"Müxalifətin birdən-birə mitinqə çağırış etməyini başa düşmürəm" ÖZƏL-MÜNASİBƏT

"Ölkədə siyasi kampaniya getmədiyi halda, hər hansı bir seçki prosesi və yaxud hansısa siyasi hərəkətlənmə olmadığı təqdirdə birdən-birə mitinqə çağırış etməyi başa düşmürəm. Yəni hansı zərurətdən ortaya çıxdığını anlaya bilmirəm. Tutaq ki, onlar yanvarın 19-da gəlib mitinq keçirmişdilər və polisdə məlumat yaydı ki, qayda pozuntusu olmayıb. Amma təəssüflər olsun ki, onlar meydandan kənara çıxıb ictimai asayişi pozan hərəkətlərə yol vermişdilər. Yəni küçədə şüarlar qışqırmaq və metroda hay-küy salmağa cəhd göstərmək kimi hallar baş vermişdi". Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

"Təbiidir ki, bu da mitinq təşkilatçılarının məsuliyyət məsələsidir. Biz gözləyirdik ki, o mitinq təşkilatçıları bununla bağlı əlavə açıqlama, izahat verərlər və öz tərəfdarlarına çağırışlar edərlər. Amma biz bunları görmədik. Ona görə də Bakı Şəhər İcra Hakimiyyəti bu əsasları, eyni zamanda ayrı-ayrı şəxslərdən daxil olan şikayətləri əldə rəhbər tutaraq onların indiki halda mitinq keçirməsinə şərait yaradıla bilməyəcəyini elan edib. Düşünürəm ki, müxalifətçi dostlarımız bu məsələyə anlayışla yanaşmalıdırlar. Yəni onlar ölkədə süni gərginlik yaratmağa deyil vətəndaş sülhü yaratmağa xidmət etməlidirlər. Beləki Azərbaycan dövlətinin müvafiq qurumları ilə anlaşma şəraitində öz aksiyalarının keçirilməsi yolları üzərində düşünməlidirlər. Əks təqdirdə təbiidir ki, narazılıqlar artacaq. Yəni onlara münasibət daha da sərtləçəcək. Üstəlik isə vətəndaşlarımız, ayrı-ayrı insanlar özlərinin rahatlığının pozulması hesabına kimlərinsə siyasi xal qazanmasına dözmək fikrində deyillər. Yəni bu baxımdan düşünürəm ki, Bakı Şəhər İcra Hakimiyyəti düzgün addım atıb və yəqinki mitinq keçirmək istəyənlər bir daha götür-qoy edəcəklər və üzərlərinə əlavə öhdəlik götürərək növbəti aksiyaları keçirmək haqqında fikirlərini bildirəcəklər”-deyə, A.Həsrət fikrini tamamlayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə