Futbol fanatları niyə aqressiv olurlar? - ARAŞDIRMA

Dünyanın ən kütləvi idman növü olan futbol çılğın azarkeşləri ilə fərqlənir. Ayrı-ayrı ölkələrin futbol klublarının azarkeş qrupları yalnız stadionda olduqları zaman deyil, digər vaxtlarda da futbolu həyat tərzi olaraq görürlər. Belə fanat azarkeşlər öz sevimli klublarına görə rəqib komandanın azarkeşlərinə qarşı aqqressivlikləri ilə seçilirlər. Futbol azarkeşləri arasında baş verən davalarda dəfələrlə ölüm halları, ağır zədələnmələr olub. Hətta bu aqressivlik sosial şəbəkə istifadəçisi olan fanatlar arasında da müşahidə olunur.

Bəs niyə rəqib fanatlar bir-birləri ilə normal ünsiyyətdə olub, normal müzakirələr edə bilmirlər? SİA bu mövzu ilə bağlı araşdırma apararaq mütəxəssislərin fikirlərini öyrənib:

"Fanatlıq uzun illər öncə müəyyən məqsədlər üçün formalaşdırılıb"

Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitunun əməkdaşı, sosioloq, professor Əhməd Qəşəmoğlu fanatlığın uzun illər öncə müəyyən məqsədlər üçün formalaşdırıldığını bildirib: “Hansı sahədə olursa olsun artıq dərəcədə fanatlıq həm mənəvi - psixoloji, həm elmi, həm də praktik baxımdan anormal hal sayılır. Əslinə qalsa, artıq dərəcədə fanatlıq bütün dinlər, xüsusi ilə İslam dini baxımından arzuolunmaz hal sayılır. Bu, nəfsin idarə, tərbiyə oluna bilməməsi kimi qiymətləndirilir.

Bu cür fanatlığın formalaşmasını, inkişaf etməsini istəyənlərin öz fəlsəfəsi, siyasətləri var. 60-cı illərdə Amerikada gənc zəncilər tez-tez mitinqlər, küçə yürüşləri keçirir, demokratik prinsiplər əsasında zənci hüquqlarını tələb edirdilər. Belə bir vaxtda Amerikada sosial psixologiya mütəxəssisləri gəncləri küçələrdən yığmağın inzibati yolla mümkün olmadığını görüb, "yumşaq" metodlar axtarmağa başlayıblar. Təklif edilib ki, gəncləri küçələrdən dava-dalaşsız yığmaq üçün onların diqqətini daha çox idmana, musiqiyə, seksə, qumara və başqa sahələrə yönəltmək lazımdır. Fanatlığa xüsusi önəm ayrıldı. Beləliklə, mənəvi dəyərlər qondarma demokratik dəyərlərə qurban verildi”.

O vurğulayıb ki, fanatlığı insanların maraqları ilə qarışdırmaq olmaz: “İnsanların hansısa bir sahəyə xüsusi marağı ola bilər. Bu normaldır və yaxşı haldır. Maraq klublarında birləşmək, müzakirə etmək də yaxşıdır. Fanatılq isə başqa, kütləvi psixoz haldır. Biri var göyərçini, iti, xoruzu sevmək, biri var quşbaz, itboğuşduran, xoruz döyüşdürən olmaq”.

"Futbol fanatları uduzmağı qəbul edə bilmirlər"

Gürcüstanın “FC Qardabani” klubunun azərbaycanlı baş məşqçisi Adil Mahmudov isə deyib ki, futbol fanatı olan azarkeşlərdə elə aqressiya olur ki, onlar arasında davaların baş verməsinin qarşısını almaq mümkün deyil: “Belə futbol fanatları öz komandalarına elə bağlanırlar ki, onlar uduzmağı qəbul edə bilmirlər. Sanki onlar qarşılaşmanı beyinlərində qururlar və həmin oyunu görməyəndə aqressiya yaranır. Belə olan halda səbr olmur və hansısa anlaşılmazlıq qığılcım təsiri yaradır. Futbol fanatlar sanki davadan həzz alırlar. Bir aralar İngiltirədə fanatlar arasında bıçaqlaşmalar və qrup şəklində kütləvi davalar olurdu. Onlarda məğlub komanda varsa, deməli dava olmalıdır ideyası yaranıb”.

Baş məşqçi bildirib ki, belə halların qarşısını almaq üçün azarkeşlərlə mütəmadi olaraq görüşlər, toplantılar keçirmək, maarifləndirmə işləri aparmaq lazımdır.

"İnsan nə qədər çox sosial olsa, o qədər çox aqressiya, emosiya, hissləri, daxili neqativ psixi prosesləri idarə edə bilər”.

Azərbaycan Psixologiya və Psixoterapeya Assosiasiyasının layihə rəhbəri, psixoloq Nurlana İsmayılovanın sözlərinə görə, futbol fanatlarındakı aqressiya daha çox düzgün idarə olunmayan psixoloji durumla bağlıdır: “İnsan bir sahəyə nə qədər meyilli olursa, ona o qədər bağlanır və alüdəçilik yaranır. Bu isə rəqabətə gətirib çıxardır. Rəqabət 2 cür olur: sağlam və qeyri-sağlam rəqabət. Sağlam rəqabətdə insanlar bir-birləri ilə uğurlarnı paylaşır, digərlərindən öyrənib, inkişaf etmək istəyir, öndə getməyə çalışırlar. Ancaq qeyri-sağlam rəqabətdə aqressiya olur, insanlar bir-birlərini təhqir edir, hətta xəsarət yetirirlər. Bu da hər bir insanın psixologiyasından asılıdır. İnsanın psixi durumu nə qədər sağlam olsa, onun fəaliyyəti, düşüncələri də o qədər sağlam olur. Ruhu sağlam olmayanın davranışları da sağlam olmur”.

Psixoloq vurğulayıb ki, insanlar çox qapalı olanda, daxili aqressiya, qısqanclıq hissləri güc gəldikdə uduzmağı qəbul edə, qarşı tərəflə normal ünsiyyət qura bilmirlər, bir-birlərini təhqir edir, dava salır və digər neqativ hallarla üzləşirlər: “Bunlar hamısı qeyri-sosial münasibətlərdən yaranır. İnsan nə qədər çox sosial olsa, başqaları ilə ünsiyyət qursa, fikir mübadiləsi aparsa, yeniliklərə açıq olsa, daim öyrənsə, öz üzərində çalışsa, o qədər çox aqressiya, emosiya, hissləri, daxili neqativ psixi prosesləri idarə edə bilər”.

Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə