Ümumxalq Hüzn Gününə həsr edilmiş tədbir keçirilib

Yanvarın 19-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) 20 Yanvar “Ümumxalq Hüzn Günü”nün 28-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. SİA-nın verdiyi məlumata görə, ölkəmizin müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanan tədbirdə çıxış edən Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı 20 Yanvar hadisələrinin xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda mübarizə tarixinin şərəfli səhifəsi olduğunu bildirib. Xalq öz canından keçməsi hesabına özünün azadlığı, müstəqilliyi uğrunda mübarizə apardığını, qəhrəmanlıq nümayiş etdirdiyini qeyd edib.

20 Yanvar faciəsi zamanı həlak olan dinc sakinlərin içərisində azərbaycanlılarla yanaşı, digər xalqların və dinlərin nümayəndələrinin də olduğunu diqqətə çatdıran Mübariz Qurbanlı bununla Azərbaycanın Vətənin azadlığı və müstəqilliyi naminə ən ağır sınaqlara sinə gərmək, şəhid vermək əzmini bütün dünyaya nümayiş etdirdiyini vurğulayıb.
Dövlət Komitəsinin sədri bu qanlı hadisələrə ilk dəfə Ulu Öndər Heydər Əliyevin hüquqi-siyasi qiymət verdiyini deyib. Bildirib ki, faciənin ertəsi günü Ümummilli Lider Heydər Əliyev Moskvada Azərbaycan nümayəndəliyinə gələrək təcavüzə kəskin etirazını bildirib, faciəni törədənləri sərt tənqid edib. Xalqın təkidi ilə ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra da 20 Yanvar hadisələrini lazımınca qiymətləndirmək yolunda ciddi addımlar atılıb.
Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasətin də təməl prinsiplərindən birinin Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması olduğunu bildirib. Dövlətimizin şəhid ailərinə olan xüsusi diqqətdən bəhs edən Dövlət Komitəsinin sədri şəhidlərin xatirəsinin əbədiləşdirilməsi, şəhid ailələrinə göstərilən dövlət qayğısı barədə ətraflı məlumat verib.
Azərbaycan Respublikası Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov xalqımızın tarixinin mühüm səhifəsi olan bu hadisənin milli azadlıq mübarizəmizdə mühüm rol oynadığını bildirib. E.Nəcəfov vurğulayıb ki, 20 Yanvar qətliamı xalqımızın müstəqillik əzmini qıra bilməyib və Azərbaycanın müstəqillik qazanmasına təkan verib. O, Ümummilli Lider Heydər Əliyevin xidmətləri sayəsində bu hadisə haqqında beynəlxalq ictimaiyyətə məlumat verildiyini bildirib. 21 yanvar tarixində keçirdiyi mətbuat konfransında bu vəhşiliyi qətiyyətlə pisləməklə yanaşı, onun törəmə səbəblərini də açıqladığını, təşkilatçılarının, günahkarlarının adını bütün dünyaya bəyan etdiyini diqqətə çatdırıb.
Qafqaz Müsəlmanlari İdarəsinin sədr müavini Fuad Nurullayev, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein, Bakı şəhəri Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev, Roma Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekturasının ordinarisi Vladimir Fekete, Azərbaycan Respublikasının Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili, Avropa Yəhudiləri Bakı dini icmasının sədri Aleksandr Şarovski çıxış edərək 20 Yanvar faciəsi ilə bağlı xatirələrini bölüşüb, bu günün təkcə matəm günü yox, həm də qəhrəmanlıq salnaməsi kimi tariximizə həkk olunduğunu bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə