“Freedom House”un yazdıqları hüquqi əsaslara söykənmir” MÖVQE

“Freedom House” bir qeyri-hökumət təşkilatıdır. O və ona bənzər bəzi qurumlar 20 ildən artıqdır Azərbaycan Respublikası haqqında qərəzli hesabatlar yaymaqla məşğuldur”. Bunu SİA-ya açıqlamasında Milli QHT Forumu İdarə Heyətinin üzvü Əkbər Qoşalı deyib.

Onun sözlərinə görə, Respublikamız haqqında dolğun bilgisi olmayan, onun-bunun yazdığını ictimailəşdirən bir qurumdan danışırıq: “Bəlkə belə QHT-lərin yaydığı “sənəd”ləri önəmsiməmək də olar. Necə ki, artıq millət vəkillərinin, dövlət xadimlərinin də “Freedom House” açıqlamalarına önəm verməməklə bağlı çağırışları səslənir, ancaq bəzi fikirləri bölüşməkdə fayda vardır.

Biz 100 il öncə Respublika tipli dövlət qurmuş xalqıq. Biz XX yüzilin əvvəllərində qadına hüquqlar vermiş Respublikayıq. Bu gün belə ölüm hökmünü ləğv etməyən, bir sıra gülməli - əslində faciəvi qanunları qüvvədə saxlayan ölkələrdən qidalanan, o ölkələrin ruporu olan, o ölkələrin maraqlarının təbliğatçısı qiyafəsində çıxış edən qurumların bizi “danlanmağ”ı özü qəribədir, qəbuledilməzdir. Həm də, qeyri-ixtiyari olaraq sual yaranır: Azərbaycan Respublikasının 20 faiz ərazisinin işğalına, o işğalın ağır nəticələrinə, əsir-girovlarımıza, qaçqın-köçkünlərimizə münasibətdə “Freedom House” hardadır, nəyin, kimin yanındadır?

Respublikamızda onlarla siyasi partiya, yüzlərlə KİV, minlərlə QHT və başqa vətəndaş cəmiyyəti institutları fəaliyyət göstərir. İnsan Hüquqları üzrə Müvəkkillik, AMEA-nın İnsan Hüquqları İnstitutu və b. qurumlar neçə ildir mövcuddur, çoxsaylı araşdırmalar aparılır. Dövlətin vətəndaş cəmiyyətinə konseptual münasibəti, gerçək dəstəyi var. Bax, bütün bu və bunun kimi hadisələr aydın şəkildə göstərir ki, özümüzün tənqid, araşdırma, həqiqəti üzə çıxarma institutlarımız var. Bu institutlar dünyada baş verən proseslərdən də hali olsa da, hansısa başqa ölkənin daxili işlərinə qarışmır, ikili standartlar tətbiq etmir, kiməsə ağıl öyrətmir, hansı ölkəni, qurum və quruluşlarısa “qara siyahı”ya salmır və s.

Ona görə də, o fikirlərlə razıyam ki, “Freedom House” kimi qurumların yazdıqları nə etik, nə hüquqi əsaslara söykənmir.

Bizim üzərimizə düşən, dövlətimizin qüdrətlənməsi, ərazi bütövlüyümüzün bərpası, demokratiyanın daha da güclənməsi, həqiqətlərimizin yayılması, Azərbaycanımızın dostlarının sayını keyfiyyət və kəmiyyətcə artırılması işində öz töhfələrimizlə dövlətimizin yanında olmaqdır”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə