Kimin nə qədər nüvə silahı var?

Nüvə silahı XX əsrdə dünya elminin kəşf etdiyi ən dağıdıcı silahdır. Real hərbi əməliyyatlarda bu silahdan yalnız bir dəfə - 1945-ci il avqustun 6-sı və 9-da Yaponiyanın Xirosima və Naqasaki şəhərlərində istifadə olunub. ABŞ təyyarələrinin Yaponiyanı sülhə təhrik etməsi üçün bu dəhşətli silahı tətbiq etməsi nəticəsində 300 min insan həlak olmuşdu. Məhz dağıdıcı gücünə görə müasir dünyada bir sıra dövlətlər, terroçu qruplaşmalar bu silahı öz arsenalında görmək istəyir. BMT-nin təşəbbüsü ilə imzalanan "Nüvə silahının yayılmaması barədə müqavilə"yə əsasən, nüvə dövlətləri 1967-ci il yanvarın 1-nə qədər nüvə sınaqları keçirən ölkələr hesab olunur. Bu tarixdən sonra sınaq keçirən ölkələrin nüvə dövləti olması qanunsuz elan olunub. Lakin dünya xəritəsinə diqqət yetirdikdə, 1967-ci ildən sonra da nüvə sınağı keçirən ölkələrin, hətta bunu gizli gerçəkləşdirən ölkələrin olduğunu görə bilərik.

Dünyanın nüvə dövlətlərinin siyahısını təqdim edirik.

ABŞ - dünyanın ilk nüvə dövlətidir. Məhz bu ölkə 1945-ci il iyulun 16-da Nyu-Meksiko ştatının Alamoqoro səhrasında 20 kilotonluq atom bombasının ilk sınağını keçirib. Hazırda ABŞ-ın arsenalında 7500 nüvə başlığı var.

SSRİ/Rusiya - tarixdə ikinci nüvə dövləti. 1949-cu il avqustun 29-da Qazaxıstanın Semipalatinsk poliqonunda 22 kilotonluq ilk sovet nüvə silahının sınağı keçirilib. SSRİ-nin süqutundan sonra bütün nüvə silahları onun varisi Rusiya Federasiyasına verilib. 8500 aktiv nüvə başlığı olan Rusiya dünyanın ən böyük nüvə dövlətidir.

Böyük Britaniya - ilk nüvə silahı sınaqlarını 1952-ci il oktyabrın 3-də Sakit okeanındakı Monte-Bello adasında həyata keçirib. Hazırda ölkə ərazisində 250-dən artıq nüvə başlığı saxlanılır.

Fransa - 1960-cı il fevralın 13-dən nüvə dövlətidir. Dəhşətli silahın ilk sınaqları o zamanlar Fransanın tərkibinə daxil olan Əlcəzairdə həyata keçirilib. Hazırda Fransa 290 aktiv nüvə başlığına malikdir.

Çin - 1964-cü il oktyabrın 16-da Lobnor gölü yaxınlığında 20 kilotonluq nüvə silahını sınaqdan keçirməklə nüvə dövlətləri ailəsinə daxil olan 5-ci ölkədir. Rəsmi Pekinin arsenalında 400-dən artıq nüvə başlığı var.

Adı sadalanan dövlətlər "köhnə nüvə dövlət"ləri hesab olunur. Onlar nüvə silahının yayılmaması barədə müqaviləni imzalayıblar. Lakin bəzi dövlətlər bu müqaviləyə qoşulmaqdan imtina edərək öz nüvə silahlarını yaradıblar.

Hindistan - müqavilədən kənar ilk nüvə dövlətidir. 1974-cü il mayın 18-də ilk nüvə sınağını gerçəkləşdirib. Hindistanın 100-ə yaxın nüvə başlığı var.

İsrail - 1979-cu il sentyabrın 22-də qeyri-rəsmi nüvə sınağı keçirib. Xarici kəşfiyyat məlumatlarına əsasən, 200 nüvə başlığı olan yəhudi dövləti rəsmi şəkildə bunu təsdiqləmir.

Pakistan - 1998-ci il mayın 28-dən nüvə dövləti sayılır. Arsenalında 110 nüvə başlığı olan Pakisan həm də nüvə silahına sahib olan ilk və yeganə müsəlman dövlətidir.

Şimali Koreya - 2006-cı il oktyabrın 9-da ilk dəfə nüvə sınağı həyata keçirib. 2003-cü ilə qədər "Nüvə silahının yayılmaması haqda müqavilə"yə üzv olan sosialist ölkə təxminən 10 nüvə başlığına sahibdir.

MAQATE və "Nüvə silahının yayılmaması haqda müqavilə" bu dəhşətli silaha sahib olmaq istəyən ölkələrin planlarını ləngitsə də, tam şəkildə bunun qarşısını ala bilməyib. Beynəlxalq ekspertlərin fikrincə, yaxın 5-10 il ərzində İran, Yaponiya, Kanda, Almaniya, Braziliya, Misir və Səudiyyə Ərəbistanı da nüvə dövlətlərinə çevrilə bilər.

Qeyd olunmalıdır ki, ABŞ-ın nüvə potensilaının bir hissəsi - NATO üzvlərində və müttəfiq ölkələrdə yerləşdirilib. Almaniya, Türkiyə, İtaliya, Belçika, Hollandiya, Kanada, Cənubi Koreya və Yaponiyada ABŞ-ın nüvə potensialının bir hissəsi yerləşdirilib.

Bütün dövlətlər nüvə silahına malik olmaq isməmir. Tarixdə nüvə silahından könüllü imtina edən dövlətlər də var. Məsələn, Lissabon protokoluna əsasən, Ukrayna, Qazaxıstan və Belarus ərazilərindəki nüvə silahlarını könüllü əsasda Rusiyaya təhvil veriblər, yaxud məhv ediblər. Argentina, Braziliya və Cənubi Afrika Respublikası da könüllü əsasda nüvə texnologiyası tədqiqatlarından imtina edərək, "Nüvə silahının yayılmaması barədə müqavilə"yə qoşulublar.

Sonda nüvə silahı barədə 2 görkəmli tarixi şəxsiyyətin 2 fərqli fikrinə nəzər salaq:

"Mən bilmirəm 3-cü dünya müharibəsində hansı silahlarla vuruşacaqlar, amma əminəm ki, 4-cü dünya müharibəsində bu daş və dəyənək olacaq" - Albert Eynşteyn (1921-ci il - fizika üzrə Nobel mükafatı laureatı).

"Nüvə silahı olmayan dünya hamımız üçün qeyri-stabil və daha təhlükəli olacaq"- Marqaret Tetçer (1978-1990-ci illərdə İngiltərənin baş naziri).

loading...