmək yerinə düşərdi ki, Bakının məlum bəyanatından sonra xarici mətbuatın sözügedən mövzuya marağı artıb və həmin mövzy əsas müzakirə obyektlərindən birinə çevrilib.

Siyasi ekspertlərin fikrincə, bu məsələdə vaxt çox azdır. Belə ki, BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə yeni ölkələrin seçkisi bu ilin oktyabrında keçiriləcək. Məhz bu və bu kimi digər amilləri də önə sürən bir sıra ekspertlərin fikrincə, Azərbaycan BMT-dəki ölkələrin böyük əksəriyyətinin səsini qazanmaq üçün artıq genişmiqyaslı işlərə başlamalıdır. Əgər İslam Konfransı Təşkilatına üzv olan ölkələri nəzərə alsaq, bu məsələdə nə qədər dəstək alacağımız göz önündədir. Eyni zamanda, bu sıraya Azərbaycanın qoşulduğu "Qoşulmayanlar Hərəkatı"nın bir qrup ölkəsinin səsini də əlavə etmək olar.

Burada digər bir məqam da ortaya çıxır. Çünki bununla əlaqədar olaraq yaxın tarixdə qardaş Türkiyə örnəyi var. Ankara BMT Təhlükəsizlik Şurasında yer almağa çox çalışdı və 2009-cu ildə öz istəyinə nail oldu. Ancaq elə birinci məsələnin müzakirəsindəcə Türkiyə çətin vəziyyətə düşərək Qərblə münasibətlərini bir az gərginləşdirdi. İndi Bakının da istəyindən dolayı burada söhbət İrandan gedir. Xatırlatmaq yerinə düşərdi ki, rəsmi Ankara 2010-cu ildə Təhlükəsizlik Şurasında İranın nüvə çalışmalarını davam etdirməsi ilə bağlı qonşu dövlətə qarşı qəbul edilən qətnamənin əleyhinə səs verdi. Təhlükəsizlik Şurasının 15 üzvündən yalnız Türkiyə və Braziliya sənədin əleyhinə çıxdılar.

Digər məqam isə odur ki, Türkiyə Respublikası böyük dövlətdir dünyada və bölgədə kifayət qədər fəal rol oynayır və kifayət qədər də resursa malikdir. Məhz bu reallıqdandır ki, qardaş Türkiyə dövləti Qərblə İran arasındakı seçimdə hardasa itkisiz, ya da olduqca cüzi itkiylə çıxmağa bacardı.

Maraqlıdır, Azərbaycan belə bir müzakirənin mərkəzində nə edə bilər? Yəni tutaq ki, Azərbaycan oktyabr ayındakı səsvermədə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi və bir müddət sonra İranla bağlı növbəti qətnamənin müzakirəsinə start verildi. Rəsmi Bakı Qərbin istəyi əsasında İran hakimiyyətinin əleyhinə olan sənədə səs verərmi? Çətin, çünki Azərbaycan daim bəyan edir ki, o, regionda balanslaşdırılmış siyasət aparır.

Millət vəkili Musa Qasımlı deyir ki, belə vəziyyət alınarsa, Tehranın mümkün şantajından da ehtiyat etməliyik. O, həmçinin deyir ki, BMT Təhlükəsizlik Şurasına üzvlük məqsədilə İslam Konfransı Təşkilatına üzv ölkələrin dəstəyi alınıbsa, quruma üzv olan İranın maraqları nəzər alınmalıdır. "İranın maraqlarını nəzərə almaq isə avtomatik olaraq Qərb və ilk növbədə ABŞ-la münasibətləri gərginləşdirməkdir", - deyə politoloq əlavə edib.

Bütün bunları nəzərə alsaq, ortada bir fakt var: bir tərəfdə qonşu İran, o biri tərəfdə isə ABŞ. Azərbaycanı BMT Təhlükəsizlik Şurasının səsverməsində bu və buna bənzər mürəkkəb seçimlər gözləyə bilər. Belə olan halda Azərbaycanın Təhlükəsizlik Şurasında iki illik üzvlüyünün risklərini də vurğulamaq lazım gəlir. Bəzi ekspertlər deyirlər ki, Azərbaycanın Təhlükəsizlik Şurasındakı üzvlükdən yararlanaraq Dağlıq Qarabağ problemini bu mötəbər qurumun müzakirəsinə çıxarmaq imkanları artar. Ancaq unutmayaq ki, qurumun 5 daimi üzvü var və onlardan birinin məsələnin əleyhinə səs verməsi yetərlidir ki, sənəd gündəlikdən çıxarılsın. Daimi üzvlərdən tək elə Rusiyanın strateji ortağı Ermənistanı nəyəsə məcbur edəcək sənədin Təhlükəsizlik Şurasının iclasında müzakirəyə çıxarılmasına razılıq verməsi isə heç ağlabatan deyil.


RÖVŞƏN RƏSULOV


Bütün xəbərlər Facebook səhifəmizdə