İdmançımız uşu üzrə dünya çempionatında bürünc medal qazanıb

Azərbaycan idmançısı Orxan Hətəmov Çinin Şanxay şəhərində keçirilən uşu üzrə XV dünya çempionatında bürünc medal qazanıb.

SİA-nın məlumatına görə, mundialda 48 kiloqram çəki dərəcəsində mübarizə aparan Orxan Hətəmov ilk döyüşündə Şri-Lanka idmançısı Laksman Gunasekara Vickramageni məğlub edib. Növbəti mərhələdə qazaxıstanlı Alişer Yessenbayevi üstələyən idmançımız yarımfinala yüksəlib. Yarımfinalda filippinli Russel Diaza məğlub olan O.Hətəmov bürünc medala layiq görülüb.

İlk görüşündə fransalı Bilal Talhanı üstələyən Elçin Eminov (56 kq) ikinci görüşündə koreyalı Ungjin Yuna uduzub.

Digər idmançımız 65 kiloqram çəki dərəcəsində mübarizə aparan Ruslan Pirəliyev belaruslu Yauhen Sliaptsouya qalib gəlib. İdmançımız növbəti görüşündə isə filippinli Klemente Tabuqaraya yenilib.

Uşu üzrə yığma komandamız dünya çempionatında böyük məşqçi Baharətdin Səlimovun rəhbərliyi altında mübarizə aparıb.

Oktyabrın 23-də yekun vurulacaq çempionatda 120-yə yaxın ölkənin idmançıları iştirak edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...