BSU-da seminar: “Şarl Moris de Taleyran-Periqorun diplomatik protreti”

Bu gün Bakı Slavyan Universitetində (BSU) “Şarl Moris de Taleyran-Periqorun diplomatik protreti” mövzusunda elmi seminar təşkil olunub. BSU-dan bildirilib ki, tədbirdə universitetin tərbiyə işləri üzrə prorektoru, dosent Xanım Sultanova bu ali təhsil ocağında gənclər üçün faydalı ola biləcək mövzularda keçirilən elmi seminarların artıq ənənə halı aldığını vurğulayıb. O, XVIII əsrin məşhur Fransa dövlət xadimi və diplomatı Şarl Moris de Taleyran-Periqorun dünya diplomatiyası tarixindəki rolundan bəhs edib, seminarın işinə uğurlar arzulayıb.

Diplomatiya və xarici siyasət kafedrasının müdiri, dosent Əsgər Əhməd müəllimlər tərəfindən mütəmadi olaraq aktual mövzulara həsr edilən “dəyirmi masa”, diskussiya və elmi seminarların keçirildiyini bildirib. O, Fransa dövlət siyasətində, habelə Avropanın yeni xəritəsinin hazırlanmasında Şarl Moris de Taleyran-Periqorun rolundan danışıb, gəncləri mövzu ətrafında müzakirəyə çağırıb.

Sonra diplomatiya və xarici siyasət kafedrasının dosenti Nigar Bayramovanın “Şarl Moris de Taleyran-Periqorun diplomatik protreti” mövzusunda məruzəsi dinlənilib. Məruzədə Şarl Moris de Taleyran-Periqorun diplomatik fəaliyyəti, 1789-cu il Fransa inqilabı dövründə siyasətə qoşulması, onun I Napoleonun hakimiyyətə gəlməsinə kömək göstərməsi barədə iştirakçılara məlumat verib. Qeyd edilib ki, Şarl Moris de Taleyran-Periqor 1797-ci ildə mühacirətdən qayıtdıqdan sonra Fransa xarici işlər naziri olub. Məşhur diplomat 1814-cü ildə siyasi kursu dəyişərək, Burbonların hakimiyyətə qayıtmasını dəstəkləyib.

N.Bayramova diqqətə çatdırıb ki, Şarl Moris de Taleyran-Periqor müxtəlif ittihamlarla günahlandırılsa da daim Fransanın taleyini, onun təhlükəsiz gələcəyini düşünüb. Şarl Moris de Taleyran-Periqorun çevik və inamlı siyasətçi olduğunu deyən məruzəçi onun həyatı ilə bağlı yazılan xatirələri diqqətə çatdırıb.

Sonda tələbələrin sualları cavablandırılıb.

loading...