Yayda orqanizmə ziyan verəcək içkilər BƏLLİ OLDU - QİDALANMA MÜTƏXƏSSİSİ DANIŞDI

“Yay aylarında fiziki aktivliyi çox olan insanlar daha çox maye itirirlər. Bu səbəbdən bir çoxları sərinləmək üçün soyuq və qazlı içkilərə üstünlük verir. Lakin bu cür içkilər sağlamlıq üçün ciddi təhlükələr yarada bilər”. Bunu SİA-ya açıqlamasında Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova deyib.

Onun sözlərinə görə, qazlı, şəkərli və süni rəngləşdirilmiş içkilərin tez-tez istifadəsi orqanizmə zərər verir: “İsti hava şəraitində, xüsusilə günəş altında qalarkən və ya idmanla məşğul olduqda çox soyuq içkilərin birdən-birə qəbulu iltihabi proseslərə səbəb ola bilər. Bu, faringit, angina kimi boğaz xəstəliklərinə, həmçinin mədə-bağırsaq pozğunluqlarına və spazmlara yol aça bilər. Eyni zamanda diş minasını və ağız boşluğunu da zədələyə bilir".

Məhsəti Hüseynova tövsiyə edir ki, isti günlərdə otaq temperaturunda, bir qədər sərin və buzsuz sulara, evdə hazırlanmış, az şəkərli kompotlara üstünlük verilsin. Onun sözlərinə görə, nanə, limon və bal əlavə edilərək hazırlanan içkilər bədəni enerji ilə təmin edir və susuzluğu effektiv şəkildə azaldır.

“Hazır şəkildə satılan soyuq çay və limonadlar əvəzinə, evdə giləmeyvə və limondan hazırlanan təbii içkilər daha faydalıdır. Meyvələri bişirmədən, suya dad qataraq hazırlanan içkilər orqanizm üçün həm təhlükəsiz, həm də təravətləndiricidir”, – deyə mütəxəssis əlavə edir.

Qida mütəxəssisi onu da vurğulayır ki, tərkibində yüksək maye olan meyvə və tərəvəzlər — xüsusilə xiyar və qarpız yay mövsümündə həm susuzluğu yatırmaq, həm də bədənin maye balansını qorumaq baxımından ideal seçimdir.

Müəllif: Fatimə Əliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə