"Kitab və mətbəə məhsulları üzərindən ƏDV ortadan qaldırılsın" TƏKLİF

"Bu gün Azərbaycanda ən vacib məsələrdən biri kitab və mətbəə məhsulları üzərindən Əlavə Dəyər Vergisinin tamamilə ortadan qaldırılmasıdır. Ən yüksək ƏDV bizdədir, yəni 18%. Halbuki Türkiyədə bu rəqəm 8% olmasına rağmən bunu çox hesab edərək tamamilə ortadan qaldırırlar". SİA-nın məlumatına görə, bunu deputat Fazil Mustafa Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxış edərkən deyib.

O bildirib ki, qonşu Gürcüstanda bu vergi ümumiyyətlə yoxdur: "Orada kitabdan, çap avadanlıqlarından, hətta ölkəyə xaricdən gətirilən kitablardan ƏDV tutulmur. Belarusda isə bütün kitab mağazaları kirayə haqqından azaddırlar. Çünki bu dövlətlərdə kitabın əlçatanlığı və oxuyan cəmiyyət hədəfi qarşıya qoyulub. Məgər bizdə savadlılığın səviyyəsi o dərəcədə yüksəkdir ki, bunu ehtiyac duymuruq? Adam həm aldığı kağıza vergi ödəyir, ardınca bu kağızdan hazırlanan kitaba vergi ödəyir. Dünyanın hər yerində ümumi istehsal prosesindən bir dəfə vergi alınır, bizdə isə hər mərhələdən vergi alınır. Üstəlik də xaricdən gətirilən kitaba görə də 9% gömrük rüsumu alınır".

Ölkədə kitab statistikasının olmadığını deyən F. Mustafa qeyd edib ki, halbuki bu statistikaya görə xaricdə konkret ölkənin mütailə səviyyəsi müəyyənləşdirilir və lazımi tədbirlər görürlər: "Digər tərəfdən nəşriyyat kitabı satışa verən andan elektron qaydada vergi tutulur. Halbuki kitab satılmadığı halda vergini ödəyən nəşriyyat əvvəlcədən zərərə düşmüş olur. Kitab üzərindən ƏDV mütləq götürülməlidir. Əgər cəmiyyətin intellektual inkişafını istəyiriksə, əgər normal orta təbəqənin formalaşmasını istəyiriksə! Bu kitabın satış qiymətinə ən azı 20 % öz təsirini göstərəcək, kitab çapını, tərcüməni, xaricdən kitab gətirilməsini stimullaşdıracaq və kitab bazarını canlandıracaq".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə