"Cənub Qaz Dəhlizi çox əhəmiyyətli bir layihədir" ÖZƏL-RƏY

"Ümumiyyətlə Azərbaycanın coğrafi ərazisi təbii ki, ölkəmizin tranzit potensialını daha da artırır. Bizim çəkdiyimiz beynəlxalq boru xətləri – Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Cənub Qaz Dəhlizi ölkəmizin ixrac və enerji resursları imkanlarını artırır". Bunu SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.

"İndi Cənub Qaz Dəhlizi layihəsi Avropaya qədər uzanır və ötən gün Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısında Azərbaycan Prezidenti cənab İlham Əliyevin də iştirakı bunun beynəlxalq əhəmiyyətini daha da artırır. Yəni Azərbaycanın yerləşdiyi coğrafi mövqe imkan verir ki, bu layihə vasitəsilə ayrı-ayrı ölkələrin enerji resurslarını ixrac edək. Məsələn, qonşu ölkələrimiz Türkmənistana, Qazaxıstana, İrana və yaxud da Rusiyaya ola bilsin ki, gələcəkdə qazın nəqli Azərbaycandan keçsin. Çünki Cənub Qaz Dəhlizi layihəsi çox əhəmiyyətli bir layihədir. Gələcəkdə də bu, Avropanın enerji təhlükəsizliyində önəmli rola malik olan bir layihə olacaqdır. Yəni ölkə başçısı da sözügedən toplantıda bunu xüsusilə vurğuladı. Azərbaycanın belə bir böyük tranzit imkanları geniş layihə təşkilatçısı və iştirakçısı olması təbii ki, ölkəmizin dünya üçün əhəmiyyətini bir daha artırır”-deyə, deputat fikrini tamamlayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə