Bir əsrin nümunəsi- "Xalq qəzeti"

"Xalq qəzeti" mənalı yaradıcılıq yolu keçmiş, özünəməxsus üslub və sənətkarlıq xüsusiyyətləri olan nəşrlərimizdəndir. Uzun müddət "Kommunist" adı ilə nəşr edilən bu qəzet bütün sovet dövrü ərzində Azərbaycanın ictimai, iqtisadi və mədəni həyatının güzgüsü olmuşdur. Respublikada qəzetçilik ənənələrinin formalaşmasında, jurnalistikamızın inkişafında "Xalq qəzeti"nin xidmətləri xüsusi qeyd olunmalıdır. Bu gün qəzet müstəqil Azərbaycanda hüquqi və demokratik dövlət quruculuğu işində güclü səfərbəredici rol oynayır" Ümummilli Lider Heydər ƏLİYEV

Bəli, 25 avqust 1994-cü ildə Ulu Öndə Heydər Əliyev dediyi kimi, bu gün "Xalq qəzeti" müstəqil Azərbaycanda hüquqi və demokratik dövlət quruculuğu işində güclü səfərbəredici rol oynayır.

Azərbaycanın davamlı olaraq işıq üzü görən ən uzunömürlü ictimai-siyasi nəşri olan "Xalq qəzeti"nin (1991-ci ilin 27 avqustunadək 72 il "Kommunist" adı ilə nəşr olunmuşdur) yaşının 1 əsrə çatdığı 2019-cu ilin 5 fevralında redaksiyanın tarixinə daha bir diqqətçəkən hadisə yazılır. 100 il yaşamaq Azərbaycan milli mətbuatının tarixində ikinci bir dövri nəşrə nəsib olmamışdır.

Anadilli mətbuatımızın banisi Həsən bəy Zərdabi 2 il 2 ayda böyük fədakarlıkla "Əkinçi"nin cəmi 56 nömrəsini çıxara bilmişdi. Ölkəmizdə ilk milli qəzetimiz sayılan "Əkinçi"dən 44 il sonra birinci sayı işıq üzü görən "Kommunist" Azərbaycan Xalq Cümhuriyyətinin mətbuat üçün yaratdığı demokratik şəraitdə türk-müsəlman sosial-demokratların orqanı kimi nəşrə başlamış və ilk nömrəsindən (29 avqust 1919-cu il) sonra fəaliyyəti dayandırılmışdır. Bolşeviklərin hakimiyyəti ələ almasından sonra qəzet 1920-ci il aprelin 30-dan nəşrini davam etdirmişdir.

Kommunist Partiyasının süqutundan sonra və müstəqilliyimizin ilk günlərindən istiqlal məfkurəmizi, azərbaycançılıq ideologiyasını fəaliyyətinin başlıca istiqaməti seçən redaksiya kollektivi "Xalq qəzeti"nin nəşrini rəsmi ictimai-siyasi, eyni zamanda ümumxalq qəzeti kimi davam etdirmişdir. 1994-cü ilin avqustunda qəzetin 75 yaşı tamam olanda Ümummilli Lider Heydər Əliyevin redaksiya kollektivinə göndərdiyi təbrik məktubu "Xalq qəzeti"nin XX əsrdə Azərbaycan cəmiyyətində, eləcə də milli mətbuatımızın tarixində tutduğu layiqli mövqeyə verilən ədalətli rəsmi dəyər olaraq onun sonrakı fəaliyyətini stimullaşdırmışdır. Təbrik məktubunda deyilir: "Xalq qəzeti" mənalı yaradıcılıq yolu keçmiş, özünəməxsus üslub və sənətkarlıq xüsusiyyətləri olan nəşrlərimizdəndir. Uzun müddət "Kommunist" adı ilə nəşr edilən bu qəzet bütün sovet dövrü ərzində Azərbaycanın ictimai, iqtisadi və mədəni həyatının güzgüsü olmuşdur".

Ulu Öndərin mötəbər qiymətindən də göründüyü kimi, "Xalq qəzeti" sovet dövründə də xalqımızın milli maraqlarına, tərəqqisinə mümkün olduğu qədər çıraq tutmuş, torpaqlarımızın bütövlüyü yolunda ümumxalq hərəkatı dövründə və müstəqillik uğrunda mübarizə dönəmində xalqla bir yerdə olmuşdur.

Onu da vurğulamaq lazımdır ki, qəzet respublikamızda canlı, təcrübi jurnalistika məktəbi kimi ən yaxşı yazarların bir neçə nəslini yetişdirib, öz nümunəsi ilə digər mərkəzi dövri nəşrlərin, bölgə mətbuatının lokomotivi rolunu oynayıb desək, həqiqəti etiraf etmiş olarıq.

"Xalq qəzeti" bu gün respublikanın bütün ərazisində yayımlanır, xarici ölkələrdəki səfirliklərimizə, diaspor təşkilatlarına göndərilir. Xaricdə yaşayan soydaşlarımız internet vasitəsilə hər gün qəzetimizi izləyə bilirlər.

Son 26 ildə "Xalq qəzeti" Ümummilli Lider Heydər Əliyevin və Onun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən tarixi islahatların və dövlət proqramlarının uğurla reallaşdırılmasının etibarlı və səmərəli informasiya təminatının yaradılmasında öz zəngin təcrübəsi ilə fəal iştirak edir. "Xalq qəzeti" ölkəmiz yenidən milli dövlətçilik məfkurəsinə qovuşandan sonra təcrübəli mətbuat orqanı kimi cəmiyyətdəki nüfuzunu artırır, ölkənin öncül qəzeti mövqeyini qoruyub saxlayır.

"Xalq qəzeti" bu gün ölkəmizin siyasi həyatında parlamentarizm düşüncəsinin daha da aydınlaşdırılmasına və möhkəmləndirilməsinə öz töhfəsini verməkdədir.

"Xalq qəzeti"nin 100 illiyi münasibəti ilə "SƏS" qəzeti kollektivi bu bayram sevincinə qoşulur, qəzetin kollektivini və oxucularını təbrik edir, uğurlar arzulayır. 100 YAŞINIZ MÜBARƏK, əziz həmkarlarımız!

"SƏS" qəzeti kollektivi

Bütün xəbərlər Facebook səhifəmizdə