Qəlblərdə yaşayan əbədiyaşar liderimiz - ŞƏRH

Azərbaycanın tutduğu yol müstəqil ölkə, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Bu kəlamlar qəlbimizdə yaşayan və hər zaman bizimlə olan, hər bir uğurumuzda adı çəkilən 98 yaşını qeyd etdiyimiz Ümummilli Lider Heydər Əliyevə aiddir.

Ulu Öndərin Azərbaycanın dövlətçilik tarixində müstəsna yeri var. Ümummilli Lider siyasi fəaliyyətinin bütün mərhələlərində Vətənə, xalqa, torpağa sonsuz məhəbbət hissi, qurub yaratmaq amalı ilə yaşamış və hər zaman milli ideallara bağlı olmuşdur. Dahi şəxsiyyət öz müdrik siyasəti sayəsində müasir Azərbaycan dövlətinin qurulmasında, Azərbaycan dilinin, adət-ənənələrinin qorunmasında, ölkəmizin müstəqil dövlət olaraq inkişaf etməsində səylə çalışmış və buna nail olmuşdur.

Azərbaycanda müasir demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, milli-mənəvi dəyərlərə qayıdış, elmin, təhsilin, mədəniyyətin, iqtisadiyyatın, ümumiyyətlə ölkəmizin hər bir sahədə inkişaf etdirilməsi Heydər Əliyevin adı ilə bağlıdır.

Heydər Əliyev ilk dəfə 1969-cu ildə hakimiyyətə gəldiyi gündən Respublikanın hərtərəfli inkişafının təməlini qoymuşdur. Bu fəaliyyəti nəticəsində təhsil, elm, kənd təsərrüfatı, neft sənayesi, ordu quruculuğu inkişaf etdi. Heydər Əliyev öz xalqını, onun tarixini, mədəniyyətini ələlxüsus da dilini sevən bir şəxsiyyət idi. SSRİ birləşmiş respublika xalqlarının öz dillərinin olmasını məqbul hesab etmədiyi ideyası ilə çıxış edərkən Ulu Öndər Azərbaycan dilinin dövlət dili kimi 1977-ci il 7 oktyabr tarixində qəbul edilmiş Azərbaycan SSR-nın Konstitusiyasına daxil edilməsinə nail olmuş və Azərbaycan dili dövlət dili olaraq adı çəkilən konstitusiyanın 73-cü maddəsində öz yerini almışdır.

Heydər Əliyev bu gün dünyanın enerji təminatçılarından olan Azərbaycanın uğurlarını 70-ci illərdə verdiyi qərarlar sayəsində təmin etmişdir. Həmin illərdə neft sənayesinin inkişafı, “28 May”, “Günəşli” yataqlarının mənimsənilməsi, Dərin Özüllər Zavodunun istifadəyə verilməsi bunun bariz nümunəsidir. Ulu Öndərin xalqın təkidi ilə yenidən müstəqil Azərbaycanın sükanı arxasına keçməsi ilə ölkəmiz iqtisadi tənəzzüldən, vətəndaş müharibəsindən, parçalanmaqdan və nəhayət məhv olmaq təhlükəsindən xilas oldu. 1994-cü ilin sentyabrın 20-də bağlanan “Əsrin müqaviləsi” ümummilli liderin tarixə atdığı imzası, Azərbaycanın isə siyasi və iqtisadi qələbəsi idi. Bunun ardınca Bakı-Tbilisi-Ceyhan neft-boru xəttinin çəkilməsi haqqında müqavilə və onun həyata keçirilməsi Azərbaycanın qələbəsi idi. Dünya iqtisadiyyatına uğurla inteqrasiya, ölkə daxilində iqtisadi liberallaşma, iqtisadiyyatımızın rəqabət qabiliyyətinin yüksək olması, torpaqların şəxsi mülkiyyətə verilməsi, kənd təsərrüfatının uğurlu fəaliyyəti 1993-cü ildən etibarən ulu öndər tərəfindən yeni prinsiplər əsasında qurulan iqtisadiyyatın və aqrar siyasətinin nəticəsidir.

Heydər Əliyevin Cəmşid Naxçıvanski adına hərbi liseyin açılması ilə həyata keçirdiyi siyasəti nəticəsində milli ordumuzun formalaşmasına nail olunmuş və Azərbaycan dövləti güclü, rəşadətli orduya sahib olmuşdur. Məhz bu ordu 30 illik həsrətimizə son qoydu. Ulu Öndər Heydər Əliyevin layiqli davamcısı, əvəzolunmaz sərkərdə, Ali Baş Komandan, bu gün adını fəxrlə çəkdiyimiz Prezident İlham Əliyevin rəhbərliyi ilə Ordumuz 44 günlük Vətən müharibəsində düşmənə sarsıdıcı zərbələr endirdi, işğal olunmuş ərazilərimizi mənfur düşməndən geri aldı və Azərbaycan xalqına qələbə sevincini yaşatdı, düşmən üzərində Zəfər qazandı.

