"4 il əvvəl komandalar güclü, çempionat isə daha səviyyəli idi"

“Sabah”ın yarımmüdafiəçisi Erik Ramos Qol.az-a müsahibə verib. Topaz Premyer Liqanın 11-ci turunda “Səbail”ə 0:4 hesablı məğlubiyyəti şərh edən paraqvaylı futbolçu digər məqamlara da toxunub.

- Son turda gözlənilmədən doğma meydanda “Səbail”ə uduzdunuz. Məğlubiyyətə nə səbəb oldu?

- Bizim günümüz deyildi. “Səbail” öz oyunu ilə sözün əsl mənasında bizi təəccübləndirdi. Mükəmməl oynadılar və layiqli qələbə qazandılar. Onları bu münasibətlə təbrik edirəm.

- Yəqin, özünüz də 0:4 hesablı məğlubiyyət gözləmirdiniz.

- Əlbəttə, belə böyük hesabla uduzacağımızı gözləmirdik. Çox ağır məğlubiyyət oldu. Bundan lazımı nəticə çıxarıb, qarşıdakı turlarda öz oyunumuzu daha da yaxşılaşdırmalıyıq.

- Çempionatda milli komandaların oyunları ilə bağlı fasilə yarandı. Necə düşünürsünüz, bunun sizə xeyiri olacaq, yoxsa ziyanı?

- Təbii ki, xeyiri olacaq. Fasilənin səhvlərimizi analiz etməyə, yaxşı hazırlıq keçib, oyunumuzu daha da inkişaf etdirməyə xeyiri dəyəcək.

- Komandanın ən sərrast hücumçusu Marko Deviçin olmaması oyununuza çox təsir edir. Onun boşluğunu doldurmaq belə çətindir?

- Deviçsiz keçirdiyimiz son oyunlar bizim üçün çox çətin alınıb. Onun yoxluğunda hücumdakı fəallığımızı itirmişik. Marko bizim üçün çox vacib oyunçudur.

- Fasilədən sonra ilk oyununuzu “Qarabağ”a qarşı keçirəcəksiniz. Bu barədə nə deyə bilərsiniz?

- Bəli, növbəti turda güclü komandaya qarşı oynayacağıq. Çox çətin görüş olacaq. Oyuna ciddi hazırlaşmalıyıq. Bu matçda 1 xal da bizim üçün yaxşı nəticə sayılacaq.

- 2016-cı ildə “Neftçi”dən ayrıldıqdan sonra Azərbaycanı tərk etdiniz. 4 illik fasilədən sonra yenidən buradasınız. Azərbaycan futbolunda çox şey dəyişib?

- Əlbəttə. Ən əsası klubların sayı azalıb. O vaxt Premyer Liqada 12 komanda mübarizə aparırdı. İndi isə cəmi 8 klub qalıb. 4 il əvvəl komandalar güclü, çempionat isə daha səviyyəli idi.

- 2 il şərəfini qoruduğunuz “Neftçi” hazırda liderdir. Sabiq komandanızın çempionluq şanslarını necə dəyərləndirirsiniz?

- Bir neçə illik fasilədən sonra “Neftçi” ilk pillədə qərarlaşıb. Onlar yaxşı oyun göstərirlər. Hazırda da çempionluğa 1 nömrəli namizəddirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə