Dünya ictimaiyyəti Azərbaycanın haqlı mövqeyini dəstəkləyir - ANALIZ
Bildiyimiz kimi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar 17 ildir ki, aparılır. Bu müddətdə Azərbaycanın məsələ ilə bağlı fəaliyyətinin əsas istiqamətlərindən birini haqq səsimizin dünyaya çatdırılması, eləcə də, beynəlxalq ictimaiyyəti işğal olunmuş torpaqlarımızın ən qısa zamanda azad olunmasının zəruriliyinə inandırmaqdır. Azərbaycanın bu istiqamətdə həyata keçirdiyi uğurlu diplomatiya sözügedən məsələdə ölkəmizin mövqeyinin fəal müdafiəçilərinin sayını artırıb. Təsadüfi deyil ki, Kazanda keçiriləcək görüşöncəsi də beynəlxalq ictimaiyyət Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, Dağlıq Qarabağ və ətraf rayonların işğaldan azad edilməsinin tərəfdarı kimi çıxış edir. Bu baxımdan, yaxın günlərdə Sloveniya prezidenti Danilo Türkün bu ölkəyə səfər edən Prezident İlham Əliyevlə görüşündə səsləndirdiyi bəyanatlar xüsusi əhəmiyyət kəsb edir. Belə ki, dövlət başçısı çıxışlarında münaqişənin ədalətli həllinə öz dəstəyini ifadə edib: "Status-kvo qəbul edilən həll variantı deyildir. Biz addımlarımızı sürətləndirməliyik ki, prinsiplər əks olunsun və həmin prinsiplər üzərində sülh müqaviləsi, sülh razılaşması əldə edilsin". Minsk qrupunun həmsədr ölkələrinin Dovildə imzaladıqları bəyanatın və Rusiya prezidenti Dmitri Medvedevin vasitəçiliyi ilə keçirilən üçtərəfli görüşlərin əhəmiyyətini vurğulayan Sloveniya dövlət başçısı məsələnin Helsinki Yekun Aktı və ATƏT-in qərarları əsasında həllinə tərəfdar olduğunu da əlavə edib: "Ümid edirəm ki, iyunda Kazanda keçiriləcək üçtərəfli görüşdə razılıq əldə olunacaqdır. Biz demək olar ki, eyni fikirdəyik - nizamlanmaya yönəlmiş səylər status-kvonun daimi olmasının qarşısını almaq üçün sürətləndirilməlidir. Bu məsələnin həlli digər münaqişələrin həllinə də müsbət təsir göstərə bilər".
Sloveniya prezidentinin sözləri, əslində, Azərbaycanın bu sahədə beynəlxalq miqyasda həyata keçirdiyi diplomatik fəaliyyətin uğurunu göstərir. Ümumiyyətlə, münaqişənin ədalətli nizamlanmasına kömək üçün Azərbaycan rəhbərliyinin beynəlxalq dəstəyin əldə edilməsinə yönələn siyasi fəaliyyəti ilə problemin həllinin vacibliyi bir neçə aspektdən dünyanın diqqətinə çatdırılır. İlk növbədə, qeyd edək ki, bu problemin mövcudluğu BMT, ATƏT, AŞ PA, İKT kimi nüfuzlu qlobal və regional təşkilatların qəbul etdiyi nizamnamələrdə, konvensiyalarda əksini tapan beynəlxalq hüququn tələbləri ilə ziddiyyət təşkil edir. Adıçəkilən təşkilatlara daxil olan dövlətlər onların nizamnamələrini qəbul etməklə, üzv dövlətlərin suverenliyinə qarşı yönələn hər cür zorakılığı pisləyən, təcavüzkarın cəzalandırılmasını şərtləndirən konvensiya və sazişlərə qoşulmaqla qlobal təhlükəsizliyə töhfə verməklə yanaşı, haqlı olaraq öz milli mənafelərinin də təmin olunmasını gözləyir. Başqa sözlə, beynəlxalq hüququn geniş bazasının formalaşdığı, dünyada qəbul olunan hüquqi prinsiplərə əməl olunmasına nəzarəti üzərinə götürən beynəlxalq təşkilatların və dünya güclərinin mövcud olduğu indiki dövrdə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində meydana çıxan Dağlıq Qarabağ münaqişəsinin bu vaxtadək həllini tapmaması işğalçılıq siyasətinə qarşı qlobal dirənişin kifayət qədər sərt olmadığını deməyə əsas verir. Çünki dövlətin ərazi bütövlüyünün, insanların təhlükəsiz yaşamaq hüququnun, habelə, maddi-mədəni irsin qorunması prinsiplərinin pozulması kimi çoxsaylı antihumanist aktlarla müşayiət olunan Dağlıq Qarabağ münaqişəsinin mövcudluğu XXI əsrdə qlobal əhəmiyyət kəsb edən insan haqları dəyərləri ilə bir araya sığmır. Üstəlik, işğalçı Ermənistanın cəzasız qalması, ən azından qoşunlarını zəbt etdiyi ərazilərdən çıxarmaması digər təcavüzəmeyilli qüvvələr üçün də mənfi presedent rolunu oynaya bilər.
Azərbaycanın beynəlxalq birliyin diqqətinə çatdırdığı məqamlardan biri də, Dağlıq Qarabağ münaqişəsinin regional təhlükə mənbəyi olması faktıdır. İşğal altında olan torpaqlarda fəaliyyət göstərən qanunsuz rejimin nəzarətsiz qalmış ərazilərdən beynəlxalq cinayətkar qruplaşmalarla əməkdaşlıq məkanı kimi istifadə etməsi regionun gələcəyinə ciddi təhlükə törədir. Bundan əlavə, Ermənistanın aqressiv siyasəti regionun fəal dövləti olaraq Azərbaycanın müxtəlif dövlətlərlə, həmçinin, Avropa İttifaqı (Aİ) ölkələri ilə iqtisadi əlaqələri çərçivəsində gerçəkləşdirdiyi qlobal əhəmiyyətli layihələrin gələcəyini hədələyən başlıca faktordur. Nəzərə almaq lazımdır ki, Avropa İttifaqı Azərbaycanla əlaqələri bundan sonra da genişləndirmək niyyətindədir. Azərbaycan-Aİ əlaqələrinin dərinləşməsində rolunu artırmağı planlaşdıran ölkənin rəhbəri kimi, Sloveniya prezidentinin Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə geniş toxunması konfliktin regional əməkdaşlığa yaratdığı təhlükənin doğurduğu narahatlığın təzahürüdür. Deməli, bu gün dünya ictimaiyyəti Ermənistanın təcavüzkar siyasətinin beynəlxalq hüququn tələblərini pozmasından və regional əməkdaşlığa yaratdığı təhlükədən xəbərdardır. Vəziyyətdən çıxış yolu isə Azərbaycanın haqlı mövqeyinin beynəlxalq səviyyədə dəstəklənməsi və Ermənistanın işğaldan əl çəkməyə vadar edilməsidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB