“Pul azalanda "jurnalistlərin", "siyasətçilərin" əsl siması üzə çıxır” MÜNASİBƏT

“Azərbaycan əleyhinə apardıqları kampaniyanın müqabilində hər il jurnalist və siyasətçi adı ilə bəzi beynəlxalq qurumlardan böyük miqdarda qrant alanlar arasında qarşıdurmanın pik həddə çatıb”. Məsələ ilə bağlı SİA-ya açıqlama verən internet-media eksperti Səbuhi Abbasov bu biabırçılığın mütəmadi olaraq baş verdiyini deyib.

Onun sözlərinə görə, dünyanın güc mərkəzləri, beynəlxalq təşkilatlar QHT və media adamlarına, bütövlükdə vətəndaş cəmiyyətinə çox böyük önəm verir: “Bütün cəmiyyətlərdə bu iki sektor demokratiyanın daşıyıcıları və yayıcıları funksiyasını daşıyırlar. Bu mənada hər bir sağlam iqtidar vətəndaş cəmiyyətin inkişafında maraqlıdır. Azərbaycanda da III Sektor və IV hakimiyyətin inkişafı üçün bütün şərait yaradılıb. Amma və lakin təəssüflə qeyd etməliyik ki, jurnalist, bloqqerlik fəaliyyəti adı altında dağıdıcı niyyətlərin həyata keçirilməsi nəticəsində dünyada bir neçə ölkə xəritədən silinmək üzrədir. Milli-mənəvi dəyərləri, dövlətçilik prinsiplərini arxa plana atan, öz şəxsi maraqlarını ön plana daşıyan bəzi "jurnalistlər" təbii ki, bunu müvafiq qrant müqabilində edirlər. Bu hər zaman belə olub.

Bəzi sadəlövh insanlar elə bilirlər ki, xaricə, erməni lobbisi tərəfindən "ezam" olunmuş sapı özümüzdən olan baltalar ədalətə xidmət edirlər. Təbii ki onların sosial mediadakı çağırışlarını ədalət harayı kimi qəbul edənlər də var. Amma bir şeyi mütləq şəkildə bilməliyik. Onlar yazdıqları hər statusa, etdikləri hər tərbiyəsizliyə görə erməni ağaları qarşısında günaşırı hesabat verib pullarını alırlar. Reallıq budur. İndi vəsaitlər azalıb, qrantların çərçivəsi daralır. Çünki hazırda ölkəmizdə hər hansı seçki prosesi getmir, beynəlxalq siyasi proses reallaşmır. Belə olan təqdirdə qrant vermək də mənasızlaşır. Pul azalanda isə bu "jurnalistlərin", "siyasətçilərin" əsl siması üzə çıxır. Bir şeyi unutmamalıyıq. Bu gün hər bir Azərbaycanlı haqqında ən çox düşünən siyasətçi cənab İlham Əliyevdir. Əsl jurnalistlər isə onun ətrafında sıx birləşməli, dövlətimizi uçuruma aparan yolların qarşısını kəsməlidirlər".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə