169 nəfər barəsində narkotiklə bağlı tədbir görülüb

Cari ilin ilk 8 ayı ərzində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 169 nəfər barəsində müvafiq tədbirlər görülüb. SİA xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev "Gömrük orqanlarında aparılan islahatlar və nəticələr" mövzusunda keçirilən mətbuat konfransında deyib.

Komitə sədri bildirib ki, 169 nəfərdən 143-ü kişi və 26-sı qadın, 132 nəfər Azərbaycan vətəndaşı və 37 nəfər əcnəbi olmaqla (29 İran, 5 Rusiya, bir Türkiyə, bir ABŞ və bir Qazaxıstan vətəndaşı) barəsində müvafiq tədbirlər görülüb, 17 halda bu əməlləri törədən cinayətkar dəstə ifşa edilib.

“Narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları 129 halda İrandan, 4 halda Rusiyadan, bir halda Gürcüstandan və Qazaxıstandan Azərbaycana, poçt göndərişləri vasitəsilə isə bir halda ABŞ-dan və İspaniyadan Azərbaycana, 3 halda Almaniyadan Azərbaycana gətirilərkən, bir halda Gürcüstana aparılarkən, 6 halda isə tranzit yolla (2 halda İran-Azərbaycan-Rusiya, bir halda İran-Azərbaycan-Gürcüstan, bir halda İran-Azərbaycan-Rusiya-Belarus-Polşa-Almaniya-Niderland, bir halda İran-Azərbaycan-Türkiyə və bir halda İran-Azərbaycan-Rusiya-Polşa istiqamətlərində) keçirilərkən saxlanılıb”, - deyə S.Mehdiyev əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə