PA rəsmisi: "Türkiyə ilə Azərbaycan arasında informasiya sahəsindəki əməkdaşlığı genişləndirmək vacibdir"

"Ermənistan Azərbaycanın torpaqlarını işğal edib, 1 milyondan artıq insan qaçqın düşüb. Ona görə də Azərbaycan hərbi sahə ilə yanaşı, informasiya sahəsində də mübarizə aparır". SİA-nın verdiyi məlumata görə, bunu Azərbaycan Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin əməkdaşı Bəhruz Həsənov Xalq Cümhuriyyətinin 100-cü ildönümü və Azərbaycan milli mətbuatının yaranmasının 143 illiyi münasibətilə Bakıda keçirilən Beynəlxaq Media Forumunda deyib.

O qeyd edib ki, erməni diaspor təşkilatları informasiya resurslarından istifadə etməklə Türkiyə və Azərbaycana qarşı məkrli niyyətlərini həyata keçirirlər: "Biz onlara qarşı ciddi şəkildə mübarizə aparırıq. Türkiyə ilə Azərbaycan arasında informasiya sahəsindəki əməkdaşlığı genişləndirmək vacibdir".

Prezident Administrasiyasının rəsmisi vurğulayıb ki, bəzi hallarda böyük dövlətlər də informasiya müharibəsinə qoşulurlar: "Həmin dövlətlərin media orqanlarında Azərbaycan və Türkiyə əleyhinə yazılar dərc edilir. Biz birgə əməkdaşlıqla bu cür addımların qarşısını ala bilərik".

B.Həsənov qeyd edib ki, 2016-cı ilin iyulun 15-də Türkiyədə dövlət çevrilişinə cəhd zamanı media xalqın və dövlətin yanında olub: "Bu, çox önəmlidir. Medianın xalqla dövlət arasında körpü rolunu oynaması çevrilişin qarşısını aldı. Türkiyənin dövlət rəsmiləri media vasitəsilə xalq müraciət etdilər, onları birliyə çağırdılar".

Xatırladaq ki, forumun təşkilatçıları Türkiyənin Azərbaycandakı səfirliyi, Anadolu Yayımçılar Dərnəyi, “Yeni Çağ” Media Qrupu və Mətbuat Şurasıdır.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə