Artur Rasi-zadə Dünya Bankının nümayəndələri ilə görüşüb

Sentyabrın 18-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə Dünya Bankı ilə Azərbaycan arasında əməkdaşlığın 25 illiyinə həsr olunmuş tədbirdə iştirak etmək üçün ölkəmizə səfərə gələn Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti Siril Müller, Cənubi Qafqaz üzrə regional direktoru xanım Mersi Tembor və Beynəlxalq Maliyyə Korporasiyasının Cənubi Qafqaz üzrə direktoru Yan Van Bilsen ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətinin məlumatında deyilir ki, Baş nazir Artur Rasi-zadə Dünya Bankı ilə Azərbaycan arasında əməkdaşlığın 25 illiyi münasibətilə təbriklərini çatdırıb. Ötən müddətdə Azərbaycan Hökuməti ilə Dünya Bankı arasında faydalı əməkdaşlığa görə təşəkkürünü bildirən Baş nazir həyata keçirilən layihələrin ölkəmizin iqtisadiyyatında mühüm əhəmiyyətini vurğulayıb.

Siril Müller qeyd edib ki, son 25 il ərzində Azərbaycan orta iqtisadi artım tempinə görə Avropa və Mərkəzi Asiya regionu üzrə qabaqcıl ölkədir. Azərbaycanın dayanıqlı inkişafa nail olmaq yolunda vacib addımlar atdığını diqqətə çatdıran S.Müller Dünya Bankının növbəti illərdə də bu prosesə töhfə verməkdə davam edəcəyini bildirib.

Söhbət zamanı Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi, aqrar sektorda ixrac potensialının artırılması, qeyri-neft sektorunun, kiçik və orta sahibkarlığın inkişafı, turizm imkanlarının genişləndirilməsi, yeni iş yerlərinin açılması və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə