"Mənəvi dəyərlərin təbliği və dini icmalar" KONFRANS - SƏS TV

Bu gün Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə "Mənəvi dəyərlərin təbliği və dini icmalar" mövzusunda konfrans keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi, Qafqaz Müsəlmanları İdarəsinin, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun, Azərbaycan Milli Elmlər Akademiyasının rəsmi şəxsləri, dini konfenssiya rəhbərləri, icma sədrləri, media nümayəndələri və digərləri iştirak ediblər.

Tədbirdə ilk çıxış edən komitə sədri Mübariz Qurbanlı bildirib ki, tədbirin bugünkü mövzusu təsadüfi seçilməyib Milli mənəvi dəyərlərin qorunması istiqamətində böyük işlərin görüldüyünü deyən M.Qurbanlının sözlərinə görə, baxmayaraq ki, Azərbaycan xalqı tarixin müxtəlif dövrlərində başqa dövlətlərin tərkibində qalıb, lakin xalqımız milli mənəvi dəyərlərimizi qoruyub bu günə çatdırıb: "Xalqımız qədim tarixə malikdir və böyük iz qoyub. İlk dəfə respublika dövlət idarəçilik üsulu 1918-ci ildə Azərbaycanda yaradılıb. Daha sonra bu dövlət quruluşu digər türk dövlətləri arasında yayılıb. Azərbaycanın öndə gedən ziyalıları bu istiqamətdə böyük işlər görüb. Azərbaycan kommunist ideologiyasının təsiri altında olduğu dövrdə də öz mənəvi dəyərlərinə sahib çıxa bilib".

Komitə sədri söyləyib ki, Azərbaycanda milli ruhun yüksəlməsində Ulu Öndər Heydər Əliyevin böyük xidmətləri olub: "Milli mənəvi dəyərlərimizin tərkibinə dil, din və digərləri daxildir. Cümhuriyyət dövründə dilimizin, dinimizin qorunması istiqamətində böyük işlər görülüb. Bundan başqa Sovetlər dövründə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra da gördüyü işləri də xüsusi vurğulamaq lazımdır. 1978-ci ildə Azərbaycan Konstitusiyasında dilimizin dövlət dili elan olunmasından Ümummilli lider Heydər Əliyevin fəaliyyəti misilsizdir. Dövlət müstəqilliyimizin bərpasından sonra Ulu Öndərin ortaya qoyduğu azərbaycançılıq ideologiyası adət-ənənələrimizin qorunması baxımından çox əhəmiyyətlidir".

M.Qurbanlı vurğulayıb ki, mili mənəvi dəyərlərin qorunmasında Qafqaz Müsəlmanlar İdarəsinin də fəaliyyətini də burada qeyd etmək olar: "Bu gün bizim ailə dəyərlərimiz, dövlət modelimiz başqa ölkələr üçün nümunədir. Dünyada olan dinlərin sayı azalır, vahid dinə doğru bir proses gedir. Belə olan halda dövlətlər öz dinlərini qorumalıdırlar. Azərbaycan eyni zamanda Qərb mədəniyyətinin təsiri və təzyiqi altındadır. Lakin bu mədəniyyətin süni şəkildə tətbiq edilməsi milli dəyərlərimizin deformasiyaya gətirib çıxara bilər. Buna görə də millət özünüqoruma instiktini inkişaf etdirməlidir. Bu istiqamətdə bizim din xadimləri, icmalar, KİV öz fəaliyyətlərini ortaya qoymalıdır. Biz bununla əsas dəyərimiz olan müstəqilliyimizi qorumuş oluruq".

QMİ-nin sədr müavini Qəmər Cavadlı çıxış edərək ilk növbədə Azərbaycan xalqının Qurban bayramını təbrik edib. Sədr müavini bildirib ki, Qurban bayramı da mənəvi dəyərlərimizdən biridir: "Biz bu dəyərləri qorumalı, gələcək nəsillərə çatdırmalıyıq. Qurban kəsmək bütün müsəlmanlar eləcə də Azərbaycan xalqı üçün önəmlidir. Milli mənəvi dəyərlimizin bir hissəsi olan dinimiz, dilimizin qorunmasında icmaların rolunu xüsusi qeyd etmək lazımdır. Biz müstəqillik qazandıqdan sonra din istiqamətində mühüm işlər görülüb. Burada dövlətin yaratdığı şərait xüsusi qeyd edilməlidir. Dövlət tərəfindən görülən işlər mühüm əhəmiyyət kəsb edir. Yeni məscidlərin tikilməsi, mədrəsələr, dini təhsil müəssisələrinin açılmasında dövlət başçısına minnətdar olmalıyıq".