Qeyd etdim ki, Heydər Əliyevin adının Azərbaycanın əldə etdiyi dütün uğurlarında yeri var. Yəni Heydər Əliyev Azərbaycan dövləti, xalqı, milləti üçün tarixdə iz qoymuş bir şəxsiyyətdir. Ulu öndərin zəngin dövlətçilik irsi ölkəmizin hərtərəfli inkişafına bir zəmindir.

1969-cu ildə Heydər Əliyevin hakimiyyətə gəlişi digər sahələrdə olduğu kimi, ədliyyənin də inkişafında mühüm rol oynamışdır. Belə ki, 27 oktyabr 1970-ci il tarixində Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Ədliyyə Nazirliyi bir qurum kimi yenidən təşkil olunmuş və inkişaf etmişdir. Ədliyyə Nazirliyi ölkəmiz dövlət müstəqilliyini bərpa etdikdən sonra da ulu öndər heydər Əliyevin diqqətindən kənarda qalmamış, 1993-cü ildə respublikada aparılan hüquqi islahatlar nəticəsində öz fəaliyyətini genişləndirmişdir. Ulu öndər ədliyyə orqanlarının müasirləşən cəmiyyətimizdə artan rolunu nəzərə alaraq 2000-ci il 11 noyabr tarixində Sərəncam imzalamışdır. Həmin Sərəncama əsasən, Azərbaycan Xalq Cümhuriyyəti Ədliyyə Nazirliyinin Əsasnaməsinin təsdiq edildiyi gün, 22 noyabr ədliyyə işçilərinin peşə bayramı günü kimi qeyd edilir.

Heydər Əliyev doğma yurdundan kənarda yaşadığı zamanlarda belə darda qalan Vətəni, milləti üçün fədakarlıq edib, haqq səsini heç kimsədən qorxmadan, çəkinmədən yüksək tribunalardan qaldırıb. 70 il boyunca sovet imperiyasından asılı şəraitdə yaşayan Azərbaycan xalqı bu imperiyanın Qırmızı ordusu tərəfindən 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə faciə yaşadı. Həmin ərəfədə Moskvada yaşayan Heydər Əliyev və ailə üzvləri yanvar ayının 21-də Azərbaycanın Moskvadakı Nümayəndəliyinə gələrək Bakı şəhərində törədilmiş qırğına, 20 Yanvar faciəsinə siyasi qiymət verərək mərkəzin və respublika rəhbərliyinin hüquqa, demokratiyaya zidd olan əməllərini ifşa etdi. Vətənə dönən Ulu Öndərin təşəbbüsü ilə 1990-cı il noyabr ayının 17-də Naxçıvan Muxtar Respublikasının adından “sovet sosialist” sözləri götürüldü. Azərbaycanın üçrəngli bayrağı Muxtar Respublikanın dövlət bayrağı oldu. Yalnız bir neçə ay sonra, 1991-ci il fevral ayının 5-də Azərbaycan Ali Soveti sessiyasının qərarı ilə Azərbaycan SSR Azərbaycan Respublikası adlandırıldı və üçrəngli bayraq Azərbaycanın dövlət bayrağı olaraq təsdiq edildi.

Heydər Əliyev yüksək idarəçilik qabiliyyəti ilə yanaşı, həm də yüksək insani keyfiyyətlərə malik bir şəxsiyyət idi. Ümummilli Liderin hakimiyyətə gəlişi ilə Azərbaycanda mətbuata tətbiq edilən senzura aradan qaldırıldı. Ulu Öndərin hakimiyyəti dövründə müstəqil media yarandı və inkişaf etdi. Heydər Əliyev həmişə mətbuata açıq olmuşdur.

Heydər Əliyev müstəsna strateji düşünmə bacarığına malik, uzaq hədəfləri düzgün müəyyən edib məqsədə çatmaq üçün optimal taktiki gedişləri bilik və bacarığı sayəsində həyata keçirirdi.

Məşhur rusiyalı jurnalist Andrey Karaulov Ümummilli Liderimizi bu keyfiyyətinə görə "hakimiyyətin ustası" adlandırmışdır.

Heydər Əliyev istər sovet dönəmində, istərsə də müstəqilliyimiz dövründə hakimiyyət olimpinə yüksələrək dünya siyasətçiləri arasında seçilən lider olmuşdur. Ulu Öndər AZƏRBAYCANLI olması ilə fəxr edən bir Lider idi.

Gülgün Şəfiyeva,
Ədliyyə Nazirliyi Ədliyyə Akademiyasının
Baş məsləhətçisi

Bütün xəbərlər Facebook səhifəmizdə