İlham Əliyev faktoru - XALQ DƏSTƏYİNDƏN QİDALANAN UĞUR REALLIĞI

Bu gün ölkəmizin beynəlxalq aləmdə yüksək nüfuza malik olması hər bir Azərbaycan vətəndaşının qürur və iftixarına çevrilib. Müasir dünyanın əsas liderlərindən biri kimi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin mötəbər və ali tribunalardan səsləndirdiyi fikirlər, bəyanatlar, etdiyi çıxışlar, irəli sürdüyü çağırışlar dünya birliyi tərəfindən ehtiramla qəbul olunur, dəstəklənir və yüksək qiymətləndirilir. Bu həm də daha bir reallığı əks etdirir ki, müstəqil Azərbaycan bütün dünyanın gözü qarşısında sabit, dinamik və sülhsevər dövlət kimi inkişaf edir, qətiyyətlə parlaq gələcəyə doğru addımlayır.

Cənab İlham Əliyevin dövlət başçısı kimi apardığı məqsədyönlü siyasətin real təntənəsi bütün sahələrdə hiss edilir. Bu günlərdə Prezident İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə Rusiyanın Soçi şəhərində keçirilmiş "Valday" Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasında iştirakı, həmin iclasın plenar sessiyasındakı çıxışı, qətiyyətlə səsləndirdiyi bəyanatlar ölkəmizin beynəlxalq nüfuzunun daha da möhkəmləndirilməsi istiqamətində atılmış mühüm siyasi hadisə kimi tarixə yazıldı. Prezident İlham Əliyev fürsətdən istifadə edərək Azərbaycanda əldə edilən nailiyyətləri və qarşılıqlı əməkdaşlıq istiqamətindəki prosesləri diqqət mərkəzinə çəkməklə yanaşı, ölkə reallıqlarını da beynəlxalq ictimaiyyətə çatdırdı. "Valday" Beynəlxalq Diskussiya Klubu kimi mötəbər bir forumun tribunasından Prezident İlham Əliyev tərəfindən səsləndirilmiş sərrast bəyanat Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağa səfəri zamanı Xankəndindəki görüşü zamanı "Qarabağ Ermənistanındır, nöqtə" şəklində ifadə olunmuş sərsəm fikrinə beynəlxalq ictimaiyyət qarşısında obyektiv siyasi və diplomatik cavab oldu. Real gerçəkliyin ifadəsi olan "Qarabağ Azərbaycandır və nida işarəsi!" bəyanatı Prezident İlham Əliyevin müdrikliyini, hazırcavablığını bir daha təsdiq etdi.

Ermənistanın yürütdüyü təcavüzkar siyasətinin növbəti ifşası

Eyni zamanda, dövlətimizin başçısı Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündə vaxtilə Zəngəzur bölgəsinin Azərbaycandan alınıb Ermənistana birləşdirilməsinə də diqqət çəkib. Regionun bugünkü reallıqlarını müzakirə etmək üçün Türkdilli Dövlətlərin rəhbərlərinin bir araya gəldiyi mötəbər beynəlxalq tədbirin tribunasından bu fikirlərin səsləndirilməsi Azərbaycanın prinsipial mövqeyindən bir addım da geri çəkilməyəcəyinə, öz ərazi bütövlüyünü bərpa etmək əzmində və gücündə olduğuna daha bir mesaj oldu. Bu, eyni zamanda, işğalçı Ermənistanın yürütdüyü təcavüzkar siyasətinin növbəti ifşası idi. Bu baxımdan, onu da xatırlatmaq olar ki, MDB Dövlət Başçıları Şurasının Aşqabadda keçirilən zirvə görüşündəölkəmizin rəhbəri Ermənistana çox ciddi diplomatik həmlə etdi - hücum diplomatiyasıını ən yüksək səviyyədə və bütün məntiqi ilə ortaya qoymuş oldu. Ona görə də qeyd edə bilərik ki, bu addımlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyimizi kifayət qədər gücləndirdi. Prezident İlham Əliyev Ermənistanda faşizmin əbədiləşdirilməsi ilə bağlı yürütdüyü siyasəti bütün dünyaya göstərdi.

Beləliklə, ölkə rəhbərimiz ermənilərin faşizm ideologiyasının təbliğini ifşa etməsi ilə yanaşı, həm də II dünya müharibəsində faşizm üzərində qələbə çalınmasında Azərbaycanın müstəsna xidmətlərini faktlarla sadalayıb.

Dövlət başçısının qətiyyətli çıxışları Ermənistan rəhbərliyini çıxılmaz duruma salır

Yeri gəlmişkən, onu da qeyd etmək yerinə düşərdi ki, Prezident İlham Əliyevin diplomatik zərbəsinin qarşısında Paşinyanın arqumentləri çox zəif olub. Daha dəqiq desək, cənab İlham Əliyev Paşinyanın bəyanatlarını darmadağın etdi. Ümumiyyətlə, Prezidentin bu addımları Azərbaycanın mövqeyini gücləndirməklə düşmən ölkəyə zərbə vurur. Dövlət başçısının qətiyyətli çıxışları Ermənistan rəhbərliyini çıxılmaz duruma salır. Bütün dünyaya sübut edilir ki, Ermənistan sülhün tərəfdarı deyil. Azərbaycan sülhün tərəfdarıdır, amma bu mümkün olmazsa, hərbi yolla torpaqlarımızı işğaldan azad edəcəyik. Ermənistan həm diplomatik müstəvidə, həm də hərbi müstəvidə Azərbaycandan xeyli zəifdir. Son günlər baş verənlər bunun əyani sübutudur.

Azərbaycan xalqı İlham Əliyevin həm daxili, həm də xarici siyasət təşəbbüslərini bəyənir və dəstəkləyir

Ümumiyyətlə, bu gün Azərbaycan dövləti sabitliyi, təhlükəsizliyi ən yüksək səviyyədə qorumağı bacarır və hər bir vətəndaşının təhlükəsizliyinin qarantıdır. Bütövlükdə isə, Azərbaycan beynəlxalq miqyasda sabitlik adası kimi səciyyələndirilir. Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycan bu gün öz iqtisadi-siyasi stabilliyinə, inkişaf tempinə görə istər qonşu dövlətlərdən, istərsə də region ölkələrindən seçilir. O baxımdan ki, həm siyasi müstəvidə qazanılan uğurlar, həm də iqtisadi sferada əldə olunan nailiyyətlər ölkənin müəyyənləşdirilmiş inkişaf strategiyası əsasında addımlamaqda davam etməsinə şərait yaradır, təhlükəsizlik və sabitliyə xidmət edir. Sadalananlar ölkəmizin tam sabit olduğunu, ictimai-siyasi sabitliyin milli inkişafa, dövlətin gücünün artmasına mühüm töhfələr verdiyini aşkar edir. Bu stabilliyin və inkişafın əsasında isə Ümummilli liderimiz Heydər Əliyevin təməlini qoyduğu və bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilən siyasi kurs dayanır. Bu gün öz ölkəsini sevən, dövlət maraqlarına xidmət edən hər bir azərbaycanlı tam məsuliyyəti ilə deyə bilər ki, Azərbaycan xalqı İlham Əliyevin həm daxili, həm də xarici siyasət təşəbbüslərini bəyənir və dəstəkləyir. Məhz bu gerçəklik ölkəmizin uğurlarını davamlı edir, növbəti qələbə və zəfərlərə doğru yüksəldir.

İsa HƏBİBBƏYLİ,

AMEA-nın vitse-prezidenti, Milli Məclisin deputatı

Bütün xəbərlər Facebook səhifəmizdə