Q.Cavadlı qeyd edib ki, bu gün multikulturalizm, tolerantlıq sahəsində Azərbaycan modelinin təbliğini genişləndirməliyik: "Azərbaycan özünəməxsus məkan kimi dünyada tanınıb. Hesab edirəm ki, mənəvi dəyərlərin təbliği istiqamətində dini icmaların fəaliyyətinə dini maarifləndirmə işi, multikulturalizmin təbliği əlavə olunmalıdır. Bu içə təkcə müsəlman deyil, digər konfessiyalar da qoşulmalıdır ki, fəaliyyət öz faydasını verə bilsin".

Tədbirin davamında çıxış edən "Səs" Media Qrupun rəhbəri, Mənəvi Dəyərlərin Təbliği Fondunun Himayəçilər Şurasının üzvü Bəhruz Quliyev söyləyib ki, mənəvi dəyərlərin təbliğində əsas iş mətbuatın üzərinə düşür: "Tarixən milli mənəvi dəyərlərimiz basqılara məruz qalsa da, qorunub və bu günə qədər gəlib çıxa bilib. Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin bu istiqamətdə gördüyü işlər göstərir ki, Azərbaycanda mənəvi dəyərlərin təbliği dövlət siyasətinin əsas istiqamətindən birinə çevrilib".

Dini icmaların fəaliyyətinin qanunlar, qərarlar tərəfindən tənzimləndiyini dilə gətirən B.Quliyev söyləyib ki, Azərbaycanda ən vacib nüanslardan biri Dövlət başçısının bu sahəyə göstərdiyi diqqətdir: "Azərbaycan Prezidenti bu sahəyə öz dəstəyini maliyyə yardımları, müxtəlif tədbirlər, proqramlar, qərarlar formasında ortaya qoyur".

"SƏS" Media Qrupun rəhbəri vurğulayıb ki, mətbuat dinimizin müasir dövrə çatmasında böyük rola malikdir: "Lakin görülən işlərlə kifayətlənmək olmaz. Bu istiqamətdə daha böyük maarifləndirmə, təbliğat işləri aparılmalıdır. Hər bir vətəndaş sosial şəbəkələr vasitəsilə informasiya yaymaq imkanına malikdir. Jurnalist peşəsi ilə yanaşı vətəndaş olduğunu nəzərə almalı, mənəvi dəyərlərin təbliği istiqamətində üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir. Bu baxımdan vətəndaş öz məsuliyyətini dərk edərək paylaşdığı məlumatların dəqiqliyinə əmin olmalıdır. Əks halda mənəvi dəyərlərimiz deqrodasiyaya məruz qala bilər. Cəmiyyət bu işə dəstək olmalı, milli mənəvi dəyərlərə həssaslıqla yanaşmalıdır. Dinimizin, dilimizin təhrifinə yol vermək olmaz. Biz dini bayramlarımızı olduğu kimi təbliğ etməliyik. Bir media qurumun rəhbəri kimi bu sahədə üzərimə düşən işin daha geniş şəkildə görəcəyimizə əminliyini ifadə edirəm. Bildiyiniz kimi bu istiqamətdə Mənəvi Dəyərlərin Təbliği Fondu da yaradılıb. Fond qısa zaman müddətində böyük işlər görüb, maarifləndirmə işləri həyata keçirib".

Fondun Himayəçilər Şurasının üzvü B.Quliyev çıxışının sonunda bütün tədbir iştirakçılarını və Azərbaycan xalqını Qurban Bayramı münasibətilə təbrik edib.

Daha sonra çıxış edən natiqlər milli mənəvi dəyərlərimizin təbliğində dini icmaların rolu və öhdəlikləri, bu istiqamətdə onların potensialından istifadənin üstünlükləri haqqında fikirlərini bildiriblər.

Tədbir müzakirələrlə davam edib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə