Xaçmazda AXC-nin 100 illiyinə həsr olunmuş elmi-nəzəri konfrans keçirilib

Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatının nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına İdeoloji Mərkəzdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş elmi-nəzəri konfrans keçirilib.

Konfransı giriş sözü ilə YAP Xaçmaz rayon təşkilatının sədr müavini Sevinc Sədullayeva açaraq, AXC-nin yaranmasının Azərbaycanın gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırladığını vurğulayıb. O, Prezident İlham Əliyevin 2018-ci ilin ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan olunması və Cümhuriyyətin 100 illik yubileyinin yüksək səviyyədə qeyd edilməsi ilə bağlı sərəncamlarını diqqətə çatdırıb. AXC-nin tarixi və əldə etdiyi mühüm uğurlar barədə danışan S.Sədullayeva 1918-1920-ci illərin xalqımızın tarixinin ən parlaq səhifələrindən biri olduğunu bildirib. Qeyd edib ki, Azərbaycan dövlətçilik ənənələrinin və milli dövlətçilik şüurunun qorunmasında mühüm rolu olan Azərbaycan Xalq Cümhuriyyəti 23 ay mövcud olsa da, qısa müddətdə genişmiqyaslı demokratik islahatlar həyata keçirib. O, AXC-nin hüquqi varisi olan müstəqil respublikamızın Cümhuriyyət dövrünün demokratik dəyərlərinə sadiq qalaraq, sürətlə inkişaf etdiyini diqqətə çatdırıb.

Gənc Heydərçilərin ifasında Dövlət Himni səsləndirilib.

Konfransda Cavad Mehmanov "Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində ilk demokratik respublika", Amil Rəhimov "Müstəqil Azərbaycan Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir", Kazım Balakişiyev "Şərqdə ilk parlamentli respublika" mövzularında məruzələrlə çıxış ediblər.

Sonda gənc Heydərçilərin ifasında Azərbaycan Xalq Cümhuriyyətinə, eləcə də, müasir müstəqil Azərbaycana həsr olunmuş şeirlər dinlənilib.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